Məhkəmə qərarları › İş №3(007)-2487/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2487/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2487/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Kürdəmir rayonunun Beyi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonunun Beyi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Cavid küçəsi, ev 42-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 04 may 2023-cü il tarixdə Q.Qarayev prospekti, 74 ünvanında sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 04 may 2023-cü il tarixdə saat təxminən 01:30 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında polis əməkdaşları ona yaxınlaşmış və şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. O, həmin vaxt yeyib-içməkdən çıxmış, evə getmək istəmişdir. Şəxsiyyətini təsdiq edən sənədin üstündə olmadığını bildirmişdir. Polislər buna görə polis şöbəsinə getməli olduğunu demişlər. O, etiraz etməyib polislərin xidməti avtomobilinə oturmuş və yola düşmüşlər. Polis şöbəsinə gedən vaxt yolda sözlə mübahisələri olmuş, onun əsassız yerə polis şöbəsinə aparıldığını polislərə irad bildirmişdir. İstər həmin vaxt, istərsə də polislər tərəfindən metrostansiyanın yaxınlığında saxlanılarkən onlara qarşı qanunsuz hərəkətə yol verməmiş, polislərin tələbinə tabe olmaqdan imtina etməmişdir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X10 Alayının 5-ci patrul bölüyünün polis nəfəri X6 izahatında göstərmişdir ki, 04 may 2023-cü il tarixdə Bakı şəhəri, Q.Qarayev prospekti, 74 ünvanında, “Neftçilər” metrostansiyası yaxınlığında xidmətdə olmuşlar. Saat 01:30 radələrində əlində zərli qadın çantası olan bir nəfər şəxsin olduğunu görmüşlər, həmin şəxsin hərəkətləri şübhəli olduğuna görə ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuş, özünü təqdim etməsini təklif etmişlər. Lakin, həmin şəxs sənədi olmadığını bildirmişdir. Bundan sonra şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə həmin şəxsə polis şöbəsinə getməli olduğunu demişlər. Həmin şəxs avtopatrula oturaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Yolda olarkən və polis şöbəsində içkili vəziyyətdə olan həmin şəxs özünü aqressiv aparmış, onlara əl-qol atmışdır. 24-cü polis şöbəsində raport yazmaqla onun barəsində tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X10 Alayının 5-ci patrul bölüyünün polis nəfəri X7, şahid S.Y.Ağalarovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol, həmin şəxsin 04 may 2023-cü il tarixdə Q.Qarayev prospekti, 74 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Hansı ki, məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin və raport yazmış polis əməkdaşlarının özlərinin izahatları ilə həmin hal öz təsdiqini tapmamışdır. Şəxs polis şöbəsinə aparılarkən xidməti avtopatrulda və 24-cü polis şöbəsinin inzibati binasında hansısa qanunsuz hərəkətə yol veməsi inzibati xəta haqqında protokolda öz əksini tapmamaqla, protokol bununla bağlı tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin, qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, bundan başqa, o, məhkəmə iclas zalında dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar