Məhkəmə qərarları › İş №3(007)-2488/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2488/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2488/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1964-cü ildə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİnin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 06.10.2021-ci il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Alov” parkında PPXB-nün əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı R.G.Hüseynov tərəfindən 06.10.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, “Alov” parkının yaxınlığında limon satışı ilə məşğul olur. Axşam ona zəng edib sabah səhər 23-cü Polis Bölməsinin rəisinin qəbuluna gedəcəyini və nə sözü varsa rəisə deməsini bildirmişlər. Bu məqsədlə o, 06.10.2021-ci il tarixdə “Alov” parkının yaxınlığına getmişdir. O, həmin gün küçə ticarəti ilə məşğul olmamış və onun üzərində hər hansı bir mal olmamışdır. O və Nargilə Yusif və Müşfiq adlı polis əməkdaşları ilə birlikdə şəxsi avtomobillə 23-cü PB-nə getmişlər. Orada onları rəis qəbul etməmiş, barələrində protokol tərtib edib məhkəməyə gətirmişlər. Onu aldatmışlar. O, polis əməkdaşlarına qarşı hər-hansı bir tabesizlik göstərməmiş, söyüş söyməmiş, əl-qol atmamışdır. Himayəsində xəstə oğlu, nəvələri var, özü onkologiyada qeydiyyatdadır, uşaqların gündəlik və məktəb xərclərini qarşılamaq üçün işləyir. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün manqa komandiri X7 izahat verərək bildirmişdir ki, Şəxs və X4 uzun illərdir ki, qanunsuz küçə ticarəti ilə məşğul olurlar. 06.10.2021-ci il tarixdə xidmətdə olan zaman saat 08:30 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Alov” parkında Şəxs və Səlimova Nargiləyə yaxınlaşıb müəyyən olunmamış yerdə qanunsuz küçə ticarəti ilə məşğul olduqlarını izah edərək onlara irad bildirdikdə qanuni tələblərinə məhəl qoymayaraq onları nalayiq sözlərlə təhqir etmişlər. Onları bölməyə dəvət etdikdə tabesizlik göstərərək əl-qol hərəkətləri edərək üzərlərinə gəlib kobud şəkildə təhqir etmişlər. Sonra onları 23-cü PB-nə gətirmişlər. Şəxs və Səlimova Nargiləyə “8-ci km bazarı”nda yer verilməsi, orada ticarətlə məşğul olmaları təklif edilmiş, lakin onlar imtina etmişlər. Şəxs və Səlimova Nargiləyə qanunsuz küçə ticarəti ilə məşğul olmamaları barədə dəfələrlə xəbərdarlıq etmişlər, lakin hər dəfə onları söyüb təhqir etmişlər. Məhkəmə iclasında şahidlər Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri X5 və taqım komandiri X2 şahid X7 ilə oxşar məzmunda izahat vermişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, polis əməldaşlarını nalayiq ifadələrlə təhqir etməsi öz təsdiqini tapmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı R.G.Hüseynov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1964-cü ildə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar