Məhkəmə qərarları › İş №3(007)-2494/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2494/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2494/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin böyük məsləhətçisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 və Şəxs MMC-nin direktoru X5 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının X2 Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X2 Bakı regional bölməsindən daxil olmuş materiala əsasən Şəxs MMC 16.07.2020-ci il tarixli, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal etdiyi qida məhsullarını qida təhlükəsizliyi sertifikatını almadan satmışdır (24.08.2021-ci il, ünvan 1). Bu barədə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin böyük məsləhətçisi N.M.Qasımov tərəfindən 04.10.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin böyük məsləhətçisi X10 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC 16.07.2020-ci il tarixdə ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinə müraciət etmişdir. 07.08.2020-ci il tarixdə məhsullar idxal olunmuşdur. 11.08.2020-ci il tarixdə idxal olunmuş qida məhsullarından nümunə götürülmüş, laboratoriya müayinəsi aparılmış, laboratoriya xərclərini ödəmişlər. Qanunda nəzərdə tutulmuş 20 manat dövlət rüsumunun ödənilməsi üçün 25.10.2020-ci il tarixdə X1 İnformasiya sistemi üzərindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmişdir. Lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilmədiyindən idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. İdxal olunmuş qida məhsullarının son istifadə müddəti 15.07.2021-ci il tarix olduğu üçün, inzibati xətanın aşkar edilmə vaxtı 2021-ci ilin iyul ayıdır. Şəxs MMC-yə 23.07.2021-ci il tarixli bildiriş göndərilərək ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 24.08.2021-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş edilmiş, həmin müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi bildirilmişdir. Şəxs MMC tərəfindən həmin məhsullar barəsində hər-hansı bir məlumat verilməmişdir. 01.10.2021-ci il tarixdə onun və Nizami RİH-nin Keşlə qəsəbəsi üzrə nümayəndəsinin müavini ilə idxal olunmuş qida məhsullarının saxlanıldığı ünvan 1 ünvana getmişlər, anbara baxış keçirtmək mümkün olmamış, ərizədə qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın yeri müəyyən olunmamış və məhsul partiyası aşkar olunmamışdır. Bununla da belə nəticəyə gəlmişlər ki, məhsul satılmışdır. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X6 bildirmişdir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən 04.10.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsindən məlumatı olmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin Şəxs MMC-nin ünvanına göndərdiyi 17 sentyabr 2021-ci il tarixli, 23/1/SSN- 9462-11 nömrəli bildiriş MMC-yə təqdim olunmamışdır. Göndərilən bildirişdə qeyd olunur ki, MMC-nin ünvanına 23 iyul 2021-ci il tarixdə məktub göndərilmiş, lakin MMC tərəfindən Agentliyə hər hansı məlumat verilməmişdir. Qeyd olunan məktub MMC tərəfindən alınmamışdır. Bundan başqa Şəxs MMC-nin fəaliyyəti 2020-ci ilin noyabr ayından dayandırılmışdır. Digər tərəfdən bildirişdə qeyd olunur ki, MMC-nin 16 iyul 2020-ci il tarixli müraciətinə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən baxılmışdır. Faktiki olaraq hadisənin 2020-ci ilin iyul ayında baş verməsi müəyyən olunur. Şəxs MMCnin Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X8 bildirmişdir ki, ölkəyə yeyinti məhsullarının idxal olunması, həmin yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı müraciətin edilməsi ondan əvvəlki direktorun dövründə olmuşdur, onun heç nədən xəbəri yoxdur. Tərtib olunmuş inzibti xəta haqqında protokol və X2 Bakı regional bölməsi tərəfindən göndərilmiş bildirişləri almamışdır. Bundan başqa Şəxs MMC 2020-ci ilin noyabr ayında fəaliyyətini dayandırmışdır. Məhkəmədən göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 23.07.2021-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin 16.07.2020-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 23.07.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə olan 16.07.2020-ci il tarixli, İD********** nömrəli müraciətinə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsində baxılmışdır. Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi üçün X1 İnformasiya sistemi üzərindən şəxsi kabinetə ödəniş bildirişi göndərilmiş, lakin dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilməmişdir. MMC-dən müraciəti əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 24.08.2021-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş edilmiş, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraata başlanılacağı bildirilmişdir. - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 17.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə bildirişdən görünür ki, Şəxs MMC-nin səlahiyyətli şəxsinin 04.10.2021-ci il tarixdə saat 11:00-da Agentliyin Bakı regional bölməsinə gəlməsinin zəruri olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin böyük məsləhətçisi N.M.Qasımov və Nizami RİH-nin Keşlə qəsəbəsi üzrə nümayəndəsinin müavini R.E.Cəlilov tərəfindən tərtib edilmiş 01.10.2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən 16.07.2020-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idxal olunmuş qida məhsulunun saxlandığı anbara baxış keçirtmək mümkün olmamış, ərizədə qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın yeri dəqiq müəyyən olunmamış və məhsul partiyası aşkar olunmamışdır. - "xxxx" Firmasının adından X11 ilə Şəxs MMC-nin adından X4 arasında bağlanmış 10.09.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" Firmasının adından X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2829,1 kv/m olan sahədən 100 kv/m hissəsini icarəçi Şəxs MMC-yə icarəyə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması sübuta yetirilmədi. Həmçinin iş materiallarına Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış inzibati xəta haqqında protokolun göndərilməsi, idxal olunmuş qida məhsulları barədə məlumat verilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə bildirişlər əlavə edilsə də həmin bildirişlərin Şəxs MMC-nin səlahiyyətli şəxsi tərəfindən qəbul edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar