Məhkəmə qərarları › İş №3(007)-2498/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2498/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2498/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi ev 179, mənzil 78-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1.3-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 30 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 30 avqust 2022-ci il tarixdə saat 17:05-də idarə etdiyi “Mitsubishi Pajero minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş, suallara cavab olaraq isə göstərmişdir ki, protokolda qeyd olunmasa da, sürücü Şəxs manevr qaydalarını pozmuş və avtoxuliqanlıq etmişdir, sürücünün təhlükəli manevr etməsinə dair videogörüntü olmuş, lakin onu itirmişlər. Sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtündürməmiş və asfalt üzərində iz buraxmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, heç bir avtoxuliqanlıq hərəkətinə yol verməmişdir, buna dair sübut yoxdur. Yalnız manevr qaydasını pozmuşdur ki, buna görə səmimi peşmandır. Avtoxuliqanlıq etmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs məhz hansı inzibati xətanı törətdiyi qeyd olunmamış, inzibati xətanın mahiyyəti göstərilməmiş, yalnız şəxsin məsuliyyətə cəlb edildiyi maddələrin adı qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində hər hansı sübut protokola əlavə edilməmiş, eləcə də məhkəmədə işə baxılarkən təqdim olunmamışdır. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın pozulmasını müəyyən etmək mümkün olmamışdır. Sözügedən maddənin dispozisiyasından görünür ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, əməlin Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə əhatə olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətləri mövcud olmalıdır. Hansı ki, Şəxs 30 avqust 2022-ci il tarixdə saat 17:05-də idarə etdiyi “Mitsubishi Pajero minik” markalı **- HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarması və ya yolun səthində çoxsaylı təkər izləri buraxması ilə bağlı sübutlar birmənalı olaraq əldə edilməmişdir, mövcud deyildir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, onun barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar