Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-250/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X9 nümayəndəsi X4 iştirakı ilə, Heydər Əliyev adına X10 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən Heydər Əliyev adına X9 ünvanına İtaliyadan 27P0411/34CFM668 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X.Ş.Səlimzadə tərəfindən 19.01.2022-ci il tarixdə, 00100-0140/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X9 nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Heydər Əliyev adına X10 barəsində tərtib edilmiş 19.01.2022-ci il tarixli inzibati xəta haqqında 00100-0140/22 nömrəli protokoldan görünür ki, Zavodun ünvanına İtaliyadan 27P0411/34CFM668 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********4919 sorğu nömrəli 06.01.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Zavodun ünvanına İtaliyadan idxal edilmiş malların daşındığı 27P0411/34CFM668 nömrəli yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə 31.12.2021-ci il tarixdə saat 22:11-də daxil olmuş, lakin həmin nəqliyyat vasitəsində ölkə ərazisinə gətirilən mallara dair tərtib edilmiş elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. İnzibati xətanın törədilməsi faktı 06.01.2022-ci il tarixdə Zavod tərəfindən gömrük bəyənnaməsi təqdim edilən zaman aşkar olunmuş olsa da inzibati xəta haqqında protokol qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə, yəni 19.01.2022-ci il tarixdə tərtib edilmişdir (inzibati araşdırma aparılmasına dair qərardad qəbul edilib-edilmədiyi müəyyən olunmur). Bundan başqa inzibati xəta haqqında 19.01.2022-ci il tarixli, 00100-0140/22 nömrəli protokoldan görünür ki, həmin protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Belə ki, İnzibati xəta haqqında 19.01.2022-ci il tarixli, 00100-0140/22 nömrəli protokol Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, g/x kapitanı X3 tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 448, 449 (idxala münasibətdə), 506 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı kimi müəyyən olunmuşdur: 1) Komitənin sədri, onun müavinləri; 2) X5-İstintaq baş idarəsinin rəisi, onun müavinləri, həmin baş idarənin idarə, şöbə (bölmə) rəisləri; 3) Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini. Komitə sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri, onların müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar. Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər aşağıdakı kimi göstərilmişdir: Həmin Siyahının 7.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 231.1, 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 479 (Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 480 - 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin sədri, onun müavinləri, X2-İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri; Həmin Siyahının 7.2-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə), 484, 487.1.1, 487.1.2, 487.2, 487.3, 488, 490, 493, 499.1.1, 499.1.2 və 500-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - X2-İstintaq Baş İdarəsinin şöbə (bölmə) rəisləri, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin idarə, şöbə və bölmə rəisləri, onların müavinləri, gömrük postlarının rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar. Siyahıdan da göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Komitənin sədri, onun müavinləri, X2- İstintaq Baş İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük idarələrinin və gömrük postlarının rəisləri və onların müavinləri tərəfindən baxılır. İnzibati Xətalar Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinin tələbinə görə hüquqi şəxslər tərəfindən inzibati xəta törədildiyi halda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan şəxslərin dairəsi 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanla dəqiq müəyyən olunmuş, lakin Heydər Əliyev adına X10 hüquqi şəxs olduğundan qanunvericiliyin tələbinə görə Zavod barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmək səlahiyyətinin olmaması Azərbaycan Respublikası Prezidentinin 1361 nömrəli, 03 may 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahıdan müəyyən olunur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan şəxslərin dairəsi Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda tam əks olunduğundan həmin inzibati xətaya dair protokol da həmin Siyahıda göstərilmiş vəzifəli şəxslər tərəfindən tərtib edilməli idi. Göstərilənlərə əsasən məhkəmədən Heydər Əliyev adına X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbinin pozulmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 19.01.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol qanununvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən onu tərtib etmiş orqana geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında 17.01.2022-ci il tarixli protokoldan görünür ki, Heydər Əliyev adına X9 ünvanına İtaliyadan idxal edilmiş malların daşındığı 27P0411/34CFM668 nömrə nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə 31.12.2021-ci il tarixdə saat 22:11-də daxil olmuş, lakin həmin mallara dair elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Heydər Əliyev adına X10 tərəfindən Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Heydər Əliyev adına X9 ünvanına göndərilmiş mallar 31.12.2021-ci il tarixdə saat 22:11-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin Heydər Əliyev adına X10 tərəfindən həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə həmçinin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilən təhqiqatçının protokol tərtib etmək səlahiyyətinin olmaması ilə bağlı xüsusatla əlaqədar qeyd edir ki, ümumiyyətlə İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti İXMnin 43.1-ci maddəsində birbaşa olaraq məhkəmələrə aid edilməmişdir. Hazırkı inzibati xəta haqqında iş məhkəməyə ona görə göndərilmişdir ki, İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 03.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda İXM-nin 485.2-ci maddəsi üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər birbaşa göstərilməmişdir. Bununla belə İXM-nin digər maddəsi üzrə olsa da, həmin “Siyahı”nın 46.1-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsi adından təhqiqatçıların da protokol tərtib etmək səlahiyyətləri müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 23.02.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.2-ci bəndinə əsasən Dövlət Gömrük Komitəsi adından təhqiqatçıların da inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti ilə, inzibati xəta haqqında işə baxıb inzibati tənbeh tətbiq etmək səlahiyyəti bir-birindən fərqli münasibətlərdir. Belə ki, ola bilər ki, bir vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olsun, lakin həmin protokol üzrə qərar qəbul etmək səlahiyyəti olmasın. Məhz elə buna görə də rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan şəxslər həmin inzibati xətalara baxmaq səlahiyyəti olmadığı üçün, işi məhkəməyə göndərir. Hazırkı inzibati xəta haqqında iş üzrə qeyd edilməlidir ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 1-ci bəndinə əsasən Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na uyğun olaraq, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan həmin Siyahıda göstərilən vəzifəli şəxslər Məcəllənin 43.3-cü maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Hazırkı inzibati xəta haqqında iş Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslara görə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxs, yəni Bakı Baş Gömrük İdarəsinin rəisinin 19.01.2022-ci il tarixli qərardadı ilə məhkəməyə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisinin isə hazırkı iş üzrə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 7.1-ci bəndinə əsasən hazırkı protokolda göstərilən İXM-nin maddəsi üzrə inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmuşdur. Ona görə də həmin şəxs hazırkı iş üzrə protokola özü tərəfindən baxılıb inzibati tənbeh qərarı çıxarmamış və işi İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu üçün məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmişdir. Qeyd edilənlərə əsasən iş üzrə məhkəməyədək icraat zamanı İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına yol verilən hallar aşkar edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Heydər Əliyev adına X9 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Heydər Əliyev adına X9 Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Heydər Əliyev adına X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-250/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-250/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver