Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2502/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tibbi nəzarət şöbəsinin baş mütəxəssisi X4, həmin orqanın nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 35 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5ndən daxil olmuş 01 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, 01 may 2023-cü il tarixdə saat 12:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar laboratoriya işinə aid sahələr və vəsaitlər aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil inzibati xəta haqqında protokola yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin AR İXM-nin 215.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə iş vardır. Hesab edirlər ki, həmin protokol üzrə Şirkətin İXM-nin 215.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi tamamilə əsassız və qanunsuzdur. Şirkət uzun illərdir ünvan 2 ünvanında yerləşən əsas klinikasında tibbi fəaliyyətlə məşğuldur. Müxtəlif növ tibbi fəaliyyəti həyata keçirmək üçün Şirkətin 089376 nömrəli 23 aprel 2016-cı il tarixli Lisenziyası mövcuddur. Həmin Lisenziyanın əlavəsi olan siyahıdan da göründüyü kimi yuxarıda qeyd edilən ünvanda Şirkət tərəfindən ambulator tibbi xidmət növü olaraq laboratoriya (klinik, klinik-biokimyəvi, immunogenetik) xidməti də həyata keçirilir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, xəstələrdən qan nümunələrinin alınması lisenziyalaşdırılmış fəaliyyət növü deyildir və buna görə də həmin siyahıda bununla bağlı hər hansı qeyd yoxdur. Şirkətin qeyd edilən ünvandakı əsas klinikasından başqa ünvan 3 ünvanında yerləşən şöbəsi də vardır. Həmin şöbə üzrə verilən siyahıdan da göründüyü kimi tibbi xidmət həmin ünvanda terapiya (terapevtik), şüa diaqnostikası (ultrasəs müayinəsi) fəaliyyəti həyata keçirilir. Bununla belə xəstələrdən qan nümunələrinin alınması lisenziyalaşdırılmış fəaliyyət növü olmadığından bu barədə siyahıda müvafiq olaraq qeyd yoxdur. Lakin Səhiyyə Nazirliyinin X5 hesab edir ki, xəstələrdən qan nümunələrinin götürülməsi laboratoriya fəaliyyətidir. Halbuki, qanunvericilikdə bu barədə ümumiyyətlə norma və göstəriş yoxdur. X2 bu ideyasını təkzib edən faktlar həmin Mərkəzin özünün tərtib etdiyi 286 nömrəli aktında göstərmişdir. Belə ki, həmin aktda aşağıdakı faktlar qeyd edilir: “Yoxlama zamanı laborator nümunələrinin götürülməsi üçün sahələrin yaradıldığı müşahidə edildi”. “Laborator nümunələrin müayinəsi üçün yaradılmış sahədə cari olaraq cihazlar yoxdur”. Göründüyü kimi X5 özü də təsdiq edir ki, həmin şöbədə laboratoriya fəaliyyəti həyata keçirilmir, sadəcə olaraq xəstələrdən qan nümunələri götürülür və götürülmüş həmin nümunələr üzərində laborator sınaqların keçirilməsi üçün cihazlar yoxdur. Şirkətin ünvan 4 ünvanında yerləşən əsas klinikasında qan nümunələrinin laboratoriya müayinələrinin aparılması üçün müvafiq avadanlıqlar mövcuddur. Bu avadanlıqlar kifayət qədər iri ölçülü avadanlllqar olduğundan məhz həmin ünvanda yerləşdirilmişdir. ünvan 3 ünvanında yerləşən şöbədə götürülən qan nümunələri müayinə olunmadan əsas klinikaya göndərilir və həmin nümunələrin müayinəsi məhz əsas klinikadakı bu avadanlıqlarda həyata keçirilir. Bu faktlar X2 tərtib etdiyi 286 nömrəli aktda və protokolda da qeyd edilmişdir. Belə ki, həmin aktda qeyd edilir: “Laborator nümunələrin müayinəsi üçün yaradılmış sahədə cari olaraq cihazlar yoxdur”. “....laboratoriya işinə aid ləvazimat və vasitələr aşkar edildi (vakuetlər, konteynerlər, qanalma qurğusu (kreslosu), kompyuterdə qeydiyyat işinin fotoları”. Protokolda isə Şirkətin direktoru X6 xüsusi olaraq qeyd edir: “Keçirilən yoxlama ilə əlaqədar onu qeyd edirəm ki, müşahidə edilən qanalma sahəsi yalnız nümunələrin götürülməsi (laborator) və Şəxs MMC-yə məxsus əsas klinikaya göndərilməsi üçün təşkil edilib.” Akta əlavə edilmiş fotoları da nəzərə alaraq burada laboratoriya işinə aid ləvazimat və vasitələr anlayışına aydınlıq gətirməyi zəruri hesab edirlər. Belə ki, vakuetlər - hər bir xəstəyə məxsus qan nümunəsinin götürülməsi və saxlanması üçün istifadə olunan xüsusi vakumlu, ağzı bağlı, germetik şüşə probirkalardır (internetdən çıxarış əlavə olunur). Vakuetlər müxtəlif ölçüdə və formada olur. Konteynerlər - qan nümunələrinin (vakuetlərin) daşınması üçün istifadə olunan xüsusi vasitədir. Qanalma qurğusu (kreslosu) - xəstələrdən qanın alınmasını asanlaşdıran xüsusi oturacaqdır. Kompyuterdə qeydiyyat - hər bir xəstədən alınan qan nümunəsi unikaldır və nümunələrin qarışıq düşməməsi üçün hər bir nümunənin üzərində xüsusi qeyd aparılır və kompyuterdə xəstə və ondan götürülmüş qan nümunələri haqqında mütləq qeydiyyat həyata keçirilir. Göstərilən faktlar bir daha onu təsdiq edir ki, Şirkətə məxsus ünvan 3 ünvanında yerləşən şöbədə laboratoriya fəaliyyəti təşkil edilməmişdir. Həmin şöbədə sadəcə olaraq xəstələrdən qan nümunələri götürlür, qeydiyyatı həyata keçirilir və laborator analizlərin aparılması üçün xüsusi konteynerlə Şirkətin əsas klinikasına göndərilir. Şirkətin əsas klinikasının isə laboratoriya fəaliyyəti üçün lisenziyası vardır. Göstərilənlərə baxmayaraq X1vericiliyi, sənədləri və faktları nəzərə almayaraq özünün məntiqi ilə hərəkət edərək hesab edir ki, şöbədə qanalma prosesi həyata keçirilirsə, deməli bu həmin ünvanda laboratoriya fəaliyyətidir və İXM-nin 215.1-ci maddəsinin tətbiq edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq və İXM-nin 53-cü, 105-ci maddələrini rəhbər tutaraq 3(007)-2502/2023 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tibbi nəzarət şöbəsinin baş mütəxəssisi X8 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, 01 may 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən Şəxs MMC-yə aid klinika şöbəsində yoxlamanın keçirilməsində və aktın tərtib olunmasında da iştirak etmişdir, yoxlama zamanı laborator nümunələrin müayinəsi üçün yaradılmış sahədə cihazlar aşkar olunmasa da, laborator nümunələrinin götürülməsi üçün sahələrin yaradıldığı müşahidə edilmişdir. Qan nümunəsinin götürülməsi laborator fəaliyyətdir və bunun üçün lisenziya alınmalıdır, lisensiyasız belə fəaliyyətin göstərilməsi inzibati məsuliyyətə səbəb olur. Yoxlama aparılan klinikanın 4 ixtisas növü üzrə fəaliyyət göstərməsinə icazə verən lisenziyası olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, yazılı etirazda göstərilənlərin hər hansı hüquqi əsası yoxdur, yoxlama zamanı Şəxs MMC-yə aid klinika şöbəsində laborator nümunələrin müayinəsi üçün yaradılmış sahədə cihazlar aşkar olunmamışdır, lakin orada laborator nümunələrinin götürülməsi üçün sahələrin yaradılmışdır. Qan nümunəsinin götürülməsi laborator fəaliyyətdir və bunun üçün lisenziya alınmalıdır. Laborator fəaliyyət nümunənin götürülməsindən və onun yoxlanılmasından ibarətdir. MMC-yə aid həmin klinikada isə bu fəaliyyətin bir hissəsi, yəni nümunənin götürülməsi həyata keçirilmişdir ki, bu da laborator fəaliyyət hesab olunur. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən şöbədə laboratoriya fəaliyyətinin təşkil edilmədiyini, həmin şöbədə sadəcə olaraq xəstələrdən qan nümunələri götürüldüyünü, qeydiyyatının həyata keçirildiyini, laborator analizlərin aparılması üçün xüsusi konteynerlə Şirkətin əsas klinikasına göndərildiyini, Şirkətin əsas klinikasının isə laboratoriya fəaliyyəti üçün lisenziyasının olduğunu nəzərə alaraq, irəli sürdükləri dəlillər və təqdim etdikləri sübutlar əsasında Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 baş direktorunun 18 aprel 2023-cü il tarixli 442 nömrəli qərarından görünür ki, 01 aprel 2023-cü il - 05 aprel 2023-cü il tarixlərdə ünvan 5 ünvanında yerləşən Şəxs MMC-nin (“Baku Clinic”) fəaliyyətinin planlı (növbəti) yoxlanılması qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin planlı (növbəti) yoxlanılmasının aparılması 17 aprel 2023-cü il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 əməkdaşları tərəfindən Şəxs MMCnin direktoru X3 iştirakı ilə tərtib etdikləri 01 may 2023-cü il tarixli 286 nömrəli planlı (növbəti) yoxlama aktından və digər sənədlərdən görünür ki, ünvan 5 ünvanında yerləşən Şəxs MMC-də (“Baku Clinic”) planlı (növbəti) yoxlama keçirilərkən qoyulmuş suallar üzrə lisenziyanın şərtlərinə riayət olunmadığı, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi müəyyən edilmişdir. Belə ki, yoxlamanın birinci sualı üzrə qeyd olunmuşdur ki, müəssisədə lisenziya əlavəsində göstərilən işlərə aid (Terapevtik, ultrasəs müayinəsi (USM)) tibbi fəaliyyət cari olaraq müşahidə edilmədi. Tibbi qeydiyyat işləri Şəxs MMC-nin vahid elektron proqram təminatı ilə icra olunur (FONET). Müəssisədə tibb fəaliyyəti üçün (terapevtik və USM) heç bir şərait yaradılmayıb və tibbi avadanlıqlar ilə təchiz olunmayıb. Yoxlama zamanı laborator nümunələrinin götürülməsi üçün sahələrin yaradıldığı müşahidə edildi. Tibbi tullantılar üzrə müqavilə sənədi yoxdur. Laborator nümunələrin müayinəsi üçün yaradılmış sahədə cari olaraq cihazlar yoxdur. Müəssisənin otaqlarının birində məişət tipli soyuducu, topcanlar (2 ədəd) seyf və kompyüter yerləşdirilmişdir. Yoxlamanın ikinci sualı üzrə qeyd edirlər ki, nöqsan aşkar edilmədi. Yoxlamanın üçüncü sualı üzrə qeyd edirlər ki, müəssisədə lisenziya əlavəsində göstərilən işlərdən kənar laboratoriya işinə aid sahələr, ləvazimat və vasitələr aşkar edildi (vakuetlər, konteynerlər, qanalma qurğusu (kreslosu), kompyüterdə qeydiyyat işlərinin fotoları). Fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuş, bu haqda protokol tərtib edilmişdir. Yoxlamada iştirak edən direktor X7 yazılı izahatında göstərmişdir ki, “Keçirilən yoxlama ilə əlaqədar onu qeyd edirəm ki, müşahidə edilən qanalma sahəsi yalnız nümunələrin götürülməsi (laborator) və Şəxs MMC-yə məxsus əsas klinikaya göndərilməsi üçün təşkil edilib, digər otaqdakı əşyalar isə inventar kimi toplanılmışdır”. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 23 aprel 2016-cı il tarixdə müddətsiz verilmiş 089376 nömrəli Lisenziyadan və ona əlavədən görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 101 olan Şəxs MMC-yə özəl tibb fəaliyyəti göstərilməsinə icazə verilmişdir, həmin MMC tərəfindən qeyd olunan ünvanda ambulator tibbi xidmət növü qismində isə (Sıra 34.) Laboratoriya: (34.1.) Klinik; (Sıra 34.2.) Klinik-biokimyəvi; (Sıra 34.3.) İmmunogenetik xidmətlərinin həyata keçirilməsi “Ambulator, stasionar və səyyar tibbi xidmətlərin göstərilməsinə icazə verilən ixtisas növləri üzrə görülən işlərin Siyahısı”na aid edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 23 aprel 2016-cı il tarixdə müddətsiz verilmiş 089376 nömrəli Lisenziyaya əlavədən görünür ki, Şəxs MMC-nin ünvan 5 ünvanında ambulator tibb fəaliyyəti göstərilməsinə icazə verilmişdir, həmin ixtisas növləri üzrə görülən işlərin Siyahısına aşağıdakılar aid edilmişdir: 1. Terapiya; 1.1. Terapevtik; 27. Şüa diaqnostikası; 27.5. Ultrasəs müayinəsi. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinin mənasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Tərtib olunmuş inzibati xəta haqqında protokola görə, Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar laboratoriya işinə aid sahələr və vəsaitlər aşkar edilmişdir. Yəni, inzibati xəta haqqında protokol tərtib edilərkən müəyyən edilən hal həmin qaydada olmuşdur, bu da o deməkdir ki, Şəxs MMC-yə məxsus, Q.Qarayev prospekti ev 66, mənzil 1 ünvanında yerləşən klinikada laboratoriya fəaliyyəti həyata keçirilməmişdir, götürülmüş müvafiq nümunələr üzərində laborator sınaqların keçirilməsi üçün cihazlar həmin ünvanda olmamışdır, belə cihazlar, avadanlıqlar yalnız Şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 101 ünvanında yerləşən əsas klinikasında mövcuddur. Məhkəməyə təqdim edilmiş foto şəkillərin özündən də görünür ki, həmin cihaz və avadanlıqlar kifayət qədər iri ölçülüdür, istənilən anda daşına bilməsi çətindir və ya praktiki cəhətdən mümkün deyildir. Yoxlama aparıb akt və protokol tərtib edən orqanın özü belə, laborator nümunələrin müayinəsi üçün yaradılmış sahədə cari olaraq cihaz olmadığını həmin sənədlərdə qeyd etmişdir. Laboratoriya işinə aid sahə və vəsaitlərin olması isə, xəstələrdən götürülən qan nümunələrinin üzərində laborator sınaqların keçirilməsi demək deyildir. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, vakuetlər hər bir xəstəyə məxsus qan nümunəsinin götürülməsi və saxlanması üçün istifadə olunan xüsusi vakumlu, ağzı bağlı, germetik şüşə probirkalardır; konteynerlər qan nümunələrinin (vakuetlərin) daşınması üçün istifadə olunan xüsusi vasitədir; qanalma qurğusu (kreslosu) xəstələrdən qanın alınmasını asanlaşdıran xüsusi oturacaqdır; kompyüterdə qeydiyyatın aparılması isə onunla izah olunur ki, xəstələrdən alınan qan nümunələrinin qarışıq düşməməsi üçün hər bir nümunənin üzərində xüsusi qeyd aparılır, kompyüterdə xəstə və ondan götürülmüş qan nümunələri haqqında müvafiq qeydiyyat həyata keçirilir. Şəxs MMC-yə məxsus, Nizami rayonu, Q.Qarayev prospekti ev 66, mənzil 1 ünvanında yerləşən klinikada (şöbədə) götürülən qan nümunələri həmin ünvanda (təbii ki, buna aid cihaz olmadığı və orada belə fəaliyyət növü həyata keçirilmədiyi üçün) müayinə olunmadan MMC-nin Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 101 ünvanında yerləşən əsas klinikasına göndərilir və həmin nümunələrin müayinəsi sözügedən ünvandakı avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, burada, xüsusilə mühüm olaraq yoxlanılmalı olan, sual doğuran hal odur ki, xəstələrdən qan nümunəsinin götürülməsi lisenziyalaşdırılmış fəaliyyət növünə aiddirmi və məhkəmə bununla bağlı qeyd edir ki, xəstələrdən qan nümunəsinin götürülməsinin laborator fəaliyyət sırasına aid edilməsi ilə bağlı müddəa aidiyyəti sahədə qanunvericilikdə öz əksini tapmamış, nəzərdə tutulmamışdır. “Terapiya; Terapevtik; Şüa diaqnostikası; Ultrasəs müayinəsi” ixtisas növləri isə, məhz tibb fəaliyyəti sahəsinə aid olduğundan Şəxs MMC-yə məxsus, Nizami rayonu, Q.Qarayev prospekti ev 66, mənzil 1 ünvanında yerləşən klinikada (şöbədə) belə fəaliyyət növləri üzrə fəaliyyət göstərilməsinə lisenziya ilə icazə verilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Həmin maddənin 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin reyestrə çıxışı təmin edilir. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 49-cu maddəsinə əsasən özəl tibbi praktika və özəl tibbi fəaliyyət qanunvericiliyə uyğun olaraq həyata keçirilir. “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” isə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Hansı ki, həmin siyahı ilə müəyyən olunur ki, özəl tibb fəaliyyəti sahəsində qan nümunələrinin götürülməsi lisenziya alınması tələb olunan fəaliyyət növlərinin sırasına daxil edilməmişdir. Məhkəmə təkrar olaraq xatırladır ki, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, yoxlama zamanı MMC tərəfindən lisenziyadan kənar laboratoriya işinə aid sahələr və vəsaitlər aşkar edilmişdir. Belə sahə və vəsaitlər aşkar olunsa da, onlar laborator analizin aparılması demək deyildir, analizin həyata keçirilməsi üçün xüsusi avadanlıqlar var ki, onlar filialda yox, klinikanın özündə, əsas binada yerləşir, bunu təsdiq edən foto şəkillər də var. Eyni zamanda yoxlama aktının özündə də göstərilmişdir ki, laborator nümunələrin müayinəsi üçün yaradılmış sahədə cihazlar olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, xəstələrdən nümunələrin götürülməsi, verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi hesab oluna və qiymətləndirilə bilməz, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə görə də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələri xəstələrdən nümunələrin götürülməsi üçün lisenziya tələb olunduğunu qeyd etsələr də, buna dair hər hansı normativ akta istinad etməmişlər. Bütün bu qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verildiyi hesab olunan xəta və onun əlamətləri İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin təsir dairəsinə düşmür, ona görə hüquqi şəxsin həmin maddə ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 01 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2502/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2502/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver