Məhkəmə qərarları › İş №3(007)-2504/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2504/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2504/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (borclu) - Şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ev 65, mənzil 6-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan 10.880 manat borcun və 30 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş xx xxxx 2018-ci il tarixli 2(007)-200/2018 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə borc məbləğini tələbkarın xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-200/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin apellyasiya məhkəməsinin qətnaməsi hal-hazırdaək ona rəsmi qaydada verilməmişdir. Yalnız bu gün icra şöbəsində olarkən apellyasiya məhkəməsinin onun apellyasiya şikayətini təmin etmədiyini bilmişdir. O, həmin qətnaməni alaraq kassasiya şikayəti verəcəkdir. Bununla əlaqədar iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və qeyd edir ki, icra sənədinin verilməsinə əsas olmuş birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Şəxs apellyasiya şikayəti təmin edilməmişdir. Şəxs həmin qətnamədən kassasiya şikayəti verməsi və ya işin kassasiya məhkəməsinin icraatında olmasını təsdiq edən sübutlar mövcud deyil, iş üzrə qəbul olunmuş hər iki qətnamə qanuni qüvvəyə minmişdir, hazırda icra sənədi üzrə icra hərəkətləri davam etdirilir. Bununla yanaşı borclu icra məmurunun çağırışılarına gəlmədiyi və onun yaşadığı yer məlum olmadığı üçün xx xxx 2020-ci il tarixli qərarla onun axtarışı elan edilmişdir. Məhkəmə tədqiqi zamanı icra sənədinin icraatına xitam verilməsinə əsas olacaq hallar müəyyən olunmamış, əksinə, borclunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, borclu olduğu icra sənədini üzrsüz səbəblər olmadan icra etməməsi müəyyən olunmuşdur ki, bu əməl İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASCnin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar