Məhkəmə qərarları › İş №3(007)-2506/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2506/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2506/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Tufan Şükürov tərəfindən HK1-568 saylı material üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, hadisə zamanı 1-ci avtomobildə olan sərnişin X4 xəsarət almışdır. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon DYPŞ-nin polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli araşdırıb qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə icraat materialları və tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. İnzibati işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2022-ci il tarixli, 883 saylı rəyindən görünür ki, X1 mil-bilək oynağının hərəkət məhdudluğu, şişkinlik və ağır sindromu ilə müşayiət olunan mil sümüyünün 1/3-nin sümüküstlüyü qatının subkortikal zədələnməsi, sol bazunun aşağı 1/3nin arxa səthinin, sol dirsək nahiyəsinin sıyrıqları və sol baldırın orta 1/3-nin ön-iç nahiyyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati işdə olan AC seriyalı 746515 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/4 saylı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə xx.xx.2029-cu il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İnzibati işdə olan ƏN-VİN 128733 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, həmin etibarnamə X3 “Chevrolet Cruze” minik markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilini Şəxs xx.xx.2029-cu il tarixədək idarə edilməsi üçün verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Məhkəmə Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halları müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar