Məhkəmə qərarları › İş №3(007)-2509/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2509/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2509/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 və onun vəkili X1 iştirakları ilə, X2 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 15 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 4000 manat cərimə edilmişdir. 25-ci PŞ-nin əməkdaşlarının bildirdiyinə görə, guya o, Kayseri kafesində pandemiya qaydalarına əməl etməyərək gecə saat 00:00 radələrindən sonra fəaliyyət göstərmişdir. 25-ci PŞ-nin əməkdaşları ona qarşı qərəzli olmuşlar. Əslində polislər kafeyə daxil olanda kafedə heç bir müştəri olmamışdır. Digər tərəfdən də 15 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, polislər kafeyə daxil olarkən saat 18:24 vaxtı göstərmişdir. Həmin vaxt kafedə müştəri olduğunu təsdiq edən heç bir sübut yoxdur. Həmin 4000 manat cəriməni ödəmək onun üçün çox çətin olacaq, onun ailəsini maddi cəhətdən çox çıxılmaz vəziyyətə salacaqdır. Buna nə ad vermək olar? İşlədiyi müddət ərzində heç gündə 5-6 manat qazana bilməmişdir. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin onun barəsindəki 15 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək eyni məzminlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, obyektin icarəyə götürülməsi ilə bağlı müqaviləni yalnız 10 noyabr 2021-ci il tarixdə bağlamışdır, o tarixədək olan müddətdə, eləcə də inzibati xəta haqqında protokolun yazıldığı 15 avqust 2021-ci il tarixində “Kayseri” kafesi rəsmi olaraq onun icarəsində olmamışdır. Polislər kafeyə gəldiyi vaxt da onlara bildirmişdir ki, kafe ona məxsus deyil, o, çayxanada fiziki şəxs kimi işləmişdir. Həm də kafenin müəyyən olunmuş saatdan kənar vaxtda, pandemiya qaydalarının pozuntusu ilə işləməsinə dair heç bir fakt müəyyən edilmədən, sübut toplanılmadan əsassız olaraq barəsində protokol tərtib edilmiş və cərimə olunmuşdur. Hesab edir ki, bu əsaslarla barəsindəki qərar ləğv olunmalıdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 vəkili X5 şikayətin dəlillərini və təmsil etdiyi şəxsin məhkəmə iclasında izahatında göstərdiklərini təsdiq edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi və onun vəkilini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi X9 tərəfindən tərtib olunmuş 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 “Kayseri” kafesində pandemiya qaydalarına əməl etməyərək 25 iyul 2021-ci il tarixdə saat 00:00-dan sonra Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi X6 tərəfindən qəbul olunmuş 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X7 barəsində 4000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 230.1 kv.m qeyri-yaşayış sahəsi X3 mülkiyyətindədir. Məhkəməyə təqdim olunmuş 10 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 230.1 kv.m qeyri-yaşayış sahəsi X8 tərəfindən 3 il müddətinə X2 icarəsinə verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilməsinə görə vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, qərardan şikayət vermiş X7 barəsində də inzibati icraat həmin maddə ilə başlanılmış və vəzifəli şəxs qismində inzibati qaydada tənbeh edilmişdir. Hansı ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi zamanı məlum olmuşdur ki, törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi ünvan 2 ünvanının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi X4 məxsus olmamışdır, həmin şəxsin obyektə, orada fəaliyyət göstərən kafeyə aidliyi, səlahiyyəti, kafenin mülkiyyətçisi, onun icarərə verilib-verilməməsi və sair hallar araşdırılmamış, sübutlar müəyyən edilib götürülməmişdir. Halbuki, X7 İXM-nin 17-ci maddəsinin “Qeyd”inin təsiri altına düşən, onun vəzifəli şəxs hesab olunmasına əsas verəcək səlahiyyətlərə malik olmamışdır, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən şəxs olmamışdır. Həmin obyektin X2 icarəsinə verildiyinə dair icarə müqaviləsi yalnız 10 noyabr 2021-ci il tarixdə bağlanmışdır. Ona görə də, X2 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunaraq barəsində tənbeh tədbiri tətbiq olunması qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, istər inzibati xətanın aşkar edilərək protokolun tərtib olunması zamanı, istərsə də protokol əsasında qərar qəbulu zamanı X7 tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı inzibati xətanın törədilməsinin məhz nədə ifadə olunması, hansı mötəbər sübutlarla öz təsdiqini tapması təqdim edilmiş sübutlarla müəyyən olunmur və öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, X2 törədilməsi ehtimal edilən inzibati xətanın aşkar edildiyi kafeyə münasibətdə səlahiyyəti, inzibati xətanın məhz onun tərəfindən törədilməsinə dair mötəbər və əsaslı hesab ediləcək hər hansı sübut təqdim edilmədiyi, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirinin olması, belə təqsir müəyyən edildiyi halda vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması üçün onun İXM-nin 17-ci maddəsinin “Qeyd”inin təsiri altına düşüb-düşməməsi müəyyən edilmədiyi, ilkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, ona görə inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, müvafiq sübutlar işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsindəki 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin, 15 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar