Məhkəmə qərarları › İş №3(007)-251/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-251/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-251/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Nizami rayon DYPŞ-nin polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Rusiya Federasiyasının Nijni- Novqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Nizami rayon DYPŞ-nin polis kapitanı X2 tərəfindən tərtib olunmuş 25.01.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.01.2022-ci il tarixdə saat 21:30-da “KİA OPTİMA” minik markalı ** RY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ünvan 1 ünvanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 15.01.2022-ci il tarixdə saat 21:30-da “KİA OPTİMA” minik markalı ** RY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ünvan 1 ünvanda dönərkən düzgün dönməmiş, ara məsafəsi saxlamamış və nəticədə idarə etdiyi avtomobillə yolun sol kənarında dayanmış “Nissan Pathfinder” markalı ** TM *** nömrəli avtomaşının sağ yan hissəsi ilə toqquşmuş və hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamış və törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında Bakı şəhər Nizami rayon DYPŞ-nin polis kapitanı X2 izahatında göstərmişdir ki, Şəxs 15.01.2022-ci il tarixdə saat 21:30-da “KİA OPTİMA” minik markalı ** RY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ünvan 1 ünvanda yol nəqliyyat hadisəsi törədərək yolun kənarında dayanmış “Nissan Pathfinder” markalı ** TM *** nönrəli avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Bununla əlaqədar Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar