Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2521/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X1 iştirakları ilə, X3 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 08 oktyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 08 oktyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 oktyabr 2021-ci il tarixdə idarə etdiyi ** KF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə R.Rüstəmov və B.Çobanzadə küçələrinin kəsişməsində, yol hərəkəti qaydalarına riayət etməklə hərəkət edərkən DYPŞ yol patrul inspektoru tərəfindən saxlanılmışdır. O, sürücülük vəsiqəsini təqdim etmiş və dayandırıldığının səbəbini soruşmuşdur. Məlum olmuşdur ki, onun keçirdiyi və yol hərəkəti qaydalarına tam uyğun olan manevri qayda pozuntusu kimi qiymətləndirmişlər. Bildirmişdir ki, qayda pozuntusu olmamışdır, nişanın tələbi yerinə yetirilmişdir. Buna baxmayaraq ona bildirilmişdir ki, protokol tərtib olunacaqdır. O, demişdir ki, protokol tərtib edilərsə, məhkəməyə müraciət edəcəkdir. Bu danışıq inspektorun əlindəki səs yazan aparatında əks olunmuşdur. Buna baxmayaraq ona İXP4235916 nömrəli protokol tərtib olunmuşdur. O, dərhal Bakı DYP Baş İdarəsinə gedib öz iradını bildirmişdir. Gec olduğuna görə onun şikayətini qəbul etməmişlər. 09 oktyabr 2021-ci il tarixdə o, bir daha Bakı DYP Baş İdarəsinə getmişdir. Orada görüntüyə baxılmış və məlum olmuşdur ki, şikayətlərə baxan zabit yol hərəkəti qaydalarını istədiyi kimi intrapretasiya edir. Nəticədə o, orada şikayət ərizəsini yazmaqdan imtina etmiş və məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunaraq Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 08 oktyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X2 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, 4.1.4 yol nişanının tələbinə əsasən nəqliyyat vasitələri həmin nişanın təsir dairəsində yalnız düzünə və ya sağ istiqamətdə hərəkət edə bilərlər, sol istiqamətdə hərəkət qadağan edilir. Məhkəməyə təqdim etdiyi videogörüntülərdə də qeydə alınmışdır ki, onlar xidməti avtopatrulda sola dönmüşlər, qərardan şikayət vermiş X5 yol hərəkəti qaydalarını pozaraq onların arxasınca dönmüşdür. Onu saxladaraq yaxınlaşmış, özlərini təqdim edərək sənədlərini təqdim etməsini tələb etmişlər və izah etmişlər ki, ora yol kəsişməsi deyil, ancaq düzünə və sağa hərəkət var. İXM-nin 327.1-ci maddəsi ilə həmin şəxsin barəsində protokol tərtib etmiş və cərimə olunması barədə qərar qəbul etmişdir. Şikayət əsassız olduğundan rədd olunmasını, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardan şikayət vermiş və qərarından şikayət verilmiş şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X2 tərəfindən tərtib olunmuş 08 oktyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, B.Çobanzadə küçəsində “Mercedes Benz ML320 minik” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X3 barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X2 tərəfindən qəbul olunmuş 08 oktyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 08 oktyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskdə olan videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntülər Təhlükəsiz Şəhər Kamerası və xidməti YPX avtomobilinin videoregistratoru vasitəsi ilə qeydə alınmışdır. Bakı şəhəri, B.Çobanzadə küçəsində yolun sağ kənarında 4.1.4 yol nişanı (düzünə və ya sağa hərəkət istiqaməti) quraşdırılmışdır, “Mercedes Benz ML320 minik” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil həmin yol nişanının tələbini pozaraq sol istiqamətə dönərək hərəkətini davam etdirmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi törədilmişdir, inzibati xəta törətmiş şəxs və onun bu xətanın törədilməsində təqsiri düzgün müəyyən edilmişdir. Belə ki, 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, B.Çobanzadə küçəsində “Mercedes Benz ML320 minik” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən 4.1.4 yol nişanının (düzünə və ya sağa hərəkət istiqaməti) tələblərini pozmuşdur, həmin vaxt avtomobil qərardan şikayət vermiş X5 tərəfindən idarə edilmişdir, onun törətdiyi xəta Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşmüşdür və barəsində maddənin sanksiyası həddində tənbeh tətbiq olunmuşdur. Həmin maddənin tələbinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin İİİ hissəsinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. 4.1.4 yol nişanının tələbinə əsasən həmin yol nişanı düzünə və ya sağa hərəkət istiqamətini göstərir. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, X5 tərəfindən 4.1.4 yol nişanının tələbinin pozulması, yəni düzünə və ya sağ istiqamətdə hərəkət etməli olduğu halda, həmin yol nişanının tələbinə zidd olaraq sol istiqamətdə hərəkət etməsi nəticəsində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş olmuşdur. Bununla da, həmin inzibati xətaya görə X3 inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 08 oktyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 08 oktyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2521/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2521/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver