Məhkəmə qərarları › İş №3(007)-2524/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2524/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2524/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Pirallahı rayon MKTB-də ərazi gözətçisi işləyən, İİ qrup Qarabağ əlili, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, məhəllə 29, ev 8, mənzil 22-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 11:45 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində YPX əməkdaşının onun yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib etməsinə görə nalayiq söyüşlər söyərək onu təhqir etmiş, polis əməkdaşının onu sakitləşdirərək nizam-intizama dəvət etməsi ilə bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ 23-cü PB-nin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobillə xəstəxanaya getdiyi vaxt yolu bilmədiyi üçün naviqator proqramını qoşmuşdur. Lakin yolu səhv döndüyünə görə YPX əməkdaşı onu saxlamışdır. O, bu barədə əməkdaşa bildirmişdir. YPX əməkdaşı ondan sənədlərini tələb etmiş, o, müharibə əlili olduğunu deyib maddi imkanı olmadığı üçün barəsində protokol yazmamasını xahiş etmişdir. YPX əməkdaşı onun əlillik vəsiqəsinə baxaraq vəsiqənin saxta olduğunu demişdir. Bu, onun şəxsiyyətinə toxunduğu üçün özündən çıxmış, YPX əməkdaşına söyüş söymüşdür. Bundan sonra YPX əməkdaşı kömək çağıraraq onu Polis Bölməsinə aparmışdır. İnzibati xəta pozuntusuna yol vermədiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXAnın MEB-nin YPX baş inspektoru, polis baş leytenantı X5 izahatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 11:45 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığında xidmət apararkən, “Giriş qadağandır” yol nişanının tələbini pozduğu üçün “Mercedes” markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Sürücüyə yaxınlaşaraq qayda pozuntusu barədə izah etmiş, protokol tərtib etmək istəyərkən, sürücü Şəxs buna etiraz edərək onu küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Etdiyi hərəkətin düzgün olmadığını bildirərək onu sakitləşdirmək istəsə də, Şəxs daha da aqressivləşmiş, öz hərəkətlərini davam etdirmiş, onu sakitləşdirərək nizam-intizama dəvət etməsi ilə bağlı qanuni tələblərinə tabe olmamışdır. Buna görə o, PPX əməkdaşlarını dəvət edərək həmin şəxsi 23-cü Polis Bölməsinə aparmış, raport yazaraq qanuni tələblərinə tabe olmadığı üçün onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və nəzərə almır, hesab edir ki, iş üzrə icraata xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyindən xx xxxx 2015-ci il tarixli Ə seriyalı, 002026 nömrəli vəsiqənin surətindən görünür ki, X3 İİ qrup müharibə əlilidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ikinci qrup Qarabağ əlili olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar