Məhkəmə qərarları › İş №3(007)-2529/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2529/2020

11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2529/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 nümayəndəsi və vəkili-“Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Nizami rayonu ərazisində “xxxx” QSC ilə rəsmi müqavilə əsasında “Topaz” məntəqəsi (agent olaraq) işlədir. xx xxxxxxxx 2020-ci il tarixində Nizami RPİ 24-cü Polis Bölməsinin əməkdaşları fəaliyyət göstərdiyi obyektə - “Topaz” məntəqəsinə gələrək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə MN0674146 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında isə MN0672733 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Bununla da ona 400 manat cərimələnmişdir. Polis əməkdaşları inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məşğul olmağını bildirmişlər. Dəfələrlə müraciət etmələrinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar onlara verilməmişdir. Qərar rəsmi qaydada yalnız xx xxxxxxx 2020-ci il tarixində verilmişdir. Qərarın bu qədər gec verilməsi bir daha onlara qarşı olan qanunsuz və qərəzli münasibətin göstəricisidir. İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Fəaliyyətləri qadağan edilən xidmətlərin siyahısında olmamışdır. Belə ki, Nazirlər Kabinetinin 163, 173, 196, 237, 282, 294, 323 saylı qərarları ilə karantin rejimi dövründə fəaliyyəti qadağan edilən ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 8 sentyabr tarixində qüvvəyə minən 4 sentyabr tarixli 323 nömrəli qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Nazilər Kabinetinin yuxarıda qeyd edilən qərarlarının heç birində fəaliyyətləri qadağan edən heç bir müddəa yoxdur. Onlara isə inzibati tənbeh 9 sentyabr tarixində tətbiq edilmişdir. Həmin 323 saylı qərarla isə Nazirlər Kabinetinin fəaliyyətinin qadağan edildiyi sahələrdə mərc və digər oyunların keçirilməsi barədə müddəa yoxdur. Buna baxmayaraq onlar həmin tarixə qədər yalnız online qaydada fəaliyyət göstərmişlər. Heç bir müştəri qəbul etməmişlər. Fəaliyyətləri də qadağan edilməmişdir və onlar ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişlər. Polis əməkdaşları onların ünvanına baxış keçirərkən belə onlar müştəri qəbul etmirdilər. Müştəri qəbul etmələri ilə bağlı polis əməkdaşlarında heç bir sübut belə yoxdur. “xxxx” QSC tərəfindən AR Nazirlər Kabinetinə xx xxxxxxxx 2020-ci il tarixində məktubla müraciət etmişdir. Həmin məktub nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-ə, İqtisadiyyat Nazirliyinə fəaliyyətlərinin məhdudlaşdırılmaması ilə bağlı göstəriş verilmişdir. Məhkəməyə müraciət etdiyi xx xxxxxxxx 2020-ci il tarixində bütün Respublika üzrə Topaz agentləri heç bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Nazirlər Kabineti bu məktubla fəaliyyətlərinin qadağan edilmədiyini təsdiqləmiş və digər orqanlara bu barədə razılaşdırılmış məktub ünvanlamışdır. Bu əməldə inzibati xəta hadisəsi yoxdur. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin əməkdaşı Nəzər Yolçuyev tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx xxxxxxxx 2020-ci il tarixdə Q.Qarayev prospekti, 102 ünvanında xüsusi karantin rejimi qaydasını pozmuş, nəticədə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin rəisi Seymur Qarayev tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2020-ci il tarixli 323 nömrəli qərarına əsasən ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilməsi qərara alınmışdır. Sözügedən x xxxx 2020-ci il tarixli 237 nömrəli qərara “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Göründüyü kimi, törədilməsi ehtimal edilən inzibati xəta ictimai iaşə müəssisəsi hesab olunan “Topaz” idman mərc oyunlarının keçirildiyi obyektdə aşkar edilmişdir. Hansı ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində fəaliyyət qaydaları, qadağa və məhdudiyyətlər müəyyən edilmişdir. Belə obyektdə xüsusi karantin rejimi qaydalarının pozulmuş hesab olunması üçün isə, Nazirlər Kabinetinin istinad edilən qərarları ilə müəyyən edilmiş norma və tələblər pozulmalıdır. İnzibati qərarın qəbul edilməsinə əsas olmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X1 xx xxxxxxxx 2020-ci il tarixdə Q.Qarayev prospekti, 102 ünvanında xüsusi karantin rejimi qaydasını pozduğu göstərilsə də, onun karantin rejimi qaydalarını pozmasının nədən ibarət olması müəyyən edilməmiş, inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar əldə edilməmiş, protokolda göstərilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda, X2 tərəfindən karantin rejimi qaydasının pozuntusuna yol verilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara və qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 400 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar