Məhkəmə qərarları › İş №3(007)-2532/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2532/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2532/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali, evli, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, yataqxana, 81A qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: 16 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(007)- 249/2022 nömrəli və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(007)-1618/2019 nömrəli icra sənədləri üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədləri üzrə borcundan 2000 manat ödəniş etmişdir. Məhkəmənin əvvəlki iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verdi və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, heç yerdə işləmir. Məhkəmə iclasının təxirə salınmasını xahiş edir, tələbkarla razılığa gəliblər gələn məhkəmə iclasına 1000 manat və iyun ayının sonuna kimi tam borcu ödəyəcək. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(007)-249/2022 nömrəli icra vərəqəsi üzrə 1000 manat, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(007)-1618/2019 nömrəli icra sənədi üzrə isə 50 manat ödəniş etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirmişdir ki, borclu Şəxs ona 13000 manat borcu var. Borcundan 2000 manat ödəniş etmişdir, 11000 manat məbləğində borc qalıb. Borclu ilə razılığa gəliblər gələn məhkəmə iclasına 1000 manat və iyun ayının sonuna kimi tam borcu ödəyəcək bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti və işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmiş şəxsin və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədləri üzrə olan borclarından hazırda 1000 manat və 50 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs 23 may 2024-cü il tarixdə 1000 manat və 50 manat ödəniş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, qalan borcunu ödəməkdən də yayınmır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən “üzürsüz səbəbdən icra edilməməsi” tələb olunan imperativ norma borclu Şəxs əməlində yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı aydın oldu ki, borclu ailədə yeganə qazanc gətirən olmuşdur və qazancının çox hissəsini borcuna vermişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Beləliklə, qanunvericiliyin tələbindən görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən pozulması inzibati məsuliyyətə səbəb olur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar