Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2537/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə YPX əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmiş Şəxs xx.xx.2020-ci il tarixdə T.Abbasov küçəsində “Volkswagen Touareg” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Ə.M.Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı İ.H.Musayev tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olarkən növbətçi hissə tərəfindən saat 19:20-də sürücünün 102 xidmətinə zəng edərək digər “Volkswagen Touareg” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Nizami rayonu T.Abbasov küçəsində mübahisə etməsi və avtoxuliqanlıq etməsi ilə bağlı məlumat alaraq dərhal həmin yerə yaxınlaşmışdır. Yaxınlaşdıqda “Volkswagen Touareg” markalı avtomobilin sürücüsünün sərxoş olduğu aşkarlanmış və sürücü polis şöbəsinə aparılmışdır. Polis şöbəsində sürücü Şəxs sürücülük hüququnun olmadığı və müayinə zamanı sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Sürücünün barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs eyni xətanı xx.xx.2020-ci il tarixdə törətməsi müəyən edilmiş və barəsində İXM-nin 334.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Avtomobildə sərnişin qismində olan Aynurə İbrahimovanın “Volkswagen Touareg” markalı avtomobilə etibarnaməsinin olduğu müəyyən edilmiş və o, avtomobili sərxoş və sürücülük hüququ olmayan şəxsə idarə etməyə verdiyinə görə onun barəsində İXM-nin 337.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X3 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olarkən saat 07:30 radələrində Şəxs DYPŞ-yə yaxınlaşaraq xidmət yoldaşı YPX inspektoru, polis baş serjantı İqrar Musayevə yaxınlaşaraq duracağa yerləşdirilən “Volkswagen” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracaqdan buraxılmasını tələb etmişdir. Şəxs həmin avtomobilə aid sənədi olmadığından avtomobilin duracaqdan buraxılmasının mümkün olmadığı bildirilmişdir. Bu zaman Şəxs xidmət yoldaşına onu DİO-dan xidmətindən xaric etdirəcəyini deyərək kobud formada uca səslə əsassız iradlar bildirmişdir. YPX inspektoru İ.Musayev Şəxs təmkinli olmağını bildirsə də o, öz hərəkətlərini davam etdirərək onun qanuni tələbinə tabe olmamışdır. Həmin yerə PPX əməkdaşlarını çağırmışlar və Şəxs oradan uzaqlaşmışdır. Həmin gün saat 15:30 radələrində Şəxs təkrarən əlində benzinlə yaxınlaşaraq DYPŞ-nin inzibati binasına daxil olub həmin butulkadakı benzini şöbənin içərisində başına tökərək avtomobili buraxılmayacağı təqdirdə özünü yandıracağını bildirmişdir. Onlar bu zaman dərhal əməliyyat qrupu çağıraraq Şəxsı 25-ci PŞ-nə aparmışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “Volkswagen Touareg” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında olan avtomobil yavaş hərəkət etdiyindən ona yol verməsi üçün siqnal vermişdir. Həmin avtomobilin sürücüsü onu təhqir etmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Həmin şəxs polis əməkdaşlarına zəng edib çağırmışdır. Polis əməkdaşları gələn kimi onu təhqir edib qolunu buraraq maşına mindirib PŞ-nə gətirmişlər. Sonra PŞ-dən onu buraxmışlar. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində tanışı Aynurə İbrahimovaya məxsus “Volkswagen” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın YPX əməkdaşları tərəfindən duracağa yerləşdirildiyi üçün xx.xx.2020-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısına gəlib, Aynurə İbrahimovaya məxsus avtomaşını duracaqdan götürmək istədiyini bildirmişdir. Avtomaşın ona məxsus olmadığı və avtomaşına dair ona etibarnamə verilmədiyi üçün onun avtomaşını duracaqdan götürə bilməyəcəyini bildirmişlər. O, Aynurə İbrahimovaya zəng edib bu barədə ona məlumat vermiş və özünün DYPŞ-nə gəlməli olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə X6 RPİ-nin DYPŞ-nə gəlmiş, o, otaqlardan birinə daxil olub bir neçə dəqiqədən sonra bayıra çıxdıqda ona məlum olmuşdur ki, həmin gün həftənin bazar günü olduğu üçün avtomaşını ertəsi gün veriləcəyini ona deyilmişdir. Bu səbəbdən də o, əsəbiləşib özü ilə gətirdiyi benzini üzərinə töküb avtomaşın həmin gün verilməyəcəyi halda özünü yandıracağını bildirmişdir. Həmin vaxt orada olan polis əməkdaşları ona yaxınlaşıb alışqanı ondan almışlar. Bir neçə saatdan sonra avtomaşını Aynurə İbrahimovaya təhvil vermişlər. Həmin vaxt o, intihar etmək fikrində olmamışdır. Üzərinə benzin tökməkdə məqsədi özünü yandırmaq deyil, bu yolla YPX əməkdaşlarına təsir etmək olmuşdur ki, Aynurə İbrahimovaya məxsus avtomaşını duracaqdan buraxsınlar. Əvvəllər də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə avtomobil idarə etdiyindən cərimə olunmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:45-də inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 2/11006 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:40-da müayinə olunan Şəxs yüngül dərəcə sərxoş olduğu müəyyən olunmuşdur. - “DİN-nin DYP-nin web portalı”ndan çıxarışdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 334.2-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334.2-ci maddələri ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının 535.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3cü maddəsinə əsasən İXM-nin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 21:45-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən saat 21:45-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X5 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2537/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2537/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver