Məhkəmə qərarları › İş №3(007)-2537/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2537/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2537/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə Azərbaycan Respublikasının DİN Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:01 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Mercedes Benz B 170” minik markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini və qanunu pozmadığını bildirdi. Göstərdi ki, həmin günü spirtli içki qəbul etməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılarkən də onlara spirtli içki qəbul etmədiyini bildirmiş, polis əməkdaşlarının suallarına cavab olaraq 1 həftə öncə iştirak etdiyi toy məclisində spirtli içki qəbul etdiyini, hazırda isə sərxoş olmadığını demişdir. Lakin polis əməkdaşları onun sözlərinə məhəl qoymamış, həmin vaxt alkotester vasitəsilə müayinədən keçirilmişdir. Həmin günü bir neçə saat sonra özü tibbi müayinədən keçmiş və nəticədə ayıq olduğu müəyyənləşdirilmişdir. Bütün bunları nəzərə alaraq barəsindəki inzibati xəta haqqındaki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab etmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 333.1-ci maddəsi ilə məhkəməyə göndərilmiş materiallarda Şəxs həmin inzibati xətanın törədilməsini təsdiq edən sübutlar kimi: inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol və sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair alkotesterin nəticəsi olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alkotesterin aparılması nəticəsində əldə edilmiş qəbzdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, saat 09:59 radələrində müayinə aparılmış və nəticədə 0,390 % alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Məhkəmə iclası zamanı Şəxs təqdim etdiyi, özünün şəxsən xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində tibbi müayinədən keçərək əldə etdiyi “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 1/3840 saylı protokoldan görünür ki, Şəxs ayıqdır və onda alkoqol qəbulu əlamətləri yoxdur. Məhkəmə qeyd edir ki, iki tibbi müayinə aktı arasındakı qısa müddət fərqini nəzərə alaraq, belə qısa müddət ərzində barəsində inzibati xətaya dair icraat aparılan şəxs barəsində aparılmış tibbi müayinənin nəticələri arasında mövcud ziddiyyət, alkotesterin aparılması nəticəsində əldə edilmiş qəbzin düzgünlüyünü şübhə altına qoyur ki, bu da öz növbəsində barəsində inzibati xətaya dair icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəməyə göndərilmiş sübutlarla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar