Məhkəmə qərarları › İş №3(007)-2538/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2538/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2538/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İnzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X6 nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Sabirabad rayonu, Çölbeşdəri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Heydər Əliyev adına X6 “Bitum” istehsalı üzrə 9 nömrəli istehsalat sahəsinin 23 saylı qurğusunun qurğu rəisi vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 2021-ci ilin noyabr ayından H.Əliyev adına X6 “Bitum” istehsalı üzrə 9 nömrəli istehsalat sahəsinin 23 nömrəli qurğunun texqoloji qurğu operatoru vəzifəsində işləyir, onun vəzifələri qurğuların sahələrinə nəzarət etmək, nasosların sazlığını yoxlamaq və baş operatora məlumat vermək, bitum məhlulundan analiz edilməsi üçün nümunələr götürmək və s. vəzifələr aiddir. İş saatı növbəlik əsasında həyata keçirilməklə 1 gün səhər, 1 gün isə gecə növbəsində işləmiş, növbəti 2 gün isə istirahət etmişdir. İşə qubul olunan zaman sınaq imtahanlarını keçmiş, 10 gün sınaq müddəti ilə daimi işə qəbul olunmuş, zavodda təlimlərdə iştirak etmiş, təlimlərdə onlara texniki-təhlükəsizlik qaydaları və qurğu operatorlarının vəzifə təlimatları izah edilmişdir. İşə başlamazdan əvvəl texniki təhlükəsizlik qaydaları üzrə təlimatlar keçirilir və onlar həmin təlimatlara uyğun yurnallarda imza edirlər. Onlara yazılı və şifahi təlimatlar keçirilir. 15 may 2022-ci il tarixdə saat 22:00-da növbəlik əsasında zavodda işə başlamış və 16 may 2022ci il tarixdə saat 08:00-da işi bitməli idi. O, operator olaraq qurğuların yerləşdiyi sahələrə nəzarət etmiş və hər şey qaydasında olmuşdur. 16 may 2022-ci il tarixdə saat 05:30 radələrində baş operator Rüfət Əliyev ona göstəriş vermişdir ki, 23 nömrəli qurğudan bitum məhlulundan analiz üçün nümunə götürsün. O, 23 nömrəli qurğunun yanına gəlib kranını acaraq bitum məhlulu götürmək istədikdə krandan məhlul gəlməmiş, bunun səbəbi isə bitum məhlulunun tez donmaqla kranın ağzını tutması olmuş, təlimata uyğun olaraq o kranın ağzını açmamış, əvvəlcə kranın ağzını tutan donmuş bitum məhlulunu digər par kranı ilə əridildikdən sonra açmalı olmuş, lakin bunlara riayyət etmədən kranı açdıqda bitum məhlulunun gəlmədiyini görmüş və kranı tam açdıqda həmin vaxt krandan təzyiqlə bitum məhlulu yerə sıçramış, yerdən isə onun sifətinin sol nahiyyəsinə və alın nahiyyəsinə dəymiş, bitum məhlulu ərimiş formada, isti olduğundan sifətində kiçik ölçülü yanıq xəsarətləri yaranmış, onun yanında heç kim olmamış, məhlul onun sifətinə dəydikdə qışqıraraq yoldaşlarını köməyə çağırmış, həmin vaxt Müşviq Bağırov, Bünyad Bünyadov və Rüfət Əliyev işdə olmuş və onlar köməyə gəlmişlər. İş vaxtı onlar əmək mühafizəsi qaydalarına uyğun olaraq geyim formaları, dəbilqələr, əlcəklər və gözlüklərlə təmin olunurlar. Bitüm məhlulunu götürən zaman geyim qaydalarına riayət etmiş, əgər geyim qaydalarına riayyət etməsəydi daha ciddi xəsarət alardı. H.Əliyev adına X6 “Bitumə istehsalı üzrə 9 nömrəli istehsalat sahəsinin 23 nömrəli qurğusunun texnolofi qurğu rəisi Şəxs izahatında bildirmişdir kı, onun vəzifəsi qurğuların sahələrinə nəzarət etmək, nasosların sazlığını yoxlamaq və oneratorun iş bölgüsünü aparmaq, əməyin mühafizəsi qaydalarını işçilərə izah etmək, işçilərə nəzarət etmək vs s, vəzifələri olmuşdur. İş saatı gündə 08 saat olmaqla 08:00 dan 17:00-dək işləyir. İşə qəbul olunan zaman sınaq imtahanlarından keçmiş və 10 gün sınaq müddəti ilə daimi işə qəbul edilmiş, bundan başqa zavodda təlimlərdə iştirak etmiş, təlimlərdə onlara texniki-təhlükəsizlik qaydaları və qurğu operatorlarının və baş operatorların vəzifə təlimatları izah edilmiş, işə başlamazadan da əvvəl texniki təhlükəsizlik qaydaları üzrə təlimatlar keçirilir və onlar həmin təlimatlara uyğun jurnallarda imza çəkirlər, onlara həm yazılı, həm də şifahi təlimatlar keçirilir, 15 may 2022-ci il tarixdə saat 05:30-da növbəlilik əsasında zavodda işə başlamış, növbəlilik əsasında iş saatı 16 may 2022-ci il tarixdə saat 08:00-da bitməli idi, 16 may 2022-ci il tərixdə saat (15:30) radələrində operator Balabəy Öruczadəyə göstəriş vermişdir kı, 23 nömrəli qurğudan bitum məhlulundan analiz üçün nümunə götürsün. Zərərçəkmiş şəxs 23 saylı qurğunun yanına getmiş və qurğunun kranını açaraq bitum məhlulu götürmək istəmiş, lakın kran açılmasına baxmayaraq krandan məhlul gəlməmiş, buna səbəb isə bitum məhlulunun tez donması olmuş, çünki donmuş bitum məhlulu kranın ağzını tutur, Zərərçəkmiş şəxs təlimata uyğun olaraq kranın ağzını açmamış, o, əvvəlcə kranın ağzını tutan donmuş bitum məhlulunu digər isti buxar kranı ilə əritdikdən sonra kranı açmalı olmuş, lakin Balabəy bunlara riayət etməmiş və kranı açdıqda bitum məhlulunun gəlmədiyini görmüş və kranı tamamilə açmış, həmin vaxt krandan təzyiqlə bitum məhlulu yerə sıçramış və yerdən isə Balabəyin sifət nahiyəsinin sağ və sol hissəsinə və alın nahiyəsinə dəymiş, həmin bitum məhlulu ərimiş halda isti olduğundan onun sifətində kiçik ölçülü yanıq xəsarətləri yaranmış, həmin vaxt Balabəylə birlikdə Müşfiq Bağırov, Bünyad Bünyadov və o işdə olmuş, onlar kömək edərək Balabəyə tibbi yardım göstərmiş, ciddi xəsarəti olmadığı üçün rəhbərliyə məlumat vermiş və rəhbərlik tərəfindən Balabəyə evə getməsinə icazə verilmiş, iş vaxtı onlar əmək mühafizəsi qaydalarına uyğun olaraq geyim formaları, dəbilqələr, əlcəklər və gözlüklərlə təmin olunurlar, Balabəy bitum məhlulunu analiz üçün götürən zaman geyim qaydalarına riayət etmiş, əgər riayət etməsəydi daha ciddi xəsarət ala bilərdi, lakin Balabəy öz səhlənakarlığı nəticəsində xəsarət almış, təlimata uyğun hərəkət etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X6 nümayəndəsi X5 izahatında bildirdi ki, iş vaxtı işçilər əmək mühafizəsi qaydalarına uyğun olaraq geyim formaları, dəbilqələr, əlcəklər və gözlüklərlə təmin olunurlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, iş vaxtı onlar əmək mühafizəsi qaydalarına uyğun olaraq geyim formaları, dəbilqələr, əlcəklər və gözlüklərlə təmin olunurlar. Balabəy bitum məhlulunu analiz üçün götürən zaman geyim qaydalarına riayət etmiş, əgər riayət etməsəydi daha ciddi xəsarət ala bilərdi. Lakin Balabəy öz səhlənakarlığı nəticəsində xəsarət almış, təlimata uyğun hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, hadisə baş verən zaman onun sifətində qoruyucu olmadığından yanmışdır. Hadisədən sonra onlara qoruyucu vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 379 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin saçsız hissəsində 2.0x1.0 sm, alt dodağın ön hissəsində sağ bucağa yaxın sahədə 1.5x1.0 sm sağ saidin aşağı 1/3-nin ön səthində 4.0x2.0 sm ölçülərdə üzəri açıq bozumtul-qəhvəyimtıl rəngli dəri səviyyəsindən hündürdə olmaqla kobud izlənilən bərk konsistensiyalı, lakin periferiyasında qopması müşahidə edilən qeyri-müəyyən formalı qartmaqla örtülü sağalmaqda olan yanıq yaraları vardır. Bədən səthində başqa xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki təhlükəsizlik ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5798 saylı rəyindən görünür ki, H.Əliyev adına X6 “Bitum” istehsalı üzrə 09 nömrəli istehsalat sahəsində 23 nömrəli qurğudan bitum məhlulundan analiz götürülməsi zamanı xüsusi mühafizə vasitəsi olan süzücü əleyhqazdan istifadə edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Neft məhsulları, qaz və reagentlərdən nümunələrin götürülməsi qaydaları və iş zamanı texniki təhlükəsizlik tədbirləri üzrə Təlimat”ın, “Bitum istehsalı üzrə 09 nömrəli istehsalatın 23 nömrəli texnolofi qurğusunun rəisinin Vəzifə Təlimatı”nın 1.13 bəndinin və “Bitum istehsalı üzrə 09 nömrəli istehsalatın 23 nömrəli texnoloği qurğunun 4-cü dərəcəli texnoloji qurğularının operatorunun Peşə Təlimatı”nın 3.11 bəndinin tələbləri pozulmuşdur. H.Əliyev adına X6 “Bitum” istehsalı üzrə 09 nömrəli istehsalat sahəsində 23 nömrəli qurğudan ikinci işçinin iştirakı olmadan, xüsusi mühafizə vasitəsi olan süzücü əleyhqazla təmin edilmədən bitum məhlulundan analiz götürülməsinə yol verildiyinə görə, əlaqədar “Neft məhsulları, qaz və reagentlərdən nümunələrin götürülməsi qaydaları və iş zamanı texniki təhlükəsizlik tədbirləri üzrə Təlimat”ın 2.2, 2.3 bəndlərinin və “Bitum istehsalı üzrə 09 nömrəli istehsalatın 23 nömrəli texnolo)i qurğusunun rəisinin Vəzifə Təlimatı”nın 1.13 bəndinin tələbi H.Əliyev adına X6 “Bitum” istehsalı üzrə 09 nömrəli istehsalat sahəsində 23 nömrəli qurğunun rəisi tərəfindən pozulmuşdur. -Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarına əsasən H.Əliyev adına X6 “Bitum” istehsalı üzrə 9 nömrəli istehsalat sahəsinin operatoru Zərərçəkmiş şəxs sağlamlığının yüngül zərərvurmaya aid yanıq xəsarəti alması faktına dair toplanmış 507-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar