Məhkəmə qərarları › İş №3(007)-254/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-254/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-254/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin yol patrul inspektoru X1 tərəfindən tərtib olunmuş 18.01.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.01.2022-ci il tarixdə saat 01:15 radələrində “Vaz 21074” minik markalı ** FU *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Z.Bünyadov prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 18.01.2022-ci il tarixdə saat 01:15 radələrində “Vaz 21074” minik markalı ** FU *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Z.Bünyadov prospektində hərəkətdə olarkən yol polisi əməkdaşı tərəfindən saxlanılmış və sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, inzibati işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsi tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 18 yanvar 2022-ci il tarixli 1/267 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, tibbi müayinə zamanı Şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan AD seriyalı 402313 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs verilmiş “B” kateqoriyalı vəsiqə 10.08.2030-cu il tarixədək etibarlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə işin hallarını və inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək və başqa şəxslər tərəfindən inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələ baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələ baxılması üçün aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar