Məhkəmə qərarları › İş №3(007)-2540/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2540/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2540/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bxətiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib olunmuş İXP ******* saylı 12.10.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 oktyabr 2021-ci il tarixdə, saat 20:00-da, idarə etdiyi “TOYOTA LAND-CRUİSER-PRADO” minik markalı ** OD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, H.Əliyev prospektində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, idarə etdiyi “TOYOTA LAND-CRUİSER-PRADO” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 11 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində H.Əliyev prospekti ilə hərəkətdə olarkən, zolaqları dönmə işıq siqnalları ilə tez-tez sağa və sola keçərək ziqzaqvari hərəkətlər etmiş, lakin yol hərəkəti iştirakçılarına maneə törətməmiş, əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Bakı şəhəri, Nizami rayon, Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs 11 oktyabr 2021-ci il tarixdə, saat 20:00-da, idarə etdiyi “TOYOTA LAND-CRUİSER-PRADO” minik markalı ** OD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, H.Əliyev prospektində hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə birlikdə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmiş və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Məhkəmə zamanı inzibati işə əlavə olunmuş və inzibati xətanın aşkarlanmasında istifadə olunan videogörüntü əks olunan CD diskə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.1-cü maddələrinin əlamətinin mövcudluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, Şəxs törətmiş olduğu inzibati xəta işə əlavə olunmuş videogörüntü, izahatlar, inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır, həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin hallarını və inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək və başqa şəxslər tərəfindən inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələ baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələ baxılması üçün aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar