Məhkəmə qərarları › İş №3(007)-2541/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2541/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2541/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 28 oktyabr 1979-cu il tarixdə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ tərəfindən qəbul edilmiş 19.08.2021ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 ünvan 3 ünvanda yerləşən “Sandıq” restoranında masa arxasında 6 nəfər şəxsdən artıq şəxsin əyləşməsinə şərait yaradaraq karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X1 məhkəməyə şikayət verərək, sahibkar olduğu “Sandıq” restoranında daim karantin qaydalarına ciddi əməl olunduğunu qeyd etmiş və verilən qərarın heç bir hüquqi sübutu olmadığı üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətə uyğun izahat verərək göstərmişdir ki, sahibkar olduğu “Sandıq” restoranında karantin qaydalarına ciddi əməl olunmuş, heç bir pozuntuya yol verilməmiş və restoranda karantin qaydalarının pozulmasına dair iddialar əsassızdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati orqana vaxtında bildiriş göndərilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İnzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti inzibati xəta haqqında qərarla əlaqəli yoxlayıb, X2 izahatını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İnzibati iş üzrə qəbul edilmiş 19.08.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən X2 tənbeh edilməsi haqqında müəyyən edilmiş cərimənin məbləği Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası çərçivəsində fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər üçün müəyyən edilmiş məbləği ehtiva etmir. Bununla, məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən X2 barəsində qanunun müvafiq normasında nəzərdə tutulmuş tənbeh növü düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-si tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-si tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar