Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2547/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı həmin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 bildirmişdir ki, MMC-nin hüquqi ünvanı ünvan 1 kimi qeydə alınmışdır və Nizami RPİ DYPŞ-nin hazırkı işlə bağlı bildirişi həmin ünvan üzrə göndərilərək xx xxxxxxx 2020-ci il tarixdə binanın komendantı Arif İbrahimova verilmişdir. Lakin komendant bildirişi ona yalnız xx xxxxxxx 2020-ci il tarixdə vermişdir. O, bildirişi aldıqdan sonra dərhal polis orqanına cavab məktubu tərtib edərək xx xxxxxxx 2020-ci il tarixdə rəsmi təqdim etmişdir. DYPŞ-nin bildirişi MMC-yə daxil olmadığına görə onun vaxtında cavablandırılması mümkün ola bilməzdi. Faktiki olaraq isə, o, MMC-yə gələn məktub və ya digər sənədlərin qəbul edilməsi işini MMC-nin yerləşdiyi binanın komendantına həvalə etməmiş və icazə verməmişdir. İnzibati xətaya yol verilmədiyi üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 82A nömrəli binanın komendantıdır. Nizami RPİ-dən daxil olmuş bir ədəd zərfi, binada yerləşən Şəxs MMC-nin rəhbərinə təqdim etmək üçün, binanın komendantı kimi xx xxxxxxx 2020-ci il tarixdə qəbul etmişdir. Lakin həmin gün və sonrakı günlərdə MMC-nin rəhbəri və ya hansısa işçisi gəlmədiyinə görə zərfi özündə saxlamışdır. Əlaqə telefonlarını bilmədiyi üçün isə onlara şifahi qaydada məlumat da verə bilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə MMC-nin rəhbəri Ramiz Cavadov gəlmiş və qəbul etdiyi zərfi həmin şəxsə təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahidin ifadəsini dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus “X5 minik” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xəbərnamənin surətindən görünür ki, Bakı şəhəri Nizami RPİ DYPŞ-nin Şəxs MMC-yə ünvanlanmış bildirişi poçt xəbərnaməsinə xx xxxxxxx 2020-ci il tarixdə “İbrahimov” tərəfindən imza edilərək alınmışdır. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nin Şəxs MMC-yə ünvanlanmış bildirişi xx xxxxxxx 2020-ci il tarixdə icra olunaraq cavab məktubu xx xxxxxxx 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin müvafiq vəzifəli şəxsi tərəfindən vaxtında alınmamışdır, bildiriş MMC-nin qeydiyyatda olduğu hüquqi ünvan üzrə binanın komendantı tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Hansı ki, ona belə səlahiyyət verilməmişdir. Komendant həmin bildirişi xx xxxxxxx 2020-ci il tarixdə ünvan sahibinə təqdim etmiş, bildiriş həmin tarixdə icra olunaraq xx xxxxxxx 2020-ci il tarixdə sorğu verən DYPŞ-nə təhvil verilmişdir. Beləliklə, sorğunun MMC-nin səlahiyyətli şəxsi tərəfindən alınması, MMC-yə daxil olması öz təsdiqini tapmır. Xəbərnaməyə bina komendantı tərəfindən imza edilsə də, onun Şəxs MMC-nin nümayəndəsi, səlahiyyətli şəxsi olmadığı müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, qeyd olunan qaydada tərtib olunmuş xəbərnamənin mövcud olması barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni həmin hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri Nizami RPİ DYPŞ-nin sorğusunun həmin İdarəyə daxil olduğu öz təsdiqini tapmadığından, Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2547/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2547/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver