Məhkəmə qərarları › İş №3(007)-2548/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2548/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2548/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, X1 və qərarından şikayət verilmiş X5 iştirakları ilə, X1 Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati protokoldan və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2020-ci il tarixli qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində qəbul edilmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokoldan və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2020-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək onun barəsində tərtib olumuş protokol və qərardan məlumatsız olduğunu bildirərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, ona maska taxmaması səbəbindən cərimə yazıblar. Halbuki həmin vaxt maska onun ağzında idi. Onun covid pasportunun olub-olmaması ilə bağlı məlumata baxarkən, ondan şəxsiyyət vəsiqəsini istədilər, o da, heç bir mübahisə etmədən şəxsiyyət vəsiqəsini ona təqdim etdi. Həmin vaxt ona qeyri-qanuni cərimə yazılıb (100 manat). Maskadan düzgün istifadə etdiyini nəzərə alaraq, qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan nümayəndəsi məhkəmə iclasında çıxış edərək qeyd olunan protokol və qərarın 3 il öncə tərtib olunduğunu qeyd edərək, hal-hazırda işin bütün hallarını xatırlamadığını bildirdi. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli qərara əsasən X6 xx.xx.2020ci il tarixdə 12:18 radələrində ictimai nəqliyyatda tibbi maska taxmadığına görə karantin qaydalarını pozmuş, buna görə də İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokololmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2020-ci il tarixdə həqiqətən də maskadan düzgün istifadə etməməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi inzibati xətaya dair qərarı qəbul etmiş orqan tərəfindən mümkün olmamışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-in 211.2-cü maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar