Məhkəmə qərarları › İş №3(007)-2557/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2557/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2557/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsi, X9 kompleksi ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmaması səbəbindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin sahə inspektoru X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasında xırda xuliqanlıq etdiyinə görə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində qardaşı Elvin Abbaslı yol polisi və Post Patrul Xidməti əməkdaşları tərəfindən 25-ci polis şöbəsinə aparılmışdır. O, da qardaşının arxasınca şöbəyə getmişdir. Qardaşının saxlanılma səbəbini soruşduqda yol polisinə tabesizlik göstərilməsini bildirmişlər. O, polis şöbəsinin inzibati binasında heç kimə qarşı nalayiq ifadələr işlətməmiş, heç kimi təhqir etməmişdir. Lakin, növbətçi hissədə olan polis mayoruna anasına “həyasız” ifadəsini deməsi səbəbindən o, da “həyasız anandır” ifadəsi ilə ona cavab vermişdir. Bütün bunları nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Nizami RPİ-nin 25-ci PŞ-nin mayoru X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 09:00-da 25-ci PŞ-də məsul növbətçi olduğu zaman DYP-nin əməkdaşları tərəfindən Q.Qarayev prospektində hərəkət edən ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 qardaşı Şəxs 25-ci polis şöbəsində yüksək səslə polis əməkdaşlarına qarşı kobud rəftar və ünvansız söyüşlər ifadə edərək polisin qanuni tələblərinə tabe olmayaraq əl qol hərəkətləri etmişdir. Şəxs dəfələrlə nizam intizama dəvət etmələrinə baxmayaraq, o, buna məhəl qoymayaraq polis şöbəsinin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə 25-ci PŞ-nin həyətində polis əməkdaşı oğlu Hüsaməddinin əlində telefonu görüb onun tərəfindən çəkiliş etməsini zənn etmiş və telefonu tələb etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Daha sonra isə Aqil Sadıqovun otağında olarkən, polis əməkdaşı Mahir Məmmədov onun özündən telefonunun təhvil verilməsini ya da söndürülməsini tələb etmişdir. O, razılaşmadıqda Mahir Məmmədov ona qarşı “həyasız” ifadəsini işlətməklə oğlunun diqqətini çəkmişdir. Bu səbəbdən də oğlu Hüsaməddin eyni ifadəni onun yaxınları barəsində işlətməklə aralarında mübahisənin yaranmasına səbəb olmuşdur. Bundan sonra sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsi tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, Şəxs törətmiş olduğu inzibati xəta raportla, izahatlarla, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.2 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, o cümlədən davranışını nəzərə alaraq, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini zəruri saymır və ona təqsirli bilindiyi hər iki maddələrin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il, saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il, saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar