Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2563/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 28 mart 2024-cü il tarixdə saat 01:00 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurub dərəcəsi təyin olunmayan xəsarət yetirməklə, onu qəsdən döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/12 ünvanında yerləşən evlərində olduğu zaman qapı döyülmüş, qızı Məryəm qapını açanda gələnin Məryəmin rəfiqəlik etdiyi Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Həmin vaxt Aynurə yüksək səslə Məryəmin və onun ünvanına nalayiq ifadələr, təhqiredici sözlər işlətməyə başlamışdır. Gecə vaxtı olmasına baxmayaraq, Aynurə məhəllədə səs salmışdır ki, “ay camaat, məni öldürürlər”. Lakin Aynurə yalan məlumat verir, o, Aynurəni vurmamışdır. Bir ona baxın, bir də Aynurəyə baxın, o, Aynurəni vursaydı, sağ qalmazdı. Aynurə onun qaynının gəlini olub, onu əvvəllər evlərinə qonaq çağırmışdır, ona görə evinin içini yaxşı bilir. Aynurə onların evinə daxil olmamış, gəldiyi kimi də salamat çıxıb getmişdir. Aynurə ilə barışmamışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Şəxs qızı Məryəmlə təxminən 2 ilə yaxın rəfiqəlik etmişlər, sonradan Məryəmin onun haqqında əxlaqsız sözlər, ifadələr işlətdiyini eşitmişdir. Buna görə zəng etsə də Məryəm onun nömrəsini “blok”a atdığına görə onunla danışa bilməmişdir. 27 mart 2024-cü il tarixdə Məryəmlə söhbət edib bu məsələni aydınlaşdırmaq üçün onun Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/12 ünvanında yerləşən evinə getmişdir. Yolda polislər onu saxlayıb yubatdıqlarına görə Məryəmgilin evinə çatanda 28 mart 2024-cü il saat 01 radələri olmuşdur. Evin girişində söhbət etmişlər, Məryəmə demişdir ki, onun ətrafı var, barəsində niyə danışır. Lakin Məryəm ona təhqiredici sözlər demiş, o isə cavabını qaytarmışdır. Sonra anası Mətanət demişdir ki, ayıbdır, qonşular var, içəri girsin, orada danışsınlar. Onu evin ikinci mərtəbəsinə qaldırmışlar, orada anası Mətanət onu tutmuş, qızı Məryəm isə döymüşdür. Ana-bala ikisi də onu döymüşlər, Mətanət saçından tutub onu aşağı əymiş, Məryəm isə başına təpiklə vurmuşdur. O, Məryəmgilin evinə getdiyi üçün peşmandır, lakin ona qarşı söydükləri üçün o da söymüşdür. Həm də qışqırmışdır ki, qonşular köməyə gəlsinlər. O, günahını bilir, amma bu, o demək deyil ki, orada onu döyməli idilər. Şəxs ilə barışmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında X4 və Şəxs ilə qonşuluqda yaşayır. 28 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində həmin qonşularının evindən səs-küy gəlmişdir. Bayıra çıxanda “kömək edin, silahla adam öldürürlər” deyə səslər eşitmişdir. Bayıra çıxanda belinin ağrısı da tutmuşdur. Sonradan adını bildiyi Aynurə adlı xanım ondan su istəmiş, eyni zamanda həmin qonşularını söymüşdür. O, xanıma niyə söydüyünü demişdir. Lakin xanım maşına oturaraq çıxıb getmişdir. Sonra polislərə zəng edilib məlumat verilmişdir. Həmin hadisə zamanı digər qonşular da narahat olmuş, qapıdan boylanmışlar. Özü hadisənin şahidi olmamışdır, ancaq qonşunun evindən gələn səs-küyü eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 aprel 2024-cü il tarixli 259 canlı şəxsin ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldırın, sağ süd vəzinin qançırı, sağ çənəaltı nahiyənin, sol ağız bucağı nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə, X4 və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Nizami RPİ-nin 23-cü PB-nə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır, belə ki, təhqiqat zamanı toplanaraq tədqiq edilmiş sübutlarla inzibati xətanın öz təsdiqini tapdığı, o cümlədən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı ona müvafiq xəsarətlərin yetirilməsi, xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənmələri, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 28 mart 2024-cü il tarixdə alınmalarının mümkün olması, xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsinin, eləcə də yıxılma nəticəsində alınmalarının inkar olunması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, Şəxs baxılan iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, məhkəmə xərcinin tutulmasına əsas olan ekspertiza keçirilməmişdir. Bundan başqa, vəkilin iş materialları ilə tanış olaraq məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2563/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2563/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver