Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2565/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 1/2, mənzil 82də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ev 92, mənzil 46-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 28 mart 2024-cü il tarixdə saat 01:00 radələrində ünvan 1 ünvanında yerləşən evin girişində, daha sonra evin daxilində həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onların ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Məryəmlə təxminən 2 ilə yaxın rəfiqəlik etmişlər, sonradan Məryəmin onun haqqında əxlaqsız sözlər, ifadələr işlətdiyini eşitmişdir. Buna görə zəng etsə də Məryəm onun nömrəsini “blok”a atdığına görə onunla danışa bilməmişdir. 27 mart 2024-cü il tarixdə Məryəmlə söhbət edib bu məsələni aydınlaşdırmaq üçün onun Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/12 ünvanında yerləşən evinə getmişdir. Yolda polislər onu saxlayıb yubatdıqlarına görə Məryəmgilin evinə çatanda 28 mart 2024-cü il saat 01 radələri olmuşdur. Evin girişində söhbət etmişlər, Məryəmə demişdir ki, onun ətrafı var, barəsində niyə danışır. Lakin Məryəm ona təhqiredici sözlər demiş, o isə cavabını qaytarmışdır. Sonra anası Mətanət demişdir ki, ayıbdır, qonşular var, içəri girsin, orada danışsınlar. Onu evin ikinci mərtəbəsinə qaldırmışlar, orada anası Mətanət onu tutmuş, qızı Məryəm isə döymüşdür. Ana-bala ikisi də onu döymüşlər, Mətanət saçından tutub onu aşağı əymiş, Məryəm isə başına təpiklə vurmuşdur. O, Məryəmgilin evinə getdiyi üçün peşmandır, lakin ona qarşı söydükləri üçün o da söymüşdür. Həm də qışqırmışdır ki, qonşular köməyə gəlsinlər. O, günahını bilir, amma bu, o demək deyil ki, orada onu döyməli idilər. Əməlindən peşmandır, məhkəmə necə bilirsə, elə də olsun. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/12 ünvanında yerləşən evlərində olduğu zaman qapı döyülmüş, qapını açanda gələnin əvvəllər rəfiqəlik etdiyi Şəxs olduğunu görmüşdür. Həmin vaxt Aynurə yüksək səslə onun və anasının ünvanına nalayiq ifadələr, təhqiredici sözlər işlətməyə başlamışdır. O, Aynurənin həmin hərəkətlərini videoya çəkmiş, 102-yə də zəng edib məlumat vermişdir. Orada Aynurə səsini başına atmış, gecə vaxtı məhəllədə səs salmışdır ki, “ay camaat, məni öldürürlər”. Həmin vaxt o, Aynurəni vurmamışdır, Aynurə onların evindən salamat çıxıb getmişdir. Onlar evin ikinci mərtəbəsində yaşayırlar, evə qalxmaq üçün balaca dəmir pilləkən var, o, Aynurəni orada döysə idi, onun sümükləri də qırılardı. Nə o, nə də anası Aynurəni döyməmişlər, səs-küyə qonşular da tökülmüşlər. Aynurə ilə barışmamışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/12 ünvanında yerləşən evlərində olduğu zaman qapı döyülmüş, qızı Məryəm qapını açanda gələnin rəfiqəlik etdiyi Şəxs olduğunu görmüşdür. Həmin vaxt Aynurə yüksək səslə Məryəmin və onun ünvanına nalayiq ifadələr, təhqiredici sözlər işlətməyə başlamışdır. Gecə vaxtı olmasına baxmayaraq, Aynurə məhəllədə səs salmışdır ki, “ay camaat, məni öldürürlər”. Lakin Aynurə yalan məlumat verir, o, Aynurəni vurmamışdır. Bir ona baxın, bir də Aynurəyə baxın, o, Aynurəni vursaydı, sağ qalmazdı. Aynurə onun qaynının gəlini olub, onu əvvəllər evlərinə qonaq çağırmışdır, ona görə evinin içini yaxşı bilir. Aynurə onların evinə daxil olmamış, gəldiyi kimi də salamat çıxıb getmişdir. Aynurə ilə barışmamışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2565/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2565/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver