Məhkəmə qərarları › İş №3(007)-2566/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2566/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2566/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndələri X1 və X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X4 və X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 14 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci Eninə, ev 2 olan Şəxs MMC tərəfindən 27 fevral 2025-ci il tarixdə X12 əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, onlarda olan müvafiq sənədləri təqdim etdiklərini göstərmiş və protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X14 digər nümayəndənin dəlillərini müdafiə etmiş və hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X13 izahatında göstərmişdir ki, partlayışın baş verməsi səbəbkarı Şəxs MMC deyildir. Yeraltı qazda sızma baş vermişdir. Səhər işığı yandıran zaman partlayış baş vermişdir. Ona səhər işə çatanda məlumat vermişlər. Ona bildirmişlər ki, 3 nəfər xəsarət almışdır. Digər iki nəfər marketin içərisində olmuşdur. Şəlalə onların marketinə müştəri qismində daxil olmuşdur. Şəlalə həmin vaxt əmək münasibətinə cəlb edilməmişdir. İşə cəlb ediləndə əmək müqaviləsi bağlayırlar. Kəmalə və Şəlalə hadisə zamanı orada səhər saatlarında olmuşlar. Mağaza hər region üzrə fərqli saatlarda işə başlayır. Qeyd etdiklərini nəzərə alıb, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı, o cümlədən mötəbər hesab olunacaq sübutun olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, onun Şəxs MMC ilə heç bir iş əlaqəsi olmamışdır. O, Xəzər rayonunda qaynıgildə olmuş, qaynına demişdir ki, onu evə aparsın, uşağı məktəbə aparmalıdır. Daha sonra demişdir ki, ərzaq mağazasının yanında saxlasın, girib yemək alsın. O, həmişə “kruasan” alır. Elə qapıdan içəri girən zaman partlayış olmuşdur. Saçı və əli bir az yanmışdır. O, Şəxs MMCdə işləməmişdir. Ondan DOST xidmətində və müstəntiq tərəfindən izahat alınmışdır. Onunla bağlanan müqavilədən xəbəri vardır. Satıcı kassir olmalı idi. 7-10 gün arası ərizə vermişdir ki, təlimi təxirə salınsın. Müqaviləyə əsasən ona DOST xidməti tərəfindən əmək haqqı ödəniləcəkdi. O, orada hələ təhkim işçi olacaqdı. Tək “OBA”da yox, başqa marketdə də ola bilərdi. Ona bir neçə market təklif etmiş, birini seçməsini demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, o, Şəxs Binə-3 filialında mağaza müdiri işləyir. Həmin gün o, işdə olmamışdır. Ona məlumat gəlmişdir ki, mağaza yanmışdır. Oraya getdikdə görmüşdür ki, market yanıb, kül olmuşdur. İşçi Kəmalə həmin vaxt xəsarət aldığı üçün birbaşa xəstəxanaya getmişdir. Onlarda 08:00da iş başlayır, işçi isə 7-də işə gəlir. Onun mağazasında 3 nəfər işçi işləyir. Onlarda təcrübə keçən yoxdur. Şəlalə onlarda işləməmiş, təlim də keçməmişdir. O, Şəlaləni orada görməmişdir. Digər xanım xəsarət almışdır və hələ də müalicə alır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, “X8 əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işlərin yerinə yetirilməsinə cəlb edilməsi” əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, “X8 əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işlərin yerinə yetirilməsinə cəlb edilməsi” ilə bağlı hüquqi nəticəyə gəlinməsini əsaslı edəcək hər hansı sübut əldə edilməmiş, məhkəmə iclasında təqdim olunmamış və ya məhkəmə tədqiqi ilə də müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat fialialı (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış 19 fevral 2025-ci il tarixli, MMTF-11/2025 nömrəli müqaviləyə əsasən, Sifarişçinin təklifi əsasında İcraçı müavilədə nəzərdə tutulmuş şərtlər əsasında “ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” üzrə hazırlıq kursuna cəlb edilmiş 20 nəfər müdavim üçün 20 gün, 80 saat həcmində tədris proqramı ilə peşə hazırlığının nəzəri hissəsini əyani və praktiki hissəsini əyani formada həyata keçirilməsini öhdəsinə götürmüşdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat fialialı tərəfindən həmin müqavilə əsasında 20 nəfər şəxsin, o cümlədən X8 27 fevral 2025-ci il tarixdən 20 gün, 80 saat həcmində “ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” üzrə peşə hazırlığını keçmək üçün "xxxx" MMC-yə göndərilməsi ilə bağlı göndəriş verilmişdir. 13 fevral 2025-ci il tarixli müqavilə əsasında isə, peşə təhsil müəssisəsi olan "xxxx" MMC-nin vasitəçiliyi və təşkilatçılığı ilə X12 Şəxs MMCdə 13 fevral 2025-ci il tarixdə təlim və təcrübəyə başlasa da, 14 fevral 2025-ci il tarixli yazılı müraciəti əsasında onun peşə hazırlığı təlim və təcrübədə iştirakı 15 gün, təxminən 2025-ci ilin mart ayının əvvəlinədək təxirə salınmışdır. 27 fevral 2025-ci il tarixində səhər saatlarında Şəxs MMC-nin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu ünvanında yerləşən OBA Market Binə-3 filialında X5 layihəsi əsasında təcrübəyə cəlb edilmiş X2 istehsalat amili, qaz sızması zamanı partlayış baş verməsi nəticəsində yanıq xəsarəti aldığı zaman, onun Şəxs MMC tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi, bu işlərin həcmi, növü, işin davam etmə müddəti, ona bu işlərin görülməsi haqqının ödənilib-ödənilməməsi və s. bu kimi xüsusi əhəmiyyət kəsb edən sübutlar əldə edilməmişdir. X8 qeyd olunan vaxt OBA Market Binə-3 filialında olması, heç də onun hüquqi şəxslə əmək münasibətlərində olması, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə qənaətə gəlinməsinə əsas vermir. Ümumiyyətlə isə, təcrübəçi kimi cəlb edilmiş və müqavilə şərtlərinə uyğun olaraq təcrübə müddətində minimum aylıq haqqı qədərində təqaüdünün X11 tərəfindən ödənilməsi nəzərdə tutulmuş şəxsin, konkret olaraq X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi absurd haldır. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla, belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxs tərəfindən fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Buna baxmayaraq, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilməmiş, sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Yuxarıda qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlar baxımından hesab edir ki, baxılan işə münasibətdə əlavə araşdırma aparılması üçün əsaslar qalmamışdır, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, Azərbaycan Respublikası İXMnin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin icraatına xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar