Məhkəmə qərarları › İş №3(007)-2568/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2568/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2568/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X1 və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən və Bakı şəhəri Nizami RPİnin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığında idarə etdiyi “BMW” markalı avtomaşını saxlayaraq, DYP əməkdaşlarına qarşı kobudluq və aqressivlik göstərmişdir. Bundan başqa, Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs, xx.xx.2023-cü il tarixdə, saat 23:15-də, idarə etdiyi “BMW 535i minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmişdir. Bu barədə 09 may 2023-cü il tarixdə müvafiq olaraq MN ******* saylı və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərarına əsasən, 3(007)-2568/2023 və 3(007)-2583/2023 saylı inzibati işlər bir icraatda birləşdirilmiş və bir icraatda birləşdirilmiş işə 3(007)-2568/2023 saylı nömrə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:15-də, idarə etdiyi “BMW 535i minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə hərəkət edərkən YPX əməkdaşları ona saxla işarəsi vermişlər. Həmin vaxt avtomaşında onun iki dostu da olmuşdur. O, avtomaşını saxladıqdan sonra YPX əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etmədən qolunu onun avtomaşınının pəncərəsindən içəri salmışdır. Bundan sonra, qapını açıb onu maşından bayıra çıxarmışdır. Bundan sonra o, hadisə yerinə PPX əməkdaşları çağırmış və həmin vaxt da, YPX əməkdaşı öz qanunsuz hərəkətlərinə davam etmişdir. O, videogörüntülərə baxmışdır, ola bilsin ki, bəlkə də manevr etmə qaydalarını pozmuşdur, lakin qəti surətdə qeyd edir ki, o, avtoxuliqanlıq etməmiş, heç bir polis əməkdaşını söyməmiş, təhqir etməmiş, xırda xuliqanlıq etməmişdir. Əksinə YPX əməkdaşları onunla kobud rəftar etmişlər. Göstərdiklərinin nəzərə alınaraq, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X7 barəsində icraat aparılan şəxsin izahatını və xahişini müdafiə etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X5 izahatında bildirdi ki, Şəxs, xx.xx.2023-cü il tarixdə, saat 23:15-də, idarə etdiyi “BMW 535i minik” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə hərəkət edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, avtoxuliqanlıq etmiş və bu hərəkətlərinə görə, onlar tərəfindən nəqliyyat vasitəsinə saxla işarəsi verilmişdir. Bundan sonra sürücüyə yaxınlaşaraq, qayda pozuntusu törətməsi bildirilmiş, lakin sürücü və yanında olan sərnişinlər səs-küy salıb, ictimai qaydanı pozmuşlar. O, dəfələrlə sürücüyə onun qanuni tələbinə tabe olması, qayda pozuntusu törətməsi və sənədləri təqdim etməsini bildirsə də, sürücü öz hərəkətlərini davam etdirmiş və onlar nəticədə PPX əməkdaşlarının köməyi ilə sonuncunu polis bölməsinə aparmışlar. Bölmədə həmin şəxs barəsində protokol tərtib edilmiş, o cümlədən yol-hərəkəti qaydalarını pozduğuna görə o, sürücü barəsində protokol tərtib etmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X11 yol patrul xidməti inspektoru X4 məhkəmə iclasında İ.H.Musayevlə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X8 izahatında bildirdi ki, Şəxs, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Bravo” marketin yaxınlığında idarə etdiyi “BMW” markalı avtomaşını saxlayaraq, DYP əməkdaşlarına qarşı kobudluq və aqressivlik göstərmişdir. Buna görə də, PPX əməkdaşları həmin şəxsi polis bölməsinə gətirmiş və o, sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş “CD” diskə baxış zamanı inzibati xəta haqqında protokolda qeyd edilən halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsləri və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 510 və 511.1.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 511.1.3-cü maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı tutma protokoluna əsasən 09 may 2023-cü il tarixdə saat 23:21-də tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 750 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün əmək haqqı Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 511.1.3-cü maddəsi ilə onun barəsində, 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar