Məhkəmə qərarları › İş №3(007)-2569/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2569/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2569/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3, protokol tərtib edən şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2025-ci il tarixdə , saat təxminən 12:00 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Alov” parkında Koroğlu metrostansiyasının çıxışında səs-küy salaraq ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, protokolu tərtib etmiş səlahiyyətli şəxsin mövqeyinə görə İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş 23-cü Polis Bölməsinin sahə inspektoru məhkəməyə verdiyi izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə radələrində, saat təxminən 12:00 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Alov” parkında Koroğlu metrostansiyasının çıxışında qanunsuz küçə ticarəti ilə məşğul olarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Daha sonra şəxs 23-cü polis bölməsinə təmin edilmiş və orada tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Nizami RPİ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı X5 çıxış edərək bildirdi ki, Şəxs mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Alov” parkında Koroğlu metrostansiyasının çıxışında qanunsuz küçə ticarəti ilə məşğul olur, dəfələrlə ona xəbərdarlıq edilməsinə, barəsində protokol tərtib olunaraq cərimə olunmasına baxmayaraq yenə də öz qanunsuz hərəkətlərinə davam edir. Ayağında xəstəlik olmasını bəhanə gətirərək yenə də qanunsuz küçə ticarəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində sözügedən ünvanda Şəxs yenidən qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün ona yaxınlaşaraq öz iradlarını bildirmişlər, lakin o, onlara qarşı ictimai yerdə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, onların qanuni tələblərinə qarşı tabesizlik göstərmiş, müxtəlif orqanlara onlardan şikayət edəcəyinə dair hədə-qorxu gələrək “sizin paqonunuzu sökdürəcəm, sizə o paqon çoxluq edir” kimi ifadələr işlətmişdir. Həmçinin şəxs barəsində əvvəllər də İXM-nin müqavfiq maddələri ilə protokol tərtib olunmuş, məhkəmə tərəfindən inzibati qaydada cərimə olunmuşdur. Lakin bundan dərs çıxarmayaraq yenə öz əməllərinə davam edir. Suallara cavab olaraq bildirdi ki, Şəxs özü onlarla birlikdə PB-nə getmiş, onlara qarşı hər hansı əlqol hərəkəti, fiziki təsir olmamış, hadisə zamanı hər hansı fiziki güc tətbiq olunmamışdır. Lakin ona onlarla birlikdə PB-nə gəlmədiyi təqdirdə fiziki güc tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, himayəsində 15, 12 və 8 yaşlarında 3 uşağı var, böyük uşağı serebral iflic xəstəliyindən əziyyət çəkir, özünün isə ayağında xəstəlik var. Ailəyə yeganə qazanc gətirən şəxsdir. Uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Alov” parkında Koroğlu metrostansiyasının çıxışında küçə ticarəti ilə məşğul olur, qulaqcıq sataraq gəlir əldə edir. Əvvəllər həmin ünvanda küçə ticarəti ilə məşğul olmaya görə polis əməkdaşlarına müəyyən məbləğlərdə ödənişlər etmiş, son vaxtlarda həmin ödənişin məbləğini qaldırdıqları üçün ödəyə bilməmiş, ödəməkdən imtina etmiş, bu səbəbdən son bir neçə ay ərzində dəfələrlə protokol tərtib olunmuş, cərimə olunmuşdur. Hazırki halda isə yenidən barəsində qanunsuz olaraq protokol tərtib olunmuşdur. Belə ki, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onlara qarşı heç bir tabesizlik göstərməmiş, onlara qarşı uca səslə nalayiq ifadələr işlətməmiş, ətrafa bununla əlaqədar başqa şəxslər toplaşmamışdır. Onlar ona yaxınlaşaraq PB-nə getməli olmasını bildirmiş, o da heç bir etiraz etməyərək sakitcə polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə isə barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Göstərilən ünvanda müşahidə kameraları var, həmin kameralr tərəfindən qeydə alınmış video görüntülərə baxış keçirilsə, onun heç bir qayda pozuntusuna yol vermədiyi sübut olunar. Həmçinin suallara cavab olaraq bildirdi ki, icarə haqqını ödəməyə, barəsində tətbiq olunmuş inzibati qaydada cərimələri ödəməyə maddi imkanı olmadığı üçün onları ödəyə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 məhkəmə iclasında bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmiş, ictimai qaydanı pozmamış, xırda xuliqanlıq etməmişdir. Polis tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şəxsin həmin əməli törətməsi ilə bağlı polis əməkdaşlarının heç bir sübutu yoxdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, inzibati xətanın törədilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, onun əməlində İXM-nin 510 və 535-ci maddələrinin tərkib əlamətləri aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 510 və 535.1-ci maddələrinin tərkibini yaratmır. Çünki İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 510 və 535.1-ci maddələri üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs məhkəməyə verdiyi ifadəsindən bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq hər hansısa müqavimət göstərməmiş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 22 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal həbsdən azad edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 02 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 22 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar