Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2576/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, Ailəvi yataqxana, ev 24, mənzil 54də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 45, mənzil 24-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 may 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 25 aprel 2025-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “BMC Procity 125M CNG avtobus” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində hərəkətdə olarkən “Lotos” Ticarət Mərkəzinin qarşısındakı piyada keçidində yolu soldan sağa doğru keçən Zərərçəkmiş şəxs yol verməyərək hərəkətini davam etdirmiş, həmin vaxt avtobusun arxa sol təkəri piyadanın sağ ayağının barmağı üzərindən keçməsi nəticəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də sürücü işləyir. 25 aprel 2025-ci il tarixdə saat 08 radələrində 7A nömrəli marşrut xətti üzrə işləyən “BMC Procity 12M” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə “Neftçilər” metrostansiyası istiqamətindən “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində təxminən 35-40 km/saat sürətlə hərəkətdə olan zaman “Lotos” ticarət mərkəzinin qarşısında piyada keçidindən bir nəfər piyada kişi qaçaraq yolu soldan sağa doğru keçmişdir. Avtobusda sərnişin çox olduğu və məsafə az olduğun üçün o, əyləci basa bilməmiş və həmin piyada qaçdığı vəziyyətdə avtobusun arxa soluna dəymişdir. O, qarşıda avtobus dayanacağında dayanmış, yan güzgüdən baxmış və görmüşdür ki, piyada oradan getmişdir, ona görə heç nə olmadığını düşünərək avtobusu sürüb getmişdir. Təxminən 2 saat sonra ona polisdən zəng olunmuş və polis idarəsinə dəvət edilmişdir. Həmin vaxt bilmişdir ki, avtobusun arxa sol təkəri Zərərçəkmiş şəxs ayaq barmağının üzərindən keçmişdir. Hadisə vaxtı avtobusda təxminən 20 nəfərdən çox sərnişin olmuşdur. O, tormoz versə, piyada keçidinin üzərində saxlamış olacaqdı və avtobusdakılar da xəsarət almış olacaqdı. Zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etmişdir. Əməlindən səmimi peşmandır. Həyat yoldaşının birinci evliliyindən olan üç uşağa o baxır, birgə evliliklərindən də bir uşaqları var, beləliklə himayəsində dörd uşaq var, həyat yoldaşı hazırda hamilədir. Atası birinci Qarabağ müharibəsi veteranıdır, anası şəkər xəstəsidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 25 aprel 2025ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində “Lotos” ticarət mərkəzinin qarşısında piyada keçidi iə yolu digər tərəfə keçən zaman “Neftçilər” metrostansiyası istiqamətindən hərəkət edən 7A nömrəli marşrut xətti üzrə işləyən **-JZ- *** dövlət qeydiyyat nişanlı avtobus ona yol verməmiş və həmin avtobusun arxa sol təkəri onun sağ ayağının barmaq hissəsinin üstündən keçmişdir. Həmin avtobusun sürücüsü saxlamamış və sürüb çıxıb getmişdir. Bundan sonra o, ayağında ağrılar hiss etdiyi üçün DİN-in 102 xidmətinə zəng vurub xəbər vermişdir. O, yolu qaça-qaça keçməmiş, sadəcə olaraq sürətli yerimişdir. İki cərgədə maşınlar ona yol vermiş, lakin üçüncü cərgədə hərəkət edən avtobusun sürücüsü yol verməmişdir. Hazırda hadisəni törədən Şəxs ondan üzr istədiyinə və ailə vəziyyətini nəzərə alaraq, onunla barışır, şikayəti və tələbi yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 02 may 2025-ci il tarixli 459 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs – hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın İ barmağının şişkinlik halında əzilməsi və dırnaq falanqasının dırnaq yatağı ilə birlikdə qançırı olmuşdur. Qeyd olunan xəsarət - bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınması mümkündür və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 13 may 2025-ci il tarixli qərardan görünür ki, HK-1/268 nömrəli araşdırma materialı üzrə baş vermiş hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.6-cı maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyət məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2576/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2576/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver