Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2578/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizə sektorunun müdiri X1, həmin orqanın nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili “De Fendo” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydiyyata alınmış Şəxsnə məxsus informasiya sistemində (https://admin.kaan.az/login) fərdi məlumatların mühafizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində 14 may 2025-ci il tarixdə Şəxsnə (VÖEN:**********5) məxsus informasiya sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən həmin şirkətin müştəriləri olan fiziki şəxslərə dair fərdi məlumatların kənar şəxlər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq sistemin inzibatçısının giriş məlumatları kənar şəxslər tərəfindən ələ keçirilmiş və internetdə yayılmışdır. Nəticədə həmin informasiya sisteminə giriş məlumatları vasitəsilə daxil olmaq, həmçinin həmin sistemdə olan fiziki şəxslərin fərdi məlumatlarının - ad, soyad, ata adı, əlaqə nömrələri, elektron poçt ünvanı, sifariş predmeti (məhsul, sifarişin kodu, qiyməti, ödəniş məbləği, ödəniş metodu (taksitlə, nağd və s.), ödəniş statusu, ödənişin valyutası, çatdırılma və ya qaytarılma statusu, sifariş statusu) kimi məlumatlarının əldə edilməsi və admin səlahiyyəti olan digər hərəkətlərin icrası mümkündür. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Qanunun 5.5-ci maddəsinə əsasən, fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Qanunun 5.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə “Fərdi məlumatların mühafizəsinə dair tələblər” təsdiq edilmişdir. Bu tələblər fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. Həmin Tələblərə əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı mülkiyyətçi və operatorlar fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi (Maddə 2.1.2), fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması (Maddə 2.1.3), fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması (Maddə 2.1.5), fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi (Maddə 2.1.6), fərdi məlumatlar üzərində aparılan əməliyyatların yalnız fərdi məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatlar və proqram təminatı əsasında həyata keçirilməsi (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi) (2.1.7), informasiya mühafizə vasitələrindən istifadə edən şəxslərə həmin vasitələrlə işləmə qaydalarının öyrədilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsi (Maddə 2.1.10), ilə bağlı texniki-təşkilati tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti haqqında” Əsasnamənin 1.1-ci yarımbəndinə uyğun olaraq, Elektron Təhükəsizlik Xidməti fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görən, əlaqələndirici qurum olan icra hakimiyyəti orqanıdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 15 may 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi Cemil lldıza müvafiq pozuntu halı ilə bağlı ətraflı məlumatlar verilmiş və əyani olaraq pozuntu halı göstərilmiş, pozuntunun təcili şəkildə aradan qaldırılmadığı təqdirdə hansı nəticələrə səbəb olacağı və Azərbaycan Respublikası İXM-nin 100.1.5-ci maddəsinə uyğun olaraq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan həmin Məcəllənin müvafiq maddəsi izah edilmiş və müvafiq sistemdə təxirəsalınmaz zəruri texniki-təşkilati tədbirlərin həyata keçirilməsi istiqamətində metodiki dəstək göstərilmişdir. Hüquqi şəxsin qanuni təmsilçisi işin halları ilə bağlı əlavə sənədlər təqdim edəcəyini bildirsə də, 16 may 2025-ci il tarixdə təqdim ediləcək əlavə sənəd olmadığını bildirmiş və protokolun onların iştirakı olmadan tərtib edilməsini xahiş etmişdir. Buna görə inzibati xəta haqqında protokol həmin qaydada tərtib olunmuş və protokolun surəti məktubla hüquqi şəxsin ünvanına göndərilmişdir. Sistemə daxil olanda Şəxs adı düşür. Əgər müqavilə ilə X bir şirkətə həvalə edilibsə, onlar sistemə daxil olanda X şirkətinin adı düşməli idi. Bu şirkətdə iki faktoru təsdiqləmə belə yoxdur. Adi sistemə daxil olmaq olur. Sanksiyasında 300-500 manat məbləğində cərimə nəzərdə tutulan iş üçün əlavə ekspertiza təyin edib xərc çəkmək əvəzinə gedib sistemlərindən məlumatların qorunmasını gücləndirmək üçün tədbirlər görməlidirlər. Hüquqi şəxsin vəkilinin ekspertiza təyin edilməli olması barədə göstərdiklərinin əsası yoxdur. Proqram təminatında tapılan boşluq proqram təminatı ilə bağlıdır. Öhdəlik başqasına ötürülsə belə, mülkiyyətçini məsuliyyətdən azad etmir. Lokal şəbəkədə məhdudiyyət gətirirsən, sadəcə öz şirkətində məlumatlara daxil olurlar. Burada məlumatlar hamıya daxildir. Müqavilə hostinq üçündür. Onu əhatə etmir. Qeyd edilən fərdi məlumatıların mühafizəsini mülkiyyətçinin özü həyata keçirməli idi. Hostinq söhbəti başqa məsələdir. Həm “front”da, həm də “back”da problem olmuşdur. “Front”da porblem olduğu üçün “back”a də giriş olmuşdur. Hostinqdən irəli gələn heç bir qüsur yoxdur. Problem proqram təminatındadır. Təqdim edilən müqavilədən görünür ki, tələsik hazırlanmış müqavilədir. Orada iki tərəfin iradə ifadəsi görünməlidir. Digər şirkətin imzası yoxdur. Həmçinin digər müqavilədə də sadəcə hostinqi ötürüb. Fərdi məlumatların mühafizəsinin dövlət təhlükəsizliyindən irəli gəldiyini nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizə sektorunun müdiri X2 yuxarıda göstərilən məzmunda izahat vermiş, fərdi məlumatı götürən işləyən tərəfin onun təhlükəsizliyini təmin etməli olduğunu göstərmiş və protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili “De Fendo” vəkil bürosunun vəkili Vəkil izahatında göstərmişdir ki, işin obyektiv, tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İXM-nin 82.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə kompüter-texniki ekspertizasının təyin edilməsini xahiş edirlər. Belə ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumatların toplanılması və işlənilməsi mülkiyyətçi və ya operator tərəfindən yerinə yetirilir. Burada operator - fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxsdir. Kaan.az saytına diqqət yetirildikdə, orada həmin sayta texniki xidmət göstərən şəxsin ONE Studio MMC olduğu aşkara çıxır. Bu səbəbdən də obyektiv həqiqətin aşkar edilməsi üçün saytın hazırlanarkən nöqsanlı olub-olmaması və ya sonradan istifadə zamanı nöqsanların yaranıb-yaranmaması, bu nöqsanların sonradan aradan qaldırılmasının mümkün olub-olmaması kimi halların aşkar edilməsi zəruridir. Onların müqaviləsi vardır, onlar səlahiyyəti ötürmüşlər. Müqavilədən də görünür ki, inzibati xəta haqqında protokolda qeyd olunanlar operatorun vəzifəsidir. Şəxs məsuliyyət daşıya bilməz. Subyekt düzgün seçilmədiyindən Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə törədilməsi ehtimal olunan inzibati xətaya münasibətdə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs tərəfindən törədilmişdir. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin vəkilinin təqdim etdiyi müqavilələrə görə, Şəxsnə aid veb sayt üçün hostinq dəstəyi xidmətinin müvafiq operator tərəfindən həyata keçirilməsi, sifarişçinin xidmətdə yaranmış qüsur və çatışmazlıqları öz hesabına aradan qaldırmalı olması müəyyən edilsə də, bu müqavilə şərti, yalnız həmin qüsur və çatışmazlıqların kimin hesabına aradan qaldırılmasını tənzimləyən şərtdir, fərdi məlumatların mülkiyyətçisinin fərdi məlumatların mühafizəsinin təmin olunmasında məsuliyyət məsələsini, burada, onun məsuliyyətinin olmamasını, təqsirsizliyini müəyyən edən şərt deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblər”ə əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı mülkiyyətçi və operatorlar fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi, fərdi məlumatlar üzərində aparılan əməliyyatların yalnız fərdi məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatlar və proqram təminatı əsasında həyata keçirilməsi (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi), informasiya mühafizə vasitələrindən istifadə edən şəxslərə həmin vasitələrlə işləmə qaydalarının öyrədilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsi ilə bağlı texniki-təşkilati tədbirlər görməlidir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və törədilən xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsinə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2578/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2578/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver