Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2581/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 14 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 14 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində özünə məxsus “Hyundai Elantra” markalı ** XX *** dövlət nömrə nişanlı avtomobili ilə Nizami rayonu, Qara Qarayev prospektindən Özbəkistan küçəsinə dönərkən yol polisi inspektoru ona saxla işarəsi vermişdir. Əməkdaş ona yaxınlaşıb özünü təqdim edərək onun AR İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat 3 bal məbləğində cərimə olunacağını bildirmişdir. O, həmin maddədə göstərilən hansı hallara görə cərimə olunduğunu soruşduqda inspektor ona dönmə əməliyyatını icra edən zaman işıqforun qadağanedici işarəsini gözləmədən hərəkətinə davam etdiyini əsas gətirərək ona öz şəxsi telefonu ilə çəkilmiş 5-6 saniyəlik qeyri-müəyyən bir video görüntü təqdim etmişdir. O, video görüntüyə təkrar baxmaq istədikdə inspektor videonu ona göstərməkdən imtina edərək barəsində protokol tərtib edəcəyini bildirmişdir. O, qanunvericiliyin tələbləri çərçivəsində inspektordan həmin videonu ona təkrar göstərməsini xahiş etmişdir. Çünki videoda ona nisbət verilən avtomobilin işıqforun qadağanedici işarəsi yanarkən yox, yanıb sönərkən hərəkət etdiyi görünür və avtomobilin dövlət nömrə nişanı görünmədiyindən bu hal həmin avtomobilin ona aid olmasını şübhə altına salır. İnspektora “bu kadrlarla protokol tərtib etmək qanun pozuntusudur” demiş və buna görə inspektora öz iradını bildirmişdir. İnspektor da onun iradını nəzərə alıb barəsində qərarsız protokol tərtib edərək bildirmişdir ki, şikayətin araşdırılması üçün onu idarəyə dəvət edəcəklər. Dialoqları bu şəkildə bitmişdir. xx.xx.2024-cü il tarixində isə ona məxsus asanpay elektron kabinetinə AR İMX-nin 327.2ci maddəsi ilə 80 manat məbləğində 3 bal cərimə olunduğuna dair sms gəlmişdir. Düşünür ki, onun iştirakı olmadan xx.xx.2024-cü il tarixində barəsində inzibati tənbeh haqqında çıxarılmış TP ******* nömrəli qərar mövcud qanunvericiliyin tələbləri pozularaq çıxarılmışdır. Hesab edir ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən orada səlahiyyətli orqan tərəfindən onun iştirakı da təmin olunmalı idi. Lakin BDYPİ onun iştirakı olamadan həmin protokola icra qərarı tədbiq edərək mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda barəsində tətbiq olunan inzibati xəta haqqında tənbeh qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Yuxarıda göstərilən halları nəzərə alaraq, BDYPİ tərəfindən barəsində çıxarılan TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, qərardan şikayət vermiş X3 “Hyundai Elantra” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında 04 may 2024-cü il tarixdə saat 14:58-də idarə edərkən svetaforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Həmin xəta ərazidə xidmət aparan yol patrul xidməti inspektoru tərəfindən yerində aşkar olunaraq sürücü barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta həmçinin Təşlükəsiz Şəhər Kamerası ilə də qeydə alınmışdır. Məhkəməyə təqdim olunan videogörüntü ilə də həmin fakt öz təsdiqini tapmışdır. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin YPX inspektoru tərəfindən tərtib eidlmiş 04 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 may 2024-cü il tarixdə saat 14:58-də “Hyundai Elantra minik” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 ünvan 1 ünvanında “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 14 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai Elantra minik” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 ünvan 1 ünvanında 04 may 2024-cü il tarixdə saat 14:58-də “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” 04 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 04 may 2024-cü il tarixdə saat 14:58də “Hyundai Elantra minik” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərini pozmaqla svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsinin hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, inzibati xəta hadisəsi Bakı şəhər Baş Polis İdarəsinin Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yolpatrul xidməti inspektoru tərəfindən bilavasitə aşkar edilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X1 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, X1 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Təqdim olunan videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilən baxış zamanı da inzibati xətanın törədilməsi və bu xətanın törədilməsində X1 təqsirli olması təkzibolunmaz qaydada sübuta yetirilmişdir. Ona görə X1 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 14 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2581/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2581/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver