Məhkəmə qərarları › İş №3(007)-2588/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2588/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2588/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 26 avqust 1987-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 333.1-ci maddəsi ilə Azərbaycan Respublikasının DİN Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:25 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində “Lexus GS300” minik markalı, 90 0M 086 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilinin dövlət qeydiyyat nişanları mövcud standartlara uyğun olmadığı üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 342.7 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini və qanunu pozmadığını bildirdi. Göstərdi ki, hadisə zamanı təqribən saat 23:25-də sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçmiş, nəticədə onun spirtli içki qəbul etdiyi aşkarlanmışdır. Lakin o, nəticə ilə razılaşmayaraq, təqribən saat 00:35 radələrində özü tibbi müayinədən keçmiş və nəticədə ayıq olduğu müəyyənləşdirilmişdir. Barəsindəki inzibati xəta haqqındaki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Protokol tərtib etmiş tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab etmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmək inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 333.1-ci maddəsi ilə məhkəməyə göndərilmiş materiallarda Şəxs həmin inzibati xətanın törədilməsini təsdiq edən sübutlar kimi: inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 2/27958 saylı və xx.xx.2022-ci il tarixli 1/1851 saylı müayinə aktları olmuşdur. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 2/27958 saylı aktdan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində müayinə aparılmış və nəticədə 0,470 % alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan Şəxs özünün şəxsən xx.xx.2022-ci il tarixdə saat 00:35 radələrində tibbi müayinədən keçərək əldə etdiyi “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 1/1851 saylı protokoldan görünür ki, Şəxs ayıqdır və onda alkoqol qəbulu əlamətləri yoxdur. Məhkəmə qeyd edir ki, iki tibbi müayinə aktı arasındakı müddət fərqi 01 saat 15 dəqiqə müəyyən edilmişdir. Bunu nəzərə alaraq, belə qısa müddət ərzində barəsində inzibati xətaya dair icraat aparılan şəxs barəsində aparılmış tibbi müayinənin nəticələri arasında mövcud ziddiyyət, müayinə aktının düzgünlüyünü şübhə altına qoyur ki, bu da öz növbəsində barəsində inzibati xətaya dair icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəməyə göndərilmiş sübutlarla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, ona görə Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməli, İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə isə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinsin və iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Azərbaycan Respublikasının DİN Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Nigar Qədirli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar