Məhkəmə qərarları › İş №3(007)-2593/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2593/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2593/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı Metropolitenində polis şöbəsinin 08 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Metropolitenində polis şöbəsinin 08 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 07 oktyabr 2021-ci il tarixdə anası ilə metronun “Q.Qarayev” stansiyasına girəndə fikirli olduğundan (Binəqədi rayon 4-cü polis bölməsinə gedirdi, pulunu mənimsəyən dələduzdan şikayət verməyə) maska taxmağı unutmuşdur. Çantasını x-ray aparatından keçirdikdən sonra çantasını götürüb içindən maskasını çıxarıb taxmışdır. Kamera görüntüləri də bunu təsdiq edə bilər. Saat 13:50 radələri olmuşdur. Orada olan polis serjantı ondan kimliyini istəmiş, o da təqdim etmişdir. Kimliyini alıb portalı açdıqdan sonra maska taxmadığı üçün cərimə yazdığını söyləmişdir. Onu maska taxması üçün xəbərdarlıq etsəydi, (etməyib) dərhal yerinə yetirərdi. Pandemiya dövründə bu məsuliyyəti hər zaman daşımışdır. İlkində xəbərdarlıq etsəydi və onun xəbərdarlığına əhəmiyyət vermədən maskasız yoluna davam etsəydi, cərimə yazmağına etiraz etməzdi. O, həm də hazırda işsizdir, maddi gəliri də yoxdur. Pandemiya dövründə bir vətəndaş olaraq hər zaman həssas davranmış, karantin qaydalarına riayət etmişdir. Bu qədər məsuliyyətli olduğu halda, işsizdir deyə, həssas dövrdə bu cərimənin yazılması ona həm maddi, həm də mənəvi zərbədir. Ona yazılmış cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı Metropolitenində polis şöbəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı Metropolitenində polis şöbəsinin polis nəfəri X6 tərəfindən tərtib olunmuş 07 oktyabr 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 07 oktyabr 2021-ci il tarixdə saat 13:47-də Q.Qarayev ərazisində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı Metropolitenində polis şöbəsinin 08 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 07 oktyabr 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı digər qərarlarına əsasən xüsusi karantin rejiminin və müvafiq məhdudiyyətlərin müddətləri uzadılmaqla yanaşı 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmiş, lakin yuxarıda qeyd edilən məkanlarda, o cümlədən qərardan şikayət vermiş X2 inzibati xətanı törətdiyi yer üzrə metrostansiyanın daxilində tətbiq edilən qadağalar qüvvədə saxlanılmışdır. Bu Qərarların tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımalı olduqları təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X3 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sərnişindaşımada istifadə olunan nəqliyyat vasitəsi hesab olunan metroda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edilməsinə baxmayaraq, 07 oktyabr 2021-ci il tarixdə həmin qaydaları pozaraq metrostansiyanın daxilində fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməklə Nazirlər Kabinetinin bununla bağlı qərarının tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X3 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl etməyərək, belə pozuntuya yol vermişdir, hansı ki, onun özü də yol verdiyi inzibati xəta hadisəsini etiraf edir, irəli sürdüyü dəlillər, o cümlədən polis əməkdaşının əvvəlcədən ona xəbərdarlıq etməli olması ilə bağlı dəlili isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 08 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün həmin Məcəllənin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı Metropolitenində polis şöbəsinin 08 oktyabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar