Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2602/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 04 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 04 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin əməkdaşı X1 tərəfindən barəsində qəbul olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən idarə etdiyi avtomobillə “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə”yə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində istifadəsində olan nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə hərəkətdə olaraq hərəkətini bitirərkən həmin yol kəsişməsindən hərəkətə başlayaraq düzünə hərəkət etmək istəyən digər nəqliyyat vasitəsi yol hərəkəti qaydalarının tələblərini pozaraq onun idarə etdiyi avtomobilin sol tərəfinin orta hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobilinə maddi ziyan dəymişdir. Tərəfindən inzibati xətaya yol verilmədiyindən, yol kəsişməsində, yolun hərəkəti üçün tam təhlükəsiz olmasını müəyyən etmədən, düzünə hərəkət etmək üçün hərəkətə başlamış digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulmasına baxmayaraq DYPŞ-nin əməkdaşı törətmədiyi inzibati xətaya görə tələb və etirazlarına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, qeyd olunan inzibati xətaya yol vermədiyinə, həmin protokolla razı olmadığına və qanunun tələblərinin icra olunmasını tələb etsə də əsaslı tələbləri, hüquqları və qanunun tələbləri vəzifəli şəxs tərəfindən təmin olunmamışdır. Vəzifəli şəxs tərəfindən törətmədiyi inzibati xəta üzrə barəsində protokol tərtib edilərkən protokolun surəti qanunla nəzərdə tutulmuş qaydada ona təqdim olunması, hüquq və vəzifələrinin izah olunması da təmin edilməmiş, inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, çoxsaylı müraciətlərindən sonra protokol üzrə qəbul olunan qərarı bir neçə gün əvvəl əldə etməyə nail olmuşdur. Hüquqlarını və qanunun tələblərini pozmaqla, tərəfindən törədilməyən xətaya görə qəbul edilmiş qərar məhkəmə qaydasında qanunsuz hesab edilməklə ləğv edilməlidir. Bakı şəhəri Nazimi rayon polis idarəsinin dövlət yol polis şöbəsinin polis mayoru X1 tərəfindən barəsində qəbul olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X4 idarə etdiyi “BMW” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, R.Rüstəmov küçəsində 12 aprel 2023-cü il tarixdə saat 08:45-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan inzibati xəta hadisəsinin qeydə alındığı video görüntülər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda inzibati araşdırma zamanı hadisənin iştirakçısı olan 3 nəfər sürücünün izahatı alınmış, hadisənin sxemi tərtib olunmuşdur. X4 R.Rüstəmov küçəsində qəflətən sağdan sola doğru manevr etmiş, bu zaman həmin küçə ilə hərəkət edib köməkçi yola daxil olmaq istəyən “Qaz 31” markalı avtomobilin yoluna çıxaraq toqquşmuş, sonra idarəetməni itirərək köməkçi yola daxil olmaq istəyən “Toyota Prius” markalı avtomobilə dəymişdir. Hadisə iştirakçıları sərxoşluq müayinəsindən keçirilmişlər, belə hal aşkar olunmamışdır, onların hüquq və vəzifələri izah edilməklə yazılı izahatları alınmışdır, X4 da işin faktiki hallarına uyğun qaydada əməlini etiraf etmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 04 may 2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 20 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “BMW 540 minik” markalı **- VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 04 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “BMW 540 minik” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 Bakı şəhəri, R.Rüstəmov küçəsində 12 aprel 2023-cü il tarixdə saat 08:45-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə, 20 aprel 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, inzibati xəta hadisəsi qərarda göstərilən qaydada baş vermişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskdəki 03 ədəd faylda olan video görüntülərə məhkəmə iclası iştirakçıları ilə baxış keçirilərkən inzibati xəta haqqında protokolda, inzibati tənbeh vermə haqqında qərarda və qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin izahatı ilə müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 12 aprel 2023-cü il tarixdə saat 08:45-də “BMW 540 minik” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, R.Rüstəmov küçəsində idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X2 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin 04 may 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2602/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2602/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver