Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2604/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (Jafarov Rasul) və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Şəxs (Jafarov Rasul) Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs (Jafarov Rasul) xx.xx.2020-ci il tarixdə H.Əliyev prospektində yerləşən “Bravo” hipermarketdə polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı H.Ş.Süleymanov tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə PB-nin əməliyyat qrupunun rəhbəri qismində xidmətdə olan zaman növbətçi hissəyə daxil olmuş məlumat əsasında polis əməkdaşı ilə birlikdə H.Əliyev prospektində yerləşən “Bravo” hipermarketə getmişlər. Qeyd olunan ünvana çatdıqda “Bravo” hipermarketin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılmış bir nəfər şəxsi PB-nə dəvət etmişlər. Həmin şəxs onları kobud ifadələrlə hədələmiş və onların qanuni tələblərinə tabe olmamışdır. O, dəfələrlə qanuni tələbinə tabe olması barədə xəbərdarlıq etsə də həmin şəxs “Sizi səfirliyə şikayət edəcəyəm, başınıza oyun açacağam” və s. kimi ifadələrlə onları hədələmişdir. Bundan sonra ətrafdakı insanların gözü qarşısında onları itələyərək oradan qaçmağa çalışmışdır. Sonra onlar həmin şəxsi avtomobilə əyləşdirərək PB-nə gətirmişlər. PB-də həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (Jafarov Rasul) izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə H.Əliyev prospektində yerləşən “Bravo” hipermarketə alış-veriş etmək məqsədilə getmişdir. “Kapital Bank”a daxil olub 20 manat pulu xırdalamışdır. Sonra “Bravo” marketdən su almışdır. Onda təngənəfəslik olduğu üçün taxdığı tibbi maskanı aşağı salmışdır. Buna görə də marketin əməkdaşı ilə arasında mübahisə olmuşdur. Sonra polis əməkdaşları gəlib onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşlarından onu nə səbəbə bölməyə apardıqlarını soruşmuşdur. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs (Jafarov Rasul) Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs (Jafarov Rasul) məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs (Jafarov Rasul) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs (Jafarov Rasul) tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdə saat 17:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1989-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Şəxs (Jafarov Rasul) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2020-ci il tarixdə saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X3 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (Jafarov Rasul) 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2604/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2604/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver