Məhkəmə qərarları › İş №3(007)-2610/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2610/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2610/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09.09.2021-ci il tarixdə idarə etdiyi və ona məxsus “Honda Accord” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən DYP əməkdaşı onu saxlamış, qayda pozuntusuna yol verdiyini bildirərək barəsində 327.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib etmişdir. Hesab edir ki, protokol qanunsuzdur. İXM-nin 8-ci maddəsinə əsasən sübut etmə vəzifəsi protokol tərtib etmiş orqanın vəzifəsi olduğundan polis əməkdaşına qayda pozuntusunun ona sübut edilməsi və izah edilməsini xahiş etsə də o, protokol tərtib etmiş, sübutu isə idarədə olacağını bildirmişdir. Bundan sonra həmin protokoldan DYPİ-nə şikayət ünvanlamışdır. 23.09.2021-ci il tarixdə formal araşdırma aparılmış heç bir kamera görüntüsü, əlavə sübut olmadan barəsində TP ******* saylı qərar qəbul edilmişdir. İnzibati tənbeh etmə haqqında qərar ona 11.10.2021-ci il tarixdə çatmışdır. Göstərilən inzibati xəta barədə iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin və Yol Patrul Xidməti haqqında təlimatın 13.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, bunun üçün isə protokolu tərtib etmiş DYP əməkdaşının istifadə etdiyi patrul avtomobilində qayda pozuntusunun qeydə alındığı video kameranın materiallarına baxmaq lazımdır. Ümumiyyətlə, İXM-nin 8.2-ci maddəsinə əsasən aydın olur ki, inzibati xətanın törədilmiş olmasını və həmin xətanın məhz bu sürücü tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Ona görə də DYP əməkdaşının tərtib etdiyi protokol və ona əlavə olan digər materiallar (əgər varsa) əsasında qayda pozuntusu və bu pozuntuda sürücünün təqsirini sübut etmək mümkün deyildirsə, iş üzrə icraata xitam verilməlidir, hətta qayda pozuntusunun törədilmiş olmasına şübhələr olarsa, həmin şübhələr də sürücünün xeyrinə həll edilməlidir (İXM-nin 8.3-cü maddəsi), yəni sürücünün təqsiri və müvafiq xətanı törətmiş olması aydın və əsaslandırılmış şəkildə sübut edildikdə, inzibati tənbeh (o cümlədən cərimə) tətbiqi barədə qərar çıxardılmalıdır. Qununvericiliyin sadalanan tələblərindən göründüyü kimi, Baş X4i İdarəsi yuxarıda qeyd olunan İXM-nin 8-ci maddəsinin tələblərini pozmaqla idarə etdiyi və ona məxsus “Honda Accord” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə tərtib edilmiş İXP ******* saylı protokol üzrə ona hər hansı sübut təqdim etmədən barəsində 23.09.2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə qanunsuz TP ******* saylı qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ-nin X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİnin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar