Məhkəmə qərarları › İş №3(007)-2615/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2615/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2615/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Ermənistan Respublikası, Eçmiədzin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi ev 214, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 18 oktyabr 2021-ci il tarixdə saat 14:00-da Məhsəti və Rüstəmov küçələrinin kəsişməsində polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, ikinci qrup əlildir, lakin sənədlərini oğurlamışlar, eyni zamanda hər ay aldığı 650 manat pensiyanı altı aydır ki, kəsmişlər. 18 oktyabr 2021-ci il tarixdə içkili vəziyyətdə DİN-nin 102 xidmətinə zəng edərək intihar edəcəyini demiş və başına gələnlərlə bağlı şikayət etmişdir. Bundan sonra şikayətinin 25-ci polis şöbəsində araşdırılacağını bilərək yaxınlıqda yerləşən həmin şöbəyə getmişdir. Orada olarkən sərxoşluq dərəcəsinin yoxlanılması üçün həkimə getməli olduğunu demişlər, lakin o, bundan imtina etmişdir. Hazırda ayılmışdır, başa düşə bilmir ki, sərxoşluq vəziyyətinin yoxlanılmasına getmədiyi, polislərə müqavimət göstərmədiyi, mübahisə etmədiyi halda hansı əsasla onun barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili X2 izahatında göstərmişdir ki, növbətçilik cədvəlinə uyğun olaraq 18 oktyabr 2021-ci il tarixdə 25-ci polis şöbəsində xidmətdə olmuşdur. DİN-nin 102 xidmətindən verilmiş məlumata əsasən bir nəfər kişi rayon məhkəməsinin qarşısında intihar edəcəyini bildirmişdir. Məlumat əsasında qeyd olunan ünvana getmək istədikdə sonradan şəxsiyyəti müəyyənləşdirilən Şəxs özü polis şöbəsinə gəlmişdir. Şəxs həddindən artıq içkili vəziyyətdə olduğundan onu sərxoşluq müayinəsindən keçirmək üçün aparmaq istəmişlər. Lakin o, getmək istəməmiş, müqavimət göstərmişdir. Buna görə də Şəxs qanuni tələblərinə tabe olmamasına dair raportla rəhbərliyə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol onun sərxoşluq vəziyyətinin müayinəsindən keçirilmək üçün getməkdən imtina etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, müvafiq səbəbdən intihar edəcəyi ilə bağlı məlumat vermiş şəxs sərxoşluq vəziyyətinin yoxlanılması üçün aparılmaqdan imtina etmişdir. Belə olan halda, şəxsi sərxoşluq vəziyyətinin yoxlanılması üçün aparmalı olan polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edən şəxsi kimi qəbul edilə bilməz, eləcə də bundan imtina edən şəxsin hərəkəti polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bir sözlə, ilk növbədə tələbin özü qanuni olmalıdır ki, ondan imtina müvafiq məsuliyyətə səbəb olmalıdır. Şəxs münasibətdə bu hal baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar