Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2623/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu, Şəfəq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, Şəxs ünvan 1 ünvanında yerləşən Keşlə ət kombinantında yerləşən malyar sexinin elektrik şitini söndürərək xx.xx.2025-ci il tarixində elektrik şitindən sonra sexə qədər olan təxminən 12 metr içərisi misdən olan (16-lıq) elektrik naqilini, xx.xx.2025ci il tarixində 27 metr elektrik naqilini və sonuncu dəfə xx.xx.2025-ci il tarixində təxminən 35 metr 16-lıq içərisi misdən olan elektrik naqilini oğurlayaraq X3 174,64 manat ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. O həmçinin bildirmişdir ki, şəxs kabeli kəsib motoru atır və ancaq kabeli götürür. Şəxs arxa tərəfdən qəsdən gəlib gördüyü kameraların şunurunu kəsir, daşla vurub kameranı zədələyir. Şəxsin oğurluq etdiyi yer işlədiyi yerin yanında olmuşdur. Onun işlədiyi yerin ətrafındakı iş yerlərində də kameralar olmuş, orada işləyənlər həmin kameraların hamısının cərəyan edib xarab olmasını bildirmişlər. Lakin onların kameraları Şəxs zədələdiyindən xəbərləri olmamışdır. Buna səbəb isə şəxsin həmin ünvanlarda da oğurluq etməsi olmuşdur. Sonradan həmin yerə görünməyən kiçik ölçülü kamera qoyulmuş və əməlin Şəhruz Alanov tərəfindən edildiyi müəyyən edilmişdir. Şəhruz kabelleri oğurlayıb 15-20 manata satmış, halbuki həmin kabellər alınanda baha alınır. Belə ki, 36 metrlik kabel üçün hər dəfə 70-80 manat pul verilir. Həmin yerdə əvvəllər həftədə 1 dəfə oğurluq olsa da şəxs son vaxtlar həftədə 2 dəfə oğurluq etmişdir. Şəxs barəsində əvvəllər İXM-nin 535.1-ci maddəsi ilə inzibati iş olmuş və tərəfindən çox yerlərdə oğurluq edilmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 “Whatsap” proqramı vasitəsilə online qaydada izahat verərək bildirmişdir ki, o, ət kombinantının idarə heyətinin sədridir. Şəxslə arasında barışıq yoxdur, ziyan ödənilməmişdir. Şəxs ziyanı ödəyəcəyi təqdirdə barışıq əldə edə bilər, onlar zərəri tələb edirlər. Zərəri ödəməsə onun buraxılmamasını və Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd etmişdir ki, əməlindən peşmandır, özünü təqsirli bilir. Birinin 14 yaşı, digəri yetkinlik yaşına çatmaqla 2 övladı vardır, böyük oğlu müharibədə yaralanmış, 2-ci qrup qazidir. Uşaqlar anaları ilə Zərdab rayonunda qalır. Əlillik qrupu yoxdur, ancaq əvvəllər müharibədə iştirak etmişdir. Barəsində əvvəllər inzibati işlər olmuşdur. Mebel salonunda işləyir və 500 manat əmək haqqı alır. 150 manat kirayə verir, 100-150 manat uşağına göndərir. Ona görə də həmin əmək haqqı ona qane etmir. 20 metr şunuru kəsib 15-20 manata metallurgiyaya vermişdir. Zərəri indi ödəməyə imkanı yoxdur, lakin dəymiş zərəri 1 ay müddətinə ödəyə bilər. Əgər barəsində həbs qətimkan tədbiri seçilsə işindən olacaq və kirayə ödəyə bilməyəcəkdir. Barəsində cərimə cəzası verilməsini xahiş etmiş və 1 ay ərzində cərimə məbləğini ödəyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Vəliyev tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi və X3 174,64 manat maddi ziyan vurmaqla oğurluq edən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, TTR 4x4 kateqoriyalı 74 ədəd elektrik naqilinin ümumi qiyməti ƏDV ilə 174,64 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə inzibati xəta törətmiş şəxsin izahatında göstərilənləri onun məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, onun irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-584/2024 saylı qərarı ilə İXM-nin 227-ci maddəsi üzrə inzibati xətaya görə inzibati tənbeh aldığı halda eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 25 may 2025-ci il tarixdə, saat 12:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi müəyyən edilmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, məhkəmə xərcinin tutulmasına əsas olan ekspertiza keçirilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 25 may 2025-ci il tarixdən, saat 12:30-dan hesablansın. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN X4 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-2623/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2623/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver