Məhkəmə qərarları › İş №3(007)-2624/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2624/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2624/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 12 yanvar 1981-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddələsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı Şəxs sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC (+)” aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru, polis mayoru Məmməd Əliyev protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, 23 may 2025-ci il tarixində əməliyyat qrupunda olan zaman vətəndaş Ələhməd ilə Nurlan adlı şəxs Nizami rayon Post Patrul Xidmətinin əməkdaşları tərəfindən növbətçi hissəyə təhvil verilmişdir. Orada bildirilimişdir ki, Əlif Hacıyev küçəsində yerləşən “Badə” restoranında yemək yedikdən sonra çölə çıxmış, narkotik qəbulundan şübhəli bilinib 25-ci Polis Şöbəsinə gətirilmişlər. Vətəndaşın barəsində protokol tərtib edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Vətəndaş müvafiq müayinədən keçirilməsi üçün səhərə kimi şöbədə saxlanılmış, səhər narkoloji dispanserə aparılmış və akt əldə edilmişdir. Akt ilə müəyyən edilmişdir ki, sidiyində narkotik vasitə aşkar edilib. Təkrar rəy narkoloji dispanserdən alınmış və tərəflərindən protokol tərtib edilib baxılması üçün məhkəməyə təqdim edilmişdir, Vətəndaş bildirir ki, narkotikin nə olduğundan belə anlayışı yoxdur, narkotiki tanımır. Şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq polis şöbəsinə şübhəli şəxs qismində gətirilmişdir. Sonradan Respublika Narkoloji Mərkəzində həkim narkoloji müayinəsindən keçirilmiş və narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Şəxs təhqiqatçı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı tərtib etdikdən sonra buraxmış, tərəflərindən bundan sonra şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə isə azad olunmuşdur. Belə ki, rəy və aktda gecikmə baş verdiyi üçün şəxsi saxlaya bilməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əməlinə görə özünü təqsirli bilir, səmimi peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Azyaşlı 2 övladı var, övladlarından biri xəstədir. Maşın ustasıdır və 600 manat əmək haqqı alır. Əlilliyi yoxdur, barəsində əvvəllər inzibati və cinayəti işi olmamışdır. O, 2 ay bundan əvvəl rayonda toyda olmuş, toydan çıxanda əyləşdiyi maşında onunla birlikdə tanımadığı 3-4 nəfər də olmuşdur. O, onları tanımasa da bilirdi ki, aralarında olan bir nəfər narkotik istifadəçisidir. Həmin vaxt içkili olmuş, Ələt ərazisinə yaxınlaşanda siqaret istəmiş, siqareti çəkəndən bir az sonra özünü pis hiss etməyə başlamışdır. Bu zaman ona siqaret verən şəxs ona səhv siqaret verdiyini bildirmişdir. Bundan sonra nə olduğunu anlamış, o, siqaret kimi xeyli miqdarda narkotik vasitə çəkmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, həmin tarixdə, saat 23:15-də tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 X3 X2 xx.xx.2025-ci il tarixli, 3099 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olmuş, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs əməli içkili vəziyyətdə törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 30.2 və 31.2-ci maddələrində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar