Məhkəmə qərarları › İş №3(007)-2626/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2626/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2626/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X5, onun nümayəndəsi Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Vəkil, inzibati xəta protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, X5 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. X5 yazılı vəsatətinə əsasən qərardan şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis bölməsinin sahə rəisi X8 həmin bölmənin sahə inspektoru X6 tərəfindən barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* protokola və “inzibati xəta haqqında işin digər materiallarına” baxaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN1580900 saylı qanunsuz qərar qəbul etmişdir. Qəbul olunmuş qərara və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin maddədə nəzərdə tutulan ictimai qaydanı pozan hər hansı hərəkətlər onun tərəfindən törədilməmişdir. Həmin hərəkətlərə yol vermədiyinə görə prokotol və qərarla razı olmamış, bununla bağlı qanunla ona verilmiş hüquqlarından istifadə etmək istəsə də, həmin hüquqlarından istifadə etməyinə imkan verilməyərək hüquqlardan məhrum edilmiş, qərar qəbul etmiş şəxs öz səlahiyyətlərini də aşmışdır. Barəsində protokol tərtib olunaraq qərar qəbul edilərkən qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsi, protokolla tanış olaraq qanunla nəzərdə tutulmuş hüquqlarındam istifadə olunması, tərtib olunmuş protokol və qəbul edilmiş qərarın təqdim olunmasının tələblərinə baxmayaraq təmin edilməmişdir. Şikayət edilən qərar və protokol xx.xx.2025-ci il tarixdə tərəflərindən əldə edilmişdir. Qərar və protokolda törədilən inzibati xəta üzrə işin halları, xətanın nədən ibarət olması və onun mahiyyəti haqqında hər hansı məlumat qeyd edilməmiş, heç bir araşdırma aparılmamışdır. Qanunun tələblərini və hüquqlarını pozmaqla törətmədiyi inzibati xətaya görə barəsində tərtib edilmiş, qanunsuz (düzgün olmayan) protokol üzrə qəbul edilmiş natamam qərar qanuni hesab edilə bilməz. Bakı şəhəri Sabunçu RPİ 12-ci polis bölməsinin sahə rəisi X8 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, barsində protokol yazmış polis sahə inspektoru onu polis bölməsinə dəvət etmiş, o da, polis əməkdaşından kim olduğunu soruşmuşdur. Lakin onun bu sualı polis əməkdaşının xoşuna gəlməmiş, onunla kobud danışmışdır. Həmin vaxt iş yerində olmuş, əlində işi olmuş, üstü çirkli olmuşdur. Polis maşınına oturanda ona demişlər ki, “indi biz sənə başa salacayıq biz kimik”. O, nə səbəbdən saxlanıldığını başa düşməmişdir. Bölmədə ona yazı oxutdurmuşlar. Onunla polisdə elə rəftar etmişlər ki, elə bil o, “bandit”dir. Onu kamera olan otağa qoymuşlar, daha sonra Müqəddəs adlı həmin polis gəlmiş və “noldu Əziz, fikirləşdin?” sualını vermişdir. O isə, heç bir şey etmədiyinə görə fikirləşməli şey olmadığını demişdir. Sonra onu kameradan çıxarmışlar və demişlər ki, “gəl görək nə fikirləşdin”. O, 3 saata yaxın polis bölməsində qalmışdır. Polislər tərəfindən saxlanılarkən onlara qarşı qanunsuz hərəkətə yol verməmiş, o cümlədən xırda xuliqanlıq hərəkətləri etməmişdir. Bu barədə qərar əsassızdır. Şikayətinin təmin olunmasını və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin polis sahə inspektoru X6 izahatında göstərmişdir ki, 29 aprel 2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, vətəndaş X4 İşlər Nazirliyinin 102 mərkəzi zəng xidmətinə məlumat, Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə və izahat yazaraq bildirmişdir ki, 26 aprel 2025-ci il tarixdə özünə məxsus avtomobilin mühərrik hissəsində nasazlıq olduğu üçün avtoservisdə işləyən X3 avtomobili düzəltməsini xahiş etmiş və avtomobili ona vermişdir. Bir neçə gün sonra avtomobili götürmək üçün getdikdə avtomobilin yararsız halda olduğunu görmüşdür. Əziz Fərzəliyevə niyə avtomobili yararsız hala saldığını deyib ona verdiyi 500 manat pulu geri istədikdə, Əziz Fərzəliyev pulu geri qaytarmamaışdır. Yusif Yusifli bununla bağlı polisə şikayət edəcəyini bildirdikdə, Əziz Fərzəliyev ona “hara istəyirsən şikayət et, mən polisdən qorxmuram” ifadələrini işlətmişdir. Yusif Yusifli ona dəymiş ziyanın ödənilməsini və Əziz Fərzəliyev barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciətin araşdırılması zamanı izahatı alınmış X7 bildirmişdir ki, Yusif Yusifliyə məxsus avtomobili sonradan təmir etmiş və ona təhvil vermişdir. X7 barəsində 05 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi İlə inzibati protokol tərtib edilərək inzibati qaydada cəzalandırılmışdır. 07 may 2025-ci il tarixdə X1 RPİ-nin 12-ci PŞ-nə teleqram vuraraq daha X3 heç bir şikayəti olmadığını bildirmişdir. X7 iş yerində onlarla yüksək səslə danışdığı, ictimai qaydanı pozduğu üçün barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. O, dəfələrlə xahiş etsə də, X7 onunla polis bölməsinə getməkdən imtina etmiş, ünvanına məktub göndərməsini demişdir. Hesab edir ki, protokolu qanuni əsaslarla tərtib etmişdir, şikayət əsassızdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib olunmuş 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 may 2025-ci il tarixdə X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 barəsində tərtib edilmiş 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin 28 iyun 2025-ci il tarixli, 3-13-44-5/2-111-41285/11/25 nömrəli məktubun surətindən görünür ki, X5 05 may 2025-ci il tarixdə Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin polis sahə inspektoru Müqəddəs Rəsulzadə tərəfindən barəsində İXM-nin 510-cu maddəsi ilə əsassız inzibati xəta haqqında protokol tərtib edilməsi və qanunsuz hərəkətlərə məruz qalması barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Polis sahə inspektoru Müqəddəs Rəsulzadə verdiyi qəbahətlərə görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. X5 barəsində tərtib olunan 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və təqsirli bilindiyi 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunsa da, xətanın törədildiyi konkret yer, xətanın mahiyyəti və iş üzrə müəyyən edilmiş hallar göstərilməmişdir. Ona görə də, X5 xırda xuliqanlığın əlamətlərini özündə daşıyan məhz hansı xətanı törətməsi, xətanın hansı əməllərlə müayiət olunduğu aydın deyildir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Hansı ki, X7 tərəfindən 05 may 2025-ci il tarixdə belə əlamətlərlə müşayiət olunan inzibati xətanın törədilməsinə dair hər hansı sübut əldə olunmamış və inzibati araşdırma zamanı qiymətləndirilməmişdir. Hansı ki, İXM-nin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. İnzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə inspektoru məhkəmədə veridyi izahatında X5 iş yerində onlarla yüksək səslə danışdığı, ictimai qaydanı pozduğu üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib etdiyini göstərsə də, ictimai qaydanın pozulmasının özünü nədə ifadə etdiyini əsaslandıra bilməmiş, sübutlar təqdim edə bilməmişdir. X5 polis şöbəsinə hansı əsasla çağırıldığını, çağıran şəxsin kimliyini soruşması və ya rəsmi dəvət tələb etməsi və s. bu kimi qanuni tələblər irəli sürməsi, heç də onun ictimai qaydanı pozan hərəkətlərə yol verməsi kimi qəbul edilə və barəsində inzibati tənbeh tətbiq olunmasına əsas ola bilməz. Bu zaman, həmçinin nəzərə alınmalıdır ki, inzibati icraat zamanı Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin polis sahə inspektoru Müqəddəs Rəsulzadə tərəfindən qanunsuz hərəkətlərə yol verməsi, Bakı şəhər Baş Polis İdarəsinin 28 iyun 2025-ci il tarixli, 3-13-44-5/2-111-41285/11/25 nömrəli məktubu ilə də öz təsdiqini tapmışdır, belə ki, həmin polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin X5 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair 05 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar