Məhkəmə qərarları › İş №3(007)-2630/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2630/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2630/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 10 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 114, mənzil 94-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 14 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan 2330,4 manat məbləğində pulun "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2021ci il tarixli 2(007)-303/2021 nömrəli, 3225,95 manat məbləğində pulun “X4 Faktorinq” MMC-nin xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2022ci il tarixli 2(007)-924/2022 nömrəli, 2166,98 manat məbləğində pulun “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulmasına dair Bakı şəhəri 30 saylı notariat ofisinin 22 may 2021-ci il tarixli 3831 nömrəli icra sənədləri üzrə borcları ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədləri üzrə ümumilikdə 7703,33 manat borcunu ödəməyərək, icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədləri üzrə bir müddət ödəniş etmiş, sonra pandemiya dövrü başlamış, işsiz qalmışdır. Atası ağır xəstədir, iki azyaşlı uşağı vardır, ona görə borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Hazırda 150 manat ödəniş etmişdir, qalan məbləği də ödəməyə başlayacaqdır. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti nəzərə alaraq, həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədləri üzrə müəyyən ödənişlər etmişdir, hazırda icra sənədi üzrə tələbkara 150 manat ödəniş etmiş, qalan borcun ödənilməsi üçün tədbirlər görməyi öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmişdir, hazırda da qalan borcunu ödəməkdən yayınmır. Lakin əməlində inzibati xəta tərkibi olmadığı halda, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müdafiəçinin xidmətindən imtina etdiyindən hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına ödəniş aparılması məsələsinin müzakirəsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar