Məhkəmə qərarları › İş №3(007)-2630/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2630/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2630/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun İşıqlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Nəvai küçəsi ev 3/7-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 22 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 22 may 2024-cü il tarixdə saat 12:05 radələrində Nizami rayonu, Ə.Nəvai küçəsində ünvansız nalayiq sözlər deyərək söz mübahisəsi etmiş və polisin qanuni göstərişinə məhəl qoymamış, tabesizlik etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 22 may 2024-cü il tarixdə saat 12 radələrində Keşlə qəsəbəsi, Ə.Nəvai küçəsi 3/7 ünvanında evdə olarkən eşitmişdir ki, icra hakimiyyətindən və polisdən gəliblər, dayısı Allahverdinin ailəsi ilə yaşadığı evi sökürlər. Əvvəl anası bayıra çıxmış, 5 dəqiqə sonra eşitmişdir ki, səslər gəlir. Sonra dayısıgilin səslərini eşitmiş, fikirləşmişdir ki, polisin qarışdığı işə o, niyə çıxır ki, gəlib onu da şərləyib aparsınlar. Bir də görmüşdür ki, anası uzanıb yerə, mobil telefonunu tez götürüb anasını həmin vəziyyətdə çəkmişdir. Bundan başqa, dayısının döyülməsini də çəkmişdir. Polislər onun çəkdiyi videonu telefonundan silməsini tələb etmiş, daha sonra maşına oturmasını demişlər. O da tələbə əməl edərək maşına oturmuşdur. Hadisə yerində o, polislərə qarşı hər hansı tabesizlik etməmiş, onları söyüb təhqir etməmişdir. Sadəcə olaraq videoçəkiliş aparması polislərin xoşuna gəlməmişdir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X6 izahatında göstərmişdir ki, 22 may 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində avtopatrul vasitəsilə xidmət həyata keçirmişlər. Saat 12:05 radələrində efir vasitəsi ilə verilmiş göstəriş əsasında, qanunsuz aparılan tikinti ilə bağlı Əlişir Nəvai küçəsi 3/7 ünvanına getmişlər. İcra nümayəndələri ilə birlikdə qeyd olunan ünvana yaxınlaşmışlar, tikinti aparan şəxsdən tikintiyə icazəsinin olub-olmaması soruşulmuş, bu barədə sənəd təqdim etməsi təklif edilmişdir. Lakin həmin şəxs və ətrafında olan ailə üzvləri onları nalayiq söyüşlərlə söyüb təhqir etmiş, əllərində olan benzinlə özlərini yandıracaqları ilə təhdiq etmiş, qanuni fəaliyyətlərini həyata keçirməyə mane olmuşlar. Tikintini aparan şəxsi və onun qohumunu, şəxsiyyətləri sonradan onlara məlum olan X2 və Şəxs avtopatrula oturdub ərazi üzrə 23-cü polis bölməsinə təmin etmiş, raport yazmaqla barəsində tədbir görülməsini xahiş etmişlər. Şahid məhkəmə iclasında əlavə sualları cavablandırarkən bildirmişdir ki, Şəxs demişlər ki, maşına əyləş, o, əyləşməmişdir. Şəxs həmin vaxt ümumi söyüş söymüş, özünü yandırmaq məqsədi ilə üzərinə benzin tökmüş, orada çəkiliş aparmışdır. Onun çəkiliş apardığı telefonu istəmişlər, verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X4, Ş.Ə.Bayramovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol, həmin şəxsin 22 may 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinə qarşı nalayiq ifadələr işlədərək onları təhqir etməsi və qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin, baxılan işdə qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, polis əməkdaşı olan şahidlər ümumi sözlərdən ibarət olan ifadələr versələr də, sübut qismində təqdim olunan videogörüntülərlə Şəxs 22 may 2024-cü il tarixdə saat 12:05 radələrində Nizami rayonu, Ə.Nəvai küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən həmin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, xırda xuliqanlıq edərək ictimai qaydanı pozan hərəkətlərə yol verməsi ilə müşayiət olunan xətaya yol verməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalı, bundan başqa, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X8 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar