Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2631/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Horadiz şəhəri, Kommunist küçəsi ev 68-də qeydiyyatda olan, ünvan 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 22 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 22 may 2024-cü il tarixdə saat 12:05 radələrində ünvan 1 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu zaman ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məcburi köçkün kimi 30 ildir ki, Keşlə qəsəbəsi, Ə.Nəvai küçəsi ev 3/7 ünvanında dəmir vaqonda yaşayır, qızı orada ərə gedib, 5 körpə nəvəsi onunla yaşayır, qızı və oğlu onunla yaşayır. Vaqon çürüyüb baş tökülürdü. Tikinti idarəsinə getmiş, orada Tural müəllim adlı şəxsə demişlər ki, gedib baxsın, vəziyyətləri həqiqətən pisdirsə onlara təmirə köməklik edilsin. Sonra icra nümayəndəliyindən də gəlmişlər, hamı demişdir ki, buranı təmir etmək lazımdır. O, kreditə girmiş, daş almış, tikinti materialları almış, ev tikməyə başlamışdır. Sonra Tural müəllim adam göndərmişdir ki, şikayət var, tikintisini dayandırsın. Həmin şikayət edən şəxs əvvəldən ona demişdir ki, bu yeri versin, ona hörmət edəcəkdir, o isə razılaşmamışdır. Tikintini dayandırmadığına görə ora gələn polislər onu döymüşlər, demişdir ki, möhlət versinlər, evini sökməsinlər, gedib icra nümayəndəsi ilə danışsın. Lakin onu döyərək ayaqlarını yaralamışlar, qızını da döymüşlər. O, polis əməkdaşlarını söyməmiş, nalayiq ifadə işlətməmişdir. Tikinti apardığı yer ona aiddir, orada müvəqqəti qeydiyyatdadır, oraya məcburi köçkün kimi gəlmişdir. Başa düşür ki, polislərə icra hakimiyyətindən deyiblər ki, gəlsinlər, ona görə də gəliblər. O, ona görə etiraz etmişdir ki, onlar tikintiyə dəyməsinlər, tikintini özü söksün, materiallarına zərər verməsinlər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X5 izahatında göstərmişdir ki, 22 may 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində avtopatrul vasitəsilə xidmət həyata keçirmişlər. Saat 12:05 radələrində efir vasitəsi ilə verilmiş göstəriş əsasında, qanunsuz aparılan tikinti ilə bağlı Əlişir Nəvai küçəsi 3/7 ünvanına getmişlər. İcra nümayəndələri ilə birlikdə qeyd olunan ünvana yaxınlaşmışlar, tikinti aparan şəxsdən tikintiyə icazəsinin olub-olmaması soruşulmuş, bu barədə sənəd təqdim etməsi təklif edilmişdir. Lakin həmin şəxs və ətrafında olan ailə üzvləri onları nalayiq söyüşlərlə söyüb təhqir etmiş, əllərində olan benzinlə özlərini yandıracaqları ilə təhdiq etmiş, qanuni fəaliyyətlərini həyata keçirməyə mane olmuşlar. Tikintini aparan şəxsi, şəxsiyyəti sonradan onlara məlum olan Şəxs nizamintizama dəvət edib sakitləşməsini təklif etsələr də, o, sakitləşməmiş, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxsi avtopatrula oturdub ərazi üzrə 23-cü polis bölməsinə təmin etmiş, raport yazmaqla barəsində tədbir görülməsini xahiş etmişlər. Həmin vaxt tərəflərindən qanunsuz hərəkətlərə yol verilməmiş və ya fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri X3, Ş.Ə.Bayramovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmədə irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır, onun irəli sürdüyü dəlillər məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, işin icraatını istisna edən, icraata xitam verilməsinə əsas olacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs ikinci qrup əlil olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, habelə ikinci qrup əlil olması ilə əlaqədar barəsində inzibati həbsin tətbiqinin mümkün olmaması baxımından, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs baxılan işlə bağlı inzibati qaydada tutulsa da, material dərhal baxılması üçün məhkəməyə təqdim edilmişdir, ona görə inzibati cərimə növündə tənbehin həddinin qeyd olunan qaydada müəyyən edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2631/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2631/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver