Məhkəmə qərarları › İş №3(007)-2634/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2634/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2634/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhər BPİ-nin DYPİ-dən daxil olmuş 13 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 13 may 2024-cü il tarixdə saat 07:46-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Mercedes Benz 280 minik” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin mənasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi - hərəkətdə ifadə olunur və belə inzibati xətalara dair işlərə onun törədildiyi yerdə baxılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Tərtib olunan protokoldan və digər sənədlərdən görünür ki, ehtimal olunan inzibati xəta Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində törədilmişdir. Belə olan halda, materiala həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. Lakin, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 13 may 2024-cü il tarixli qərardadda materialların Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Material Sabunçu və ya Suraxanı rayonunun deyil, Nizami rayonunun məhkəməsinə göndərildiyinə görə, qeyd olunan səbəbdən, həmin məhkəmə tərəfindən materialın düzgün aidiyyətinin müəyyən edilməsi mümkün olmamışdır, ona görə ərazi üzrə məhkəmə aidiyyətinin düzgün müəyyənləşdirilərək materialın həmin yerin məhkəməsinə göndərilməsi üçün inzibati xəta haqqında protokol onu tərtib edən orqana qaytarılmalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, Şəxs inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə Nizami Rayon Məhkəməsində baxılması barədə vəsatət verməmişdir, materialda belə vəsatət mövcud deyildir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində həmçinin qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında protokol ərazi aidiyyəti üzrə məhkəmənin müəyyən olunaraq göndərilməsi məsələsinin həlli üçün onu tərtib edən orqana geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş 13 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar