Məhkəmə qərarları › İş №3(007)-2638/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2638/2020

19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2638/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ev 27, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ-dən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30-da idarə etdiyi “Ravon R4 LTZ minik” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Əhmədli istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, “Körpü” ticarət mərkəzinin qarşısında yolu soldan sağa doğru piyada keçmək istəyən Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub, ona dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində etibarnamə ilə idarə etdiyi “Ravon R4” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Q.Qarayev prospektində Əhmədli istiqamətində hərəkətdə olmuşdur. Babək prospektinə çatmamış, “Körpü” ticarət mərkəzinin qarşısında 40-50 km/saat sürətlə hərəkətdə olarkən həmin ərazidə yerləşən yeraltı piyada keçidinin yanında anidən taqqıltı səsi eşitmiş və idarə etdiyi avtomobili dərhal saxlamışdır. Avtomobildən düşüb baxdıqda bir nəfər piyadanın yolun kənarında söykənmiş vəziyyətdə dayandığını görmüşdür. Bundan sonra həmin şəxsi yanında olan öz qardaşının köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib yaxınlıqda yerləşən “Azərsutikinti” xəstəxanasına, sonra təcili tibbi yardım stansiyasının avtomobili ilə 3 saylı ŞKX-na aparmışdır. Orada o, zərərçəkmiş şəxsi aparata saldırmış, demişdir ki, onu evə aparsın, nə lazımdırsa edər. Həkim də zərərçəkmiş şəxsə bildirmişdir ki, evinə gedə bilər. Lakin zərərçəkmiş şəxs getməmiş, demişdir ki, masaj elətdirəcəkdir. Ondan 1500 manat pul və başqa xərcləri ödəməsini tələb etmişdir. Bu işdə təhqiqatçı da qərəzli olmuşdur. Hadisə zamanı o, yavaş sürətlə hərəkətdə olmuşdur. Qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə qardaşı Ülvi ilə birlikdə Q.Qarayev prospektini “Kontakt Home” mağazası səmtindən qarşı səmtə piyada keçməyə başlamışlar. Prospektin Q.Qarayev istiqamətli hərəkət hissəsini tam keçib başa çatdıqdan sonra həmin prospektin Əhmədli istiqamətli hərəkət hissəsinə iti addımlarla daxil olduqdan sonra eyni istiqamətdə təxminən 40-50 km/saat sürətlə hərəkət edən **-PE-*** dövlət qeydiyyat nişanlı “Ravon” markalı taksi avtomobili onu vurmuşdur. Hadisə zamanı o, baş, boyun, sifət və diz nahiyyələrindən xəsarət almışdır. Təcili tibbi yardım avtomobili onu 3 saylı ŞKX-na aparmışdır. Şəxs onu xəstəxanaya öz avtomobili ilə aparmamış, onun müalicəsi üçün zəruri olan məsələləri həll etməmiş, ödəniş etməmiş, xəstəxanadan tez çıxıb polisə getmişdir. Şəxs guya onun müalicə xərclərini ödəməsi ilə bağlı hamıya yalandan bildirmişdir. Tibbi sənədlərini məhkəməyə təqdim etmişdir, səhhətində problemlər yaranmışdır, əməliyyat və ciddi müalicələrə ehtiyacı vardır. Lakin Şəxs bu ödənişləri etməkdən yayınır. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxxxxx 2020-ci il tarixli 769 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-hərəkət məhdudluğu ilə müşayiət olunan boyun nahiyəsinin əzələ bağ aparatının gərilməsi, sağ gicgahın, alnın, burnun, sağ yanağın, sağ saidin yuxarı 1/3-nin arxa, sağ və sol əlin arxa, sol dizin ön səthlərinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 8/1781 nömrəli rəyindən görünür ki, Ravon R4 markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, HK1-368 nömrəli araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ DPYŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında izahatında göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək, toplanmış sübutlarla təkzib olunduğundan, nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar