Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2645/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndələri X3 və X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən X5 12 yanvar 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixinədək hüquqi ünvan üzrə ünvan 16) qeydiyyatda olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Müfəttişliyinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satış təmsilçisi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 digər nümayəndənin dəlillərini müdafiə etmiç, əlavə olaraq göstərmişdir ki, Şəxs MMC tərəfindən müvafiq şəxslər təlimlərə cəlb edilsələr belə, bu şəxslər evdən çıxıb işə gediblər, onlar müqavilə bağlanıbdır, onda niyə müqavilə bağlayıblar, elə idisə müqavilə bağlamazdılar. Əgər, müqaviləni bağlayıblarsa, bu müqaviləni sistemə yükləməli idilər. İnzibati xəta haqqında protokolu müdafiə edirlər. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, şikayətçi Şahid onunla görüşü olmamışdır. Onlarda satış üçün qruplar yığılmışdır. Onlardan soruşmuşlar ki, əmək müqavilələri nə vaxt bağlanacaqdır. Təsisciləri xaricidir. Layihələr hələ ki, tam hazırlanmamışdır. Onlar Azərbaycanda bu fəaliyyətlə məşğul ola bilib-bilmələrinə baxmışlar. Sonra bəzi problemlərlə qarşılaşmışlar və hələ ki, fəaliyyətə başlamamışlar. Təlimlərə cəlb olunmuş şəxlsərin ümidləri qırılmış, özlərini haqsızlığa uğramış kimi hiss etmişlər, ona görə də aqressiv yanaşıb Əmək Müfəttişliyinə şikayət etmişlər. Müəssisənin VÖEN-i və işçiləri, yəni mühasib, proqramçı və köməkçi vardır. Amma iş fəaliyyəti göstərməmişlər. Şahid ilə müqavilə bağlansa da, o, faktiki olaraq hər hansı işə cəlb olunmamışdır. Şəxs MMC tərəfindən inzibati xəta törədilmədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, 2023-cü ildə Şəxs MMC-yə satış rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Onlar planlamanı qurmuşlar, lakin hələ işə başlamamışlar. Memar Marat bəy layihəni hazırlamışdır. Şirkəti yaradan Peter Rada onu çağırmışdır ki, belə bir iş qurmaq istəyir, komanda qurmaq lazımdır. O, Peterə demişdir ki, satışı sıfırdan onlara öyrədə bilər. Təcrübəsizləri götürmüş, maaşı da qərarlaşdırmışlar. Onlara təlim keçmişdir. Təlim 2-3 ay davam etməli olmuş, satışla bağlı məsələləri öyrətməli olmuşdur. Normalda həmin təlim proqramları 2000 manat məbləğindədir. O, təcrübə keçənlərə hamısını öyrətmişdir. Şahid müraciət etmiş, sonra orada qarışıqlıq olmuşdur. Onlar sosial şəbəkədə elan vermişlər, orada hansı işlərin olması barədə yazmışlar. Özləri əmək haqqı almışlar, əmək haqqını onlara Peter Rada vermişdir, özü hər ay 800 manat əmək haqqı almışdır. Şirkət faktiki olaraq fəaliyyət göstərməmiş, gəlir əldə etməmişdir. Şahid işçi kimi səhər saat 9-dan axşam saat 18-dək işə gəlməmiş, ancaq təcrübə keçmişdir. Təlim bitdikdən sonra onlar sistemə salınacaqdılar. İşçilərə də bu barədə məlumat verilmişdi. Şahid investorlara telefonla zəng vuracaqdı, sonra görüş təyin edəcəkdi, ondan sonra layihəni aparıb göstərəcəkdi. Özü şirkətdə 9 ay işləmişdir. Şahid layihə təqdim edib-etmədiyini bilmir. O, hamıya bir-bir izah edə bilməzdi, qrup olaraq onlara demişdi ki, özləri də yenidirlər, bu sahə də yenidir burada, çalışacaqlar alınsın. Təlimə gələnlər də razılaşmışlar, heç nə deməmişlər. Həmin şəxsləri işə götürmək niyyətləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, o, işə düzəlmək adı ilə Şəxs MMC-yə getmişdir. Ofis işi olduğunu, əmək haqqını kartla alacaqlarını demişlər. Sonra orada demişlər ki, iş ofis işi deyildir, investor tapmalıdırlar. Evə gedib dəqiqləşdirdikdən sonra müqavilə bağlamışdır. Müqaviləni 12 yanvarda imzalamışdır. Daha sonra demişlər ki, 1-ci gündən gəlin işə başlayın. O da ora gedəndə onun yaş qrupundan insanlar olmuşdur. Peter Rada gəldikdən sonra onunla tanış olmuşlar. Nəzər adlı təlimçi onlara təlim keçmişdir, investor nədir, necə iş qura bilərlər. Həmin vaxtlar iş görməmiş, təlimlərə getmiş, dinləmişdir. Nəzər danışmış, onlar dinləmişlər. Təlimlər təxmini olaraq 1 ay davam etmişdir. Həftədə elə günlər olmuşdur ki, çağırmamışlar, şirkətə getməmişlər. Müqavilə bir tərəfli imzalanmışdır. Belə ki, o, müqaviləni 15 yanvar 2024-cü il tarixdə imzalamış, Peter fevral ayında gələndən sonra onlar müqavilələrini vermişlər və Peter müqavilələrini imzalamışdır. Onlar sonra Şəhlaya yaxınlaşıb demişlər ki, 1 aydır buradadırlar, əmək haqqı verirsinizmi? Şəhla demişdir ki, nə vaxt investor gətirsələr, onda onlara maaş veriləcəkdir. O da narazılığını bildirmiş, demişdir ki, “bunu başdan deyərdiniz, bir aydır ayaq döyürük, bilsəydik ki, maaş almayacayıq, işə gəlməzdik, bizim vaxtımız getdi”. Sonra uşaqlarla danışmışlar, daha şirkətə getməmək qərarına gəlmişlər. O, dayısı oğluna bu barədə bildirmiş, o da demişdir ki, “işə getmisənsə, sənə maaş düşür”. Ona görə Əmək Müfəttişliyinə məlumat vermiş, araşdırılacağını demişlər. Şirkətin 20000 manat cərimə olunması onun nəyinə lazımdır, sadəcə olaraq onlarla danışmışdılar ki, maaş ödəniləcək və müqavilə bağlamışdılar və bunun sistemə yerləşdiriləcəyini demişdilər. Ona görə Əmək Müfəttişliyinə zəng vurmuşdur ki, belə halda onlara maaş düşür, yoxsa yox. Əgər, müqavilə sistemə yerləşdirilməyəcəkdisə, belə çıxır ki, həmin müqavilə ilə onların başlarını aldatmışlar. Şirkətdə olduğu müddətdə o, təlimlərə gedib-gəlmiş, lakin müştəri tapmamış, iş görməmişdir. Amma onunla müqavilə bağlanıb, müqavilədə də əmək haqqı yazılıb. O, 12 yanvar 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək Şəxs MMC-yə gedib-gəlmişdir. Onlara demişlər ki, nə vaxt investor gətirsələr onda maaş verilər, bundan sonra orada o da daxil, heç kim qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Bakı DOST Mərkəzində 142 Çağrı mərkəzi vasitəsi ilə 11 mart 2024-cü il tarixdə qeydə alınmış müraciətdən və 24 fevral 2024-cü il tarixli elektron ərizədən görünür ki, Şahid Şəxs MMC-də onunla 1 aylıq əmək müqaviləsi bağlandığı, təlimlərə qoşularaq işə başladığı, lakin ona əmək haqqı verilmədiyi barədə müraciət etmiş, müvafiq tədbir görülməsini xahiş etmişdir; -Şəxs MMC (direktor Peter Rada) ilə Şahid arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, o, 12 yanvar 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək MMC-də “satış təmsilçisi” vəzifəsinə işə qəbul eidlmişdir, işçi 12 yanvar 2024-cü il tarixdən işə başlayır, həftəlik 20 saatlıq iş üzrə gross 378,29 manat əmək haqqı müəyyən edilir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər idarəsinin 13 mart 2024-cü il tarixli 3-17-5/2-14365/2024 nömrəli məktubundan görünür ki, vətəndaş Şahid əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırılması üçün həmin müraciətə aydınlıq gətirilməsi və zəruri sənədlərin təqdim olunması Şəxs MMC-dən xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Şahid 12 yanvar 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən satış təmsilçisi kimi işə (xidmətə) cəlb olunmuş, lakin həmin əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmişdir. Bu fakt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma, eləcə də məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Hüquqi şəxsi təmsil edən şəxslər Şəxs MMC-nin faktiki olaraq fəaliyyət göstərmədiyi, MMC-nin hər hansı gəlir əldə etmədiyi, Şahid yalnız təlimlərə cəlb olunduğu və s. barədə dəlillər irəli sürsələr də, müəyyən olunmuşdur ki, MMC ilə şikayətçi arasında hüquq, əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi bağlanmış, işçiyə veriləcək aylıq əmək haqqının məbləği də müəyyən edilmişdir. MMC-də direktor, satış rəhbəri, mühasib və digər vəzifələr üzrə işçilər fəaliyyət göstərmiş, onlara əmək haqqı aylıq olaraq ödənilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Baxılan işə münasibətdə məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Əmək münasibətlərinin yaranması əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar yaranmış münasibətlər, işçi ilə əmək müqaviləsi bağlansa da, müqavilənin elektron informasiya sisteminə daxil edilmədən işə cəlb edilməsi və bu müddət üçün ona əmək haqqının ödənilməməsi, artıq həmin tələblərin pozulması deməkdir ki, bunun üçün də məsuliyyətin müvafiq növləri müəyyən edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslərin irəli sürdükləri dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, hansı ki, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Belə ki, məhkəmə bir daha xatırladır ki, vətəndaş Şahid Şəxs MMC-yə satış təmsilçisi vəzifəsində işə qəbul olunaraq işləməsi, lakin onunla bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilməməsi işin mübahisəsiz halıdır, bu hal, məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin hüquqi şəxsi (müvafiq vəzifəli şəxslərinə münasibətdə) qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2645/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2645/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver