Məhkəmə qərarları › İş №3(007)-2646/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2646/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2646/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin İdarə Heyətinin sədri X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-2512/2024 saylı məktubu ilə tələb edilən sənədləri (emitentin illik hesabatını – idarəetmə hesabatı, maliyyə hesabatı və onun yoxlanılmasına dair kənar auditor rəyini) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin İdarə Heyətinin sədri X3 məhkəməyə ərizə göndərərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğundan ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə protokol tərtib olunmuş və qərar qəbul edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Protokola əsasən, müəssisə Mərkəzi Bankın tələb etdiyi məlumatları məktubda göstərilən müddətdə Mərkəzi Banka təqdim etməmiş və buna görə də inzibati xəta hadisəsi baş vermişdir. Halbuki qeyd olunmalıdır ki, Mərkəzi Bank tərəfindən müəssisəyə 06 aprel 2024-cü il tarixli məktub ünvanlanmış və həmin məktub müəssisəyə xx.xx.2024-cü il tarixində çatdırılmışdır. Buna əsasən, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab verilmiş və tələb olunan sənədlər Mərkəzi Banka təqdim edilmişdir. Lakin xx.xx.2024-cü il tarixində xidməti məktubla müəssisənin yalnız maliyyə hesabatı və müstəqil auditor rəyini təqdim etdiyi qeyd olunmuşdur. Qeyd olunan sənədlər Mərkəzi Bank tərəfindən məhkəməyə təqdim edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində yenidən Mərkəzi Banka müraciət olunmuş, 2022-ci ilə dair idarəetmə və maliyyə hesabatı, eləcə də auditor rəyi təqdim edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi inzibati xətanın tərkib hissəsi kimi müddət nəzərdə tutulmamışdır. Ümumiyyətlə qanunvericilikdə bu hesabatların Mərkəzi Banka təqdim edilməsi üçün hər hansı müddət müəyyən edilməmişdir. Mərkəzi Bank göndərdiyi xx.xx.2024-cü il tarixli məktubda Mülki Məcəllənin 107-1.2 və 107-1.3-cü maddələrinə istinad etsə də, həmin maddələr səhmdarların ümumi yığıncağının çağırılmasına dairdir və bu inzibati xəta ilə hər hansı əlaqəsi yoxdur. Eyni zamanda, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75.5-ci maddəsinə əsasən, “İllik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir.” Həmin Qanunun 75.12-ci maddəsinə əsasən, “Emitentin maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilərək auditor rəyi ilə təsdiq edilir, idarəetmə hesabatına dair tələbləri isə Mərkəzi Bank müəyyən edir.” Göründüyü kimi qanunvericilikdə hətta müəssisə hesabatları düzgün formada təqdim etmədiyi təqdirdə belə, birbaşa protokol tərtib edilməsi deyil, Mərkəzi Bankın müəssisədən bu barədə yazılı tələb etməsini müəyyən etmişdir. Hazırda isə Mərkəzi Bank müəssisədən çatışmazlıqların aradan qaldırılmasını yazılı tələb etməmiş, birbaşa protokol tərtib etmişdir. Bu isə qanunvericiliyin müəyyən etdiyi tələblərə ziddir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində tələb olunan bütün hesabatlar Mərkəzi Banka qanunvericiliyin tələb etdiyi formaya uyğun təqdim edildiyi üçün artıq inzibati xəta tərkibi mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ümumiyyətlə hesabatların təqdim edilməməsi və ya təhrif olunmuş şəkildə təqdim edilməsi halında məsuliyyəti müəyyən edir. Bu maddədə tələb olunan məlumatların müvafiq müddət ərzində təqdim edilməsi tərkib elementi kimi nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında Şəxs ASC-nin İdarə Heyətinin sədri X3 təqdim etdiyi ərizəyə uyğun izahat verərək, Şəxs ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış 6-1-26/2-2512/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs ASC-yə 2022-ci ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Şəxs ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 07 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2022-ci ilin maliyyə hesabatları və müstəqil auditor rəyi “Region Media” qəzetinin 18-31 may 2023-cü il tarixli, 01(126)-cı sayında dərc edilmiş, həmin sənədlərin surəti və dərc edildiyi qəzetin bir nüsxəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. - Sürətli poçt xidmətinə aid ******* nömrəli qaimədən görünür ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktub xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. - Şəxs ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 11 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, emitentin 2022 il üçün idarəetmə hesabatı – 2 vərəqədə, emitentin 2023 il üçün idarəetmə hesabatı – 2 vərəqədə, xx/xx/2022-ci il tarixə maliyyə hesabatları və auditorun rəyi – 10 vərəqədə, xx/xx/2023-cü il tarixə maliyyə hesabatları və auditorun rəyi – 11 vərəqədə sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir. - xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə “İsmiyeva” soyadlı əməkdaş tərəfindən təhvil alınmışdır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC tərəfindən tələb olunan sənədlərin surəti Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir. Belə olan halda hüquqi şəxsin inzibati qaydada tənbeh edilməsi üçün əsaslar qalmamışdır, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar