Məhkəmə qərarları › İş №3(007)-2651/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2651/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2651/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi E.B.Çələbiyev tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli, EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi E.B.Çələbiyev tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli, EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətində baş mühasib vəzifəsində işləyir. 16 oktyabr 2021-ci il tarixdə "xxxx" ASC-də işdə olmuşdur. İşdə olan zaman saat təxminən 11-12 radələrində iş otağında çay içərkən Nizami RPİ-nin 23-cü Polis Bölməsinin sahə inspektoru kimi özünü təqdim edən polis əməkdaşı qəfildən otağa daxil olmuşdur. Polis inspektorunun otağa qəfil daxil olmasının səbəbini soruşduqda o, son zamanlar COVİD-19 infeksiyasının yayılması ilə bağlı ərazidə reydlər keçirdiklərini bildirmişdir. Polis inspektoru müəssisəyə daxil olarkən otağında çay içdiyini gördüyü üçün heç bir söz demədən, ad və soyadını soruşduqdan sonra otağı tərk etmişdir. Daha sonra bayırda olan digər polis işçisinə onun adını qeyd edib ona inzibati cərimə yazmasını tapşırmışdır. O, otaqda tək olduğunu, çay içdiyini və otağın xidmət sahəsi deyil inzibati otaq olduğunu bildirsə də heç bir söz deməmişdir. Daha sonra o, protokolun surətini tələb etmiş və məhkəməyə şikayət edəcəyini bildirmişdir. Polis işçiləri ona telefona mesaj gələcəyini bildirmişlər. Bir daha sənəd tələb edib şikayət verəcəyini bildirsə də əllərini saymazyana şəkildə yelləyib getmişlər. Sonradan “asanpay.az” saytında əməliyyat aparmaq üçün şəxsi kabinetinə daxil olduqda ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüşdür. Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli qərarı ilə 2021-ci il 01 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06:00-dan 00:00dək yerində xidmət göstərilməsinə icazə verilmişdir. Göründüyü kimi Nazirlər Kabineti əhalinin ehtiyaclarını, eləcə də virusun azalma tempini nəzərə alaraq kafe və restoranlarda yerində xidmət göstərilməsini bərpa etmiş və bu gün restoranlarda tibbi maskadan istifadə edilmədən vətəndaşlara xidmət göstərilir. Eləcə də televiziya kanallarında yayımlanan verilişlərə baxdıqda çağırılan qonaqların tibbi maskadan istifadə etməmələri aydın şəkildə görülməkdədir. Bundan əlavə Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Nazirlər Kabinetinin 20 may 2020-ci il tarixli qərarının 1.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. O, müəssisədə iş otağında tək olduğu zaman çay içmiş və işlədiyi otaq xidmət sahəsi deyil, inzibati otaq olduğu üçün, barəsində tətbiq edilmiş inzibati cərimə tam əsassız olduğundan ləğv edilməlidir. O da bir insandır və robot deyil. Onun da çay və yemək kimi ehtiyaclarını qarşılamaq zərurəti vardır. Ərizəyə əlavə etdiyi '‘my.gov.az” saytından çap edərək çıxardığı protokol və qərardan məlumatsız olduğundan, protokola öz qeydlərini vermək imkanı olmamışdır. Göründüyü kimi polis əməkdaşı müəssisəyə daxil olan zaman çay fasiləsində olmuş və tibbi maska yazı stolunun üzərində olmuşdur. Son zamanlarda sosial şəbəkələrdə yayılan videolardan da göründüyü kimi polis əməkdaşları qanunun tələblərini təmin etmək əvəzinə, maska taxılması zərurətindən insanları qanunsuz şəkildə cərimə olunması istiqamətində istifadə etməklə cəmiyyətdə dövlətə qarşı narazılıq yaratmaq məqsədləri güdürlər. Halbuki ictimai asayişin qoruyucusu olan polisin əsas məqsədi insanları cərimə tətbiq etməklə, qorxutmaqla maska taxmağa məcbur etmək olmamalı, insanları koronavirusun təhlükəsi barədə maarifləndirməklə maska taxmağa təşviq etmək olmalıdır. Polis əməkdaşının əməllərinə o halda bəraət qazandırmaq olardı ki, polis əməkdaşı müəssisəyə daxil olan zaman otaqda ondan başqa bir işçi və digər şəxs olsun və həmin şəxsə məsləhət verərkən qoruyucu tibbi maskadan istifadə etməsin. Halbuki, yuxarıda da qeyd etdiyi kimi polis daxil olan zaman otaqda təkcə o, olmuş və çay içərkən bu qanunsuz protokol tərtib olunmaqla inzibati qaydada cərimə olunmağı barədə ona heç bir sənəd təqdim etməmişdir. İnzibati xəta haqqında protokolun və inzibati məsuliyyətə cəlb etmə barədə qərarın surəti ona təqdim olunmamışdır. “ASAN Pay” vasitəsilə protokol üzrə qərarın çıxarıldığını öyrənmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi E.B.Çələbiyev tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli, EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, 16.10.2021-ci il tarixdə saat 12:40 radələrində təzə təyin edilmiş sahə inspektoru, polis baş leytenantı Şayıq Kərimovla birlikdə qapalı məkanlarda reyd keçirtmişlər. Reyd zamanı "xxxx" ASC-yə məxsus obyektə daxil olmuşlar, o, depoya daxil olmuş, Şayıq isə otağa daxil olmuşdur. Reyd zamanı X2 qapalı məkanda tibbi maskadan istifadə etmədiyi müəyyən edilmişdir. İnzibati xəta aşkar edilən zaman Müqabil Məmmədov şikayət ərizəsində göstərdiyi kimi çay fasiləsində olmamış, qarşısında çay, stəkan olmamışdır. X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin rəisi E.B.Çələbiyev tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli, EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin rəisi E.B.Çələbiyev tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli, EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi E.B.Çələbiyev tərəfindən qəbul edilmiş 17.10.2021-ci il tarixli, EPQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar