Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2652/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Lənkəran rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 88, mənzil 48-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 18 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, Zərərçəkmiş şəxs övladı 28 mart 2019-cu il təvəllüdlü X3 ilə ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, 2 və ya daha çox davam edən bayram günlərində isə ikinci bayram günü saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq hüququ verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(007)-1357/2021 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq yayınmış, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun himayəsində olan uşaqla keçmiş həyat yoldaşının ünsiyyətdə olması ilə bağlı icra sənədi üzrə bir neçə dəfə görüş keçirilmişdir, bəzi vaxtlar uşaq, bəzi vaxtlar özü xəstələndiklərinə, bir müddət isə pandemiyaya görə ünsiyyətin təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda baş tutmuş görüşlər zamanı tələbkar uşağa təzyiq göstərmişdir. Uşaq atasını normal şəkildə tanımır, onu görəndə qışqırır. O, icra sənədinin icrasına maneçilik törətmir, icra sənədinin icrasından yayınmır, qərəzlilik etmir, sadəcə olaraq uşaq psixoloji dəstək alır, ona görə ünsiyyət hüququnun təmin edilməsi mümkün olmur. Qeyd olunanları nəzərə alaraq, işin icraataına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Şəxs 01 aprel 2022-ci il tarixdə verilmiş 12 avqust 2021-ci il tarixli icra sənədinin icrasını qəsdən təmin etmir. Borclunun göstərdiklərinin əsası yoxdur, indiyədək onun uşaqla ünsiyyəti üçün görüşün keçirilməsi təmin edilməmişdir, uşağın heç bir xəstəliyi, o cümlədən psixoloji xəstəliyi yoxdur, tam sağlamdır, uşaq da onunla görüşmək istəyir. Borclunun məcburi gətirilməsi barədə qərar da çıxarılmışdır. Lakin o, uşağı görüşdən yayındıraraq icra sənədini qəsdən icra etmir. 2021-ci ilin sentyabr ayından o, uşağını görə bilmir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir, işin icraatını istisna edən, icraata xitam verilməsinə əsas olacaq hallar müəyyən edilməmişdir. Sözügedən maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, onun himayəsində olan uşaqla keçmiş həyat yoldaşı olan tələbkarın görüşərək ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, qətnamə əsasında verilmiş icra sənədi icra şöbəsinin icraatındadır və icrası təmin edilməlidir. Sözügedən mübahisə üzrə tələb, yəni uşaqla ünsiyyət hüququ, davam edən münasibətlərə aid olduğundan uşağın anası olan borclu Şəxs hazırda irəli sürdüyü dəlillərə əsaslanmaqla və müvafiq sübutlarını təqdim etməklə uşaqla ünsiyyət vaxtının, qaydasının dəyişdirilməsi ilə bağlı məsələni mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilər. Lakin onun hazırkı halda icra sənədinin icrasını yuxarıda göstərildiyi qaydada təmin etməməsi borclunun icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq yayınması, icra sənədinin icrasını təmin etməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur, inzibati xəta törətmiş şəxsin müdafiəçisi müqavilə əsasında işdə iştirak etdiyindən onun göstərdiyi hüquqi yardıma görə əmək haqqı ödənilməsi məsələsi müzakirə edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2652/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2652/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver