Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2652/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCnin direktoru X3 və MMC-nin nümayəndəsi- “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən vətəndaş Şahid1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, Şahid2 isə 2024cü ilin mart ayından 2024-cü ilin aprel ayının sonuna qədər Bakı şəhəri, Nizami rayonu, Bakı Biznes Mərkəzində yerləşən "xxxx" MMC-də qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olmuşdur. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfəttişi X2 tərəfindən "xxxx" MMC-nin barəsində xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Şahid1 və Şahid2 tərəfindən X6 Xidmətinə şikayət ünvanlanmış və araşdırma nəticəsində "xxxx" MMC tərəfindən Şahid1 və Şahid2 qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olmuşdur. Bu təqdim edilmiş mesajlar və şahid ifadələri ilə də təsdiq olunmuşdur. Məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, iki şəxsin şikayəti üzrə araşdırılma aparılmış, barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən, araşdırılmaya dəvət edilmədən birtərəfli qaydada saxta izahat və sənədlər əsasında protokol tərtib edilmişdir. Təqdim edilən yazışmalar hər biri saxtadır və həqiqəti əks etdirmir. Hüquqi şəxsin direktoru ilə adları qeyd edilən şəxslər arasında heç bir yazışma olmamış, həmin şəxslər ümumiyyətlə əmək fəaliyyətinə cəlb edilməmişlər. "xxxx" MMC-nin barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində inzibati xəta haqqında iş olmasından məlumatları olmamışlar. Məhkəmə 1 həftə ərzində qərar qəbul etmişdir. Şahid3 şirkətin işçisi olmuşdur, onun rəsmi əmək müqaviləsi olmuş, fevral ayında qanuna müvafiq şəkildə işdən azad edilmişdir. İşdən azad olandan sonra şirkət barəsində şikayət vermiş, xanımlara da şikayət vermələrini öyrətmişdir. Bir neçə gün əvvəl rəhbərliyə zəng edərək borclarını bağlamaq şərtilə şikayətini geri götürəcəyini bildirmişdir. Təqdim edilən mesajlardan heç nə məlum olmur. Məhkəmədən "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X5 izahat verərək bildirmişdir ki, Şahid1 onun işçisi olmamış, çap işlərini aparan Eminin işçisi olmuşdur. MMC neçə ildir ki, fəaliyyət göstərir, amma indiyədək belə problem yaşamamışlar. Şahid1 ilə heç bir ünsiyyəti olmamışdır. Amma Gülşən adında işçisi olmuşdur. Şahid4 isə onun müavini olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahat verərək bildirmişdir ki, Şahid1 Emin bəyin yanında bir dəfə görmüşdür. Emini Calalın dostu kimi tanıyır. Emin şirkətdə çap işlərinə, broşurlara kömək etmişdir. Simarə və Sənurəni isə tanımır. Çünki ofisdə öz otağında olur. Onun əmək fəaliyyətində işlə bağlı çoxlu “Whatsapp” qrupları var. O, həmin qrupda olanda məlumatlar ora göndərilmişdir. Şahid1 orada işçi kimi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahat verərək bildirmişdir ki, o, "xxxx" MMC-nin işçisi deyil, heç vaxt da oranın işçisi olmamışdır. Calal onun dostudur. O, Calalın ofisində öz dizayn və çap işləri ilə məşğul olmuşdur. O, Pərvanəyə satış texnikasından dərs keçmişdir. O, Pərvanəni sentyabrda tanımış və şirkətə dəvət etmiş, oktyabrda iş danışmışlar. Onunla görüşdükdə 1 ay sınaq müddəti ilə aylıq 800 manat əmək haqqına razılaşmışlar. Əmək müqaviləsi sınaq müddəti keçdikdən sonra sistemə yüklənəcəkdi. Lakin Pərvanə bir aylıq sınaq müddətini keçə bilmədiyi üçün onu uzaqlaşdırmışlar. Calal bəydən niyə şikayət etdiyini bilmir, yəqin ki ofis Calalın olduğuna görə ondan şikayət etmişdir. Pərvanə biraz işlədiyi üçün dəstək məqsədilə kart vasitəsilə 150 manat göndərilmişdir. 150 manatdan əlavə ona pul göndərilməmişdir. O, qrupda Pərvanəyə bölgəyə gedərək broşurları həkimlərə paylaması üçün yazmışdır. Pərvanə broşurları həkimlərə, bəzən də özünə yaxın olan apteklərə paylamışdır. O, dostunun ofisinə gedib özü üçün işləmişdir, eyni şeyi kafedə, öz şəxsi avtomobilində də edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, Şahid1 və Şahid2 tərəfindən X6 Xidmətinə şikayət ünvanlanmış və mesajlar təqdim edilmişdir. Müraciət əsasında araşdırılma aparılmış və araşdırma nəticəsində "xxxx" MMC tərəfindən Şahid1 və Şahid2 qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olmuşdur. Məhkəmənin 29 iyul 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, o, "xxxx" MMC tərəfindən aldadılaraq 1 aya yaxın işlədilmişdir və heç bir ödəniş etmədən onu işdən uzaqlaşdırmışlar. O da X6 Xidmətinə və polisə şikayət etmişdir. Polisə şikayət etdikdən sonra ona cəmi 150 manat ödənilmişdir. Sadəcə onu yox, başqa şəxsləri də aldatmışlar. O, xəstəxanada dərmanları reklam etmişdir. Calal ona həkimlərə verməsi üçün pul vermiş, həkimlər də həmin pulun müqabilində pasiyentlərə dərmanlar yazmışdır. Onu işə şirkətin nümayəndəsi Emin götürmüşdür, Calal isə onun müdiri olmuşdur. O şirkətə ilk dəfə rəfiqəsi ilə birlikdə getmişdir. Ödənişin məbləğin Eminlə danışmışdır, ona 850 manat maaş verməli idilər. Amma ayın sonu çatdıqda pulu verməmişlər, onu işdən çıxarmışlar. Telefonunda bununla bağlı şəkillər var. Onların rəsmi əmək müqaviləsi olmamışdır. Onlara 3 ay sonra əmək müqaviləsi bağlanacağını demişlər. Sənurə adlı şəxs də həmin şirkətdə işləmişdir. Şahid2 isə tanımır. Məhkəmənin 29 iyul 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid3 izahat verərək bildirmişdir ki, o həmin şirkətdə işləmişdir, onu şirkətə Calal çağırmışdır. Emin şirkətin çap işlərinə baxmışdır, Calalı isə şirkətin rəhbəri kimi tanımışdır. O nə işə qəbul olanda, nə də işdən çıxanda ərizə yazmışdır. O, şirkətdən maaş kartı almamışdır. Aprel ayında işə qəbul olmuş, fevral ayında işdən çıxmışdır. İşdən çıxarılana qədər 2000 manata yaxın əmək haqqı almışdır. İşdən çıxarıldıqdan sonra X6 Xidmətinə özü ilə bağlı şikayət etmişdir ki, xəbərdarlıq olmadan işdən çıxarılmış, maaşı karta köçürülməmiş, ümumiyyətlə onun adına kart hesabı açılmamışdır. Pərvanə xanımı şirkətdə görmüşdür, o da həmin şirkətin işçisi olmuşdur, Simarəni isə tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "Whatsapp" yazışmalarından, həmçinin şahid ifadələrindən müəyyən edilir ki, Şahid1 və Şahid2 "xxxx" MMC-də qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən Şahid1 və Şahid2 ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Haciyeva
Məhkəmə qərarları › İş №3(007)-2652/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2652/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver